SOSİUM

“Bakı Metropoliteni” QSC ilə Macarıstanın Bakıdakı səfirliyi birgə sosial layihə həyata keçirib
15 MART
238

“Bakı Metropoliteni” QSC ilə Macarıstanın Bakıdakı səfirliyi birgə sosial layihə həyata keçirib

2018-03-15 18:22:00

“Bakı Metropoliteni” QSC ilə Macarıstanın Bakıdakı səfirliyi birgə sosial layihə həyata keçirib. Martın 15-i Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı və “Bakı Metropoliteni” QSC-nin dəstəyi ilə “Macar şairi Şandor Petöfinin əsərləri” adlı sərginin təqdimatı keçirilib. Təqdimatda Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət təhlükəsizlik siyasəti və beynəlxalq əlaqələr üzrə katibi İştvan Mikola, Macarıstanın Bakıdakı səfiri Viktor Szederkenyi və “Bakı Metropoliteni” QSC-nin insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev, xidmət şöbəsinin rəisi Lalə Babayeva və digər əməkdaşlar iştirak ediblər.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Sərginin təşkil olunmasının əsas məqsədi Bakı metropolitenindən istifadə edən sərnişinlərə Macarıstan tarixinin və şairin həyatının həlledici dövrünü təqdim etməkdir.

Bakı metropoliteninin “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyasının vestibülündə təşkil olunan təqdimat mərasimində Tərlan Dadaşov Azərbaycan ilə Macarıstan arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu, humanitar və mədəniyyət sahələrində də əməkdaşlığın uğurla davam etdiyini bildirib. Bugünkü tədbirin təşkil olunmasında əsas məqsədin xalqlarımızın bir-birini daha da yaxşı tanıması və dostluq əlaqələrinin inkişafına töhfə vermək olduğunu bildirib.

Daha sonra İştvan Mikola macar xalqının 1848-1849-cu illərin inqilab və azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə inqilab və azadlıq şairi Şandor Petöfinin poeziyasının nümunələrindən ibarət sərginin təşkili və birgə əməkdaşlığa görə “Bakı Metropoliteni” QSC-yə minnətdarlığını bildirib.

O, qeyd edib ki, Azərbaycan və Macarıstan strateji tərəfdaş və yaxın dostlardır. İkitərəfli münasibətlərin bütün sahələrində, o cümlədən mədəni və təhsil sahəsində əməkdaşlıq daima inkişaf edir. Bu əməkdaşlığın bir nümunəsidir ki, bu gün Bakı metropolitenində 1848-1849-cu illərdə Macarıstanda baş vermiş inqilab və macar xalqının azadlıq mübarizəsinin 170-ci ildönümü münasibətilə Şandor Petöfinin ədəbi yaradıcılığı nümayiş olunur.

İ.Mikolanın sözlərinə görə, Şandor Petöfi 170 il əvvəl, 1848-ci il martın 15-də başlamış inqilabın liderlərindən biri olub. O, azadlıq uğrunda mübarizə apararaq döyüş meydanında həlak olub. İnqilab şairinin həyat və yaradıcılığının müxtəlif məhsuldar dövrlərini və onun azadlıq arzularını əks etdirən seçilmiş 12 əsərinin Azərbaycan dilinə tərcümə edilərək sərgidə yer aldığını diqqətə çatdırıb. O, təqdim olunan şeirlər vasitəsilə azadlığın dəyərini təmsil etməyə çalışdıqlarını, azadlığın bir məsuliyyət olduğunu, azadlığı qorumaq və gücləndirmək üçün hər bir vətəndaşın öz sahəsində əlindən gələni əsirgəməməsini vətənpərvərliyə bəhrə verəcəyini deyib.

Yekunda macarlar və bütün xalqların milli müstəqillik, azadlıq və suverenlik hüququna malik olmağa haqqı olduğunu və bugünkü mövzunun Macarıstan və Azərbaycan üçün aktual məsələlərdən biri olduğunu vurğulayan çıxışçı metro istifadəçilərini sərgiyə tamaşa etməyə dəvət edib.

Qeyd edək ki, sərnişinlər “Memar Əcəmi” (Bənövşəyi xətt) stansiyasının vestibülündə təqdimatı keçirilən sərgiyə gün ərzində tamaşa edə bilərlər. Bundan başqa, Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət edən 3 qatarın vaqonlarında da Şandor Petöfi poeziyasından iki nümunə 2 həftə ərzində nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268