SOSİUM

Azərbaycan dilinə hansı dillərin daha çox təsir göstərdiyi açıqlanıb
20 FEVRAL
240

Azərbaycan dilinə hansı dillərin daha çox təsir göstərdiyi açıqlanıb

2018-02-20 12:55:00

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə institutun direktoru, akademik Möhsün Nağısoylu, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, Dilçilik İnstitutunun əməkdaşları dilçilər və başqalar iştirak ediblər. 

M.Nağısoylu Ana Dili Gününün tarixi barədə məlumat verib. O, Azərbaycan dilinin bi günü barədə geniş danışıb və bildirib ki, Ana dili körpəlikdən hər bir vətəndaşa öyrədilməli və sevdirilməlidir: "Bu isə ilk olaraq ailədən asılıdır". 

Yeni hazırlanan Orfoqrafiya qaydalarının layihəsinə toxunan direktor qeyd edib ki, hazırda İşçi qrupu irəli sürülən təkliflər üzərində işləyir: "İşlər bitən kimi, layihə Orfoqrafiya Komissiyasına təqdim olunacaq". 

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Azərbaycan dilinə digər dillərin təsiri barədə danışıb. O bildirib ki, regiondakı dillərin Azərbaycan dilinə təsiri azdır və yaxud yox səviyyəsindədir: "Azərbaycan dilinə, əsasən, fars, ərəb, rus dilinin, Avropa dillərinin təsiri var və olub. Rus dilinin dilimizə təsiri əsasən məişət üslubu səviyyəsində olub. Biz Avropa sözlərini rus dili vasitəsilə aldığımız üçün, həmin sözləri də rus aksenti ilə götürmüşük. Rus aksentindən Avropa aksentinə keçmək ciddi məsələdir".

Ana dili haqqında geniş çıxış edən professor Buludxan Xəlilov Orfoqrafiya qaydalarının lahiyəsi məsələsinə də toxunub: "Alınma sözlər dilə daxil olarkən sözlər dilimizin səs strukturuna uyğunlaşdırılmalıdır. Layihədə də əsas diqqət bu məsələyə yönəlib".

Tədbirin sonunda filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli, filologiya üzrə fəlsəfə doktoru Cavid Kazımov məruzə ilə çıxış ediblər. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256