SOSİUM

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib
14 FEVRAL
190

ƏƏSMN yanında İctimai şuranın yeni tərkibi seçilib

2018-02-14 15:59:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında İctimai şuranın yeni tərkibdə üzvlüyünə təkrar seçkilər keçirilib.

ƏƏSMN-dən Fins.az verilən məlumata görə, seçkilərin təşkili məqsədilə yaradılmış komissiyasının sədri, Nazirlik Aparatının rəhbəri Əjdər Cəbiyev “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq nazirlik yanında fəaliyyət göstərən İctimai şuranın aidiyyəti fəaliyyət sahələri üzrə hüquqi aktların qəbulunda, bu sahələrdə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakının təmin olunması məqsədinə xidmət etdiyini diqqətə çatdırıb.

Ə.Cəbiyev vurğulayıb ki, ƏƏSMN yanında İctimai şuranın əvvəlki tərkibdə fəaliyyət müddətinin qanunvericiliyə uyğun olaraq başa çatması ilə əlaqədar şuranın 15 nəfərdən ibarət yeni tərkibdə üzvlüyünə seçkilərin təşkili məqsədilə 9 nəfərdən ibarət seçki komissiyası yaradılıb və seçkilərin keçirilməsi ilə bağlı elan verilib. Komissiya tərəfindən Şuraya üzv olmaq istəyən 49 nəfərin namizədliyi və səsvermədə iştirak üçün 184 QHT nümayəndəsi təsdiq edilib. Ümumilikdə isə səsvermədə iştirak üçün 233 nəfər nümayəndənin iştirakı təsdiqlənib.

06 fevral 2018-ci il tarixdə keçirilən ilk seçki zamanı namizədlərin İctimai şuraya üzv seçilməsi üçün müvafiq Əsasnamədə nəzərdə tutulan qaydada keçirilən səsvermə nəticəsində yalnız iki nəfər Şuraya üzv seçilib.

İctimai şuranın qalan 13 üzvünün də seçilməsi üçün keçirilən təkrar seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin fəallığı şəraitində keçib. Tədbirin yekununda səslər komissiya üzvlərinin iştirakı ilə hesablanıb. Nəticədə namizədlərdən daha 13 nəfər şuraya üzv seçilib. Beləliklə, səsvermənin nəticələri əsasında ƏƏSMN yanında İctimai şuranın 15 nəfərdən ibarət yeni tərkibini təşkil edəcək vətəndaş cəmiyyəti institutlarının nümayəndələri müəyyən olunub.

Həmin şəxslər aşağıdakılardır:

1. Rəhimli Davud Səid oğlu (Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədri)

2. Rizazadə İradə Bağır qızı (“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri)

3. Əliyev Mayis Nəbi oğlu (”Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri)

4. Əsədov Ehtimad Savalan oğlu (“Qarabağ Qaziləri” İctimai Birliyinin sədri)

5. Həsənov Məmmədhəsən Murad oğlu (“Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri)

6. Həsənov Mirhəsən Yusif oğlu (“Azərbaycan Cernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri)

7. Kərimov Akif Meybulla oğlu (“Kür-Xəzər” xeyriyyə İctimai Birliyinin sədri)

8. Quliyev Zaur Yunis oğlu (“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin sədri)

9. Mehdiyev Mehdi İmdad oğlu (“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri)

10. Mirzəyev Umud Rəhim oğlu (“Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun prezidenti)

11. Nuriyev Əliməmməd Mali oğlu (“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti)

12. Zeyni Rauf Xurşud oğlu (Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti)

13. Yusifova Şəhla Şərif qızı (“Jurnalist Qadınlar Assosiasiyası”nın vitse prezidenti)

14. Zeynalova Mehriban Heydərəli qızı (“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri)

15. Salmanov Elçin Fikrət oğlu (“Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası”nın sədr müavini)

Qeyri-hökumət təşkilatlarının rəhbərləri ƏƏSMN yanında İctimai şuranın yeni tərkibinə üzvlüyə namizədlərin müəyyən olunması və seçkilərin keçirilməsi prosesinin bərabər əsaslarla, şəffaf və ədalətli tərzdə keçirilməsindən razılıqlarını ifadə edib, İctimai şuranın yeni tərkibdə fəaliyyətinə uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254