SOSİUM

Salyanda köhnə zəhər mənbəyi necə ləğv olundu
15 FEVRAL
443

Salyanda köhnə zəhər mənbəyi necə ləğv olundu

2018-02-15 17:48:00

2012-ci ildən etibarən Blaksmit İnstitutu çirklənmiş ərazilərin qiymətləndirilməsi üçün UNIDO və Avropa İttifaqının dəstəyi ilə Azərbaycanda işləyir. Bu fəaliyyət aşağı və orta gəlirli ölkələrdə insan sağlamlığına zəhərli çirklənmənin təsirini azaltmaq üçün həyata keçirilən qlobal layihənin bir hissəsi olub. 2017-ci ildə UNİDO və Avropa İttifaqının  Azərbaycanda yüksək zəhərli çirklənmənin qiymətləndirilməsi üzrə layihəsinin əsas mərhələsi başa çatıb.

 Həmin illər ərzində Azərbaycanın ətraf mühit mütəxəssislərinin fəal iştirakı ilə yüksək səviyyəli çirklənmə və sağlamlıq təsiri olan 130 məntəqədə qiymətləndirmə aparılmışdır. Qiymətləndirmələrin nəticəsində həmin məntəqələrdə olan yüksək zəhərli təsirə malik olan maddələr müəyyən edilmişdir.

2015-ci ildə Sumqayıtda bir çirklənmiş ərazinin təmizlənməsi həyata keçirilmişdir. Layihə nəticəsində zəhərli sənaye tulantıları ilə çirklənmiş dənizsahili ərazi təmizlənərək istirahət parkına və ictimai çimərliyə çevrilmişdir. Sumqayıtdakı layihə Azərbaycan Dövlət Neft Şirkəti, Azərkimya və Sumqayıt bələdiyyəsi ilə birgə aparılıb və çoxtərəfli əməkdaşlıq üçün yaxşı nümunə hesab edilir.

2017-ci ilin noyabrında Azərbaycanda ən çirkli ərazilərdən biri olan Keçmiş Salyan Aqrokimya bazasında çirklənmiş ərazinin təmizlənməsi üçün pilot layihə həyata keçirilmişdir. Tətbiq olunan layihə beynəlxalq təşkilatlar və dövlət orqanlarının ekoloji problemlərin həllində uğurlu əməkdaşlığına çox yaxşı nümunədir. Bu layihə Blacksmit İnstitutu tərəfindən Kənd Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumlarının iştirakı ilə aparılmışdır.

Bir çox beynəlxalq qurumların fikrincə Salyan bazası keçmiş SSRİ və Şərqi Avropada olan ən çirkli yerlərdən biri idi. Ərazidə 500 tondan artıq insan həyatı üçün çox təhlükəli olan DDT, polidafen və qranozan maddələri vardı. Küləkli havalarda quru toz şəklində olan çirkləndiricilər ətrafda yerləşən yaşayış məntəqələrinə yayılırdı. Yerli əhalidən toplanan məlumatlara görə burada xəstəlik halları baş alıb gedir və insanlar daimi təhlükə altında yaşayırdılar. Pis qoxu Salyan şəhərinin əksər yerlərində hiss olunurdu. Məntəqənin bir hissəsi özəl qurum tərəfindən özəlləşdirilmişdi və orada ərzaq saxlanırdı. Bu məntəqə uzun müddət beynəlxalq və yerli qurumların diqqət mərkəzində olmuş, məntəqəni təmizləmək üçün çoxsaylı cəhdlər edilsə də müxtəlif səbəblərdən təmizləmə baş tutmamışdır.

Nəhayət, 2017-ci ildə məntəqənin təmizlənməsinə başlanılmışdır. Əvvəlcə, ilkin qiymətləndirmə sənədi hazırlanmışdır. Bu sənəddə ərazidə nə qədər zəhərli maddənin olduğu müəyyən edilmişdir. Nazirlər Kabinetinin göndərdiyi məktublar əsasında, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işə baxmış və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin hazırlanmasını tövsiyə etmişdir. Həmin tövsiyə əsasında Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədi hazırlanmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumu tərəfindən təsdiq edilmişdir.

Bu ilin Noyabrında məntəqənin təmizlənməsinə başlanılmışdır. Bu məqsədlə 37 nəfərdən ibarət işçi heyəti yaradımış və onlara müvafiq təlimatlar verilmişdir. Bundan əlavə təmizləməyə 20 yük maşını və 1 ekskovator da cəlb edilmişdir. Bütün işçilər təhlükəsizlik avadanlıqları və paltarları ilə təmin olunmuşlar.  İşçi heyətin zəhərli maddələrlə birbaşa təması minimuma endirilmiş, işlərin çoxu xüsusi maşınlarla yerinə yetirilmişdir. Təmizləmə və daşınma prosesi Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar Xidməti əməkdaşlarının, ABŞ, Rusiya və Gürcüstandan olan mütəxəsisslərinin birbaşa nəzarəti altında aparılmışdır.

Layihə nəticəsində cəmi 510 kubmetr pestisid və çirklənmiş torpaq ərazidən çıxarılmış və xüsusi nəzarət altında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Cəngi Pestisid Poliqonuna daşınaraq orada yerləşdirilmişdir.

Blacksmit İnstitutunun regional direktoru, biologiya üzrə fəlsəfə doktoru Pyotr Şarov deyir: "Salyanda bu məntəqə yerli əhali üçün çox böyük təhlükə yaradırdı. Zəhərli maddələr olan DDT, qranozan, polidafen açıq səma altında bir tərəfə yığılaraq qalmışdı. Yağış zamanı həmin maddələrdən süzülən su torpağa daxil olur, yeraltı suları zəhərləyirdi. Külək quru DDT tozunu hər tərəfə yayırdı. Bizim vəzifəmiz ərazini təmizləmək və çirkləndiriciləri buradan çıxarmaq idi. Biz bunu etdik. Təşkilatımız belə problemlərin həllində Azərbaycana hər cür kömək etməyə hazırdır".

Blacksmit İnstitutunun Azərbaycan üzrə nümayəndəsi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovun fikrincə, təmizlənmə başa çatsa da ərazidə çirklənmə hələ də qalır və daha çox işlər görülməlidir. Növbəti mərhələlərdə yenidən qiymətləndirmə aparılmalı və bu qiymətləndirməyə uyğun addımlar atılmalıdır. Məsələn, əgər az da olsa çirkləndirici qalıbsa, onda ərazi yaşıllaşdırılmalı və bioloji təmizləmədən istifadə etməklə çirklənmə daha da azaldılmalıdır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258