SOSİUM

Məleykə Abbaszadə: “Qanunvericilikdə dəyişiklik olmasa, ciddi maddi çətinliklərlə qarşılaşacağıq”
05 MART
469

Məleykə Abbaszadə: “Qanunvericilikdə dəyişiklik olmasa, ciddi maddi çətinliklərlə qarşılaşacağıq”

2018-03-05 21:49:00

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında dövlət qulluğu ilə əlaqədar görülmüş işlər müzakirə olunub.

DİM-in mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, iclasda qeyd olunub ki, indiyə qədər ümumilikdə 1488, inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib.

11 yanvar 2018-ci ildə 77 dövlət orqanında mövcud olan 1126 vakant vəzifə üzrə müsabiqənin müsahibə elanı üzrə qeydiyyatdan keçmiş 1450 namizədlə müsahibə mərhələsi davam edir. Müsahibələr Bakı şəhəri, DİM-in Gəncə, Şəki, Şirvan, Göyçay, Lənkəran, Bərdə regional bölmələri, Mingəçevir, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 18 müxtəlif yerdə təşkil edilir.

İndiyə qədər 11 yanvarda elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə 459 müsahibə keçirilib. Müsahibələrdə iştirak etmiş 175 namizəd iddia etdiyi vəzifəyə uyğun hesab edilib, 284 namizəd isə vəzifə uyğun hesab edilməmyib. Qeydiyyatdan keçmiş namizədlərdən 247-si müsahibələrdə iştirak etməkdən imtina edib, 231 namizəd isə müsahibələrdə iştirak etməyib. 5 nəfərin nəticəsi etibarsız hesab edilib.

DİM sədri Məleykə Abbaszadə müsahibə mərhələsində əsas problemi açıqlayıb. Onun sözlərinə görə, problem ondan ibarətdir ki, namizədlərin vəzifələr üzrə bir neçə müsahibənin qeydiyyatından keçməsi üçün məhdudiyyət nəzərdə tutulmayıb: “Nəticədə bəzi namizədlər bu haldan sui-istifadə edərək 20 və daha çox vəzifə üzrə qeydiyyatdan keçib. Ümumilikdə isə orta hesabla 1 nəfər 3 müsahibədə  iştirak etmək üçün qeydiyyatdan keçə bilib. Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar. Əgər qanunvericilikdə müvafiq dəyişiklik həyata keçirilməsə DİM ciddi təşkilati və maddi çətinliklərlə qarşılaşacaq”.

Qeyd olunanlar nəzərə alınaraq qanunvericilikdə müvafiq dəyişikliklərin olunması üçün təkliflər hazırlanması və müvafiq orqanlara təqdim olunması zəruri hesab edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0763
  • ₽ RUB
    0.0275