SOSİUM

DİM: 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri imtahanda uğur qazanıb
25 APREL
268

DİM: 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri imtahanda uğur qazanıb

2018-04-25 09:59:00

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına keçirilən imahanda iştirak etmiş namizədlərin yaş kateqoriyası və gender aspektləri haqqında bəzi statistik məlumatları açıqlayıb.

DİM-in mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfərini kişilər, 634 nəfərini isə qadınlar təşkil edib. 

Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib.

Ümumilikdə imtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20‑24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib.

25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib.

Məlumata görə, imtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici fevralın 18-də keçirilən imtahanda da eyni olub: "Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir.

35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir".

Bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib. Bu fevralın 18-də keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir: "İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259