SOSİUM

Magistraturaya qəbul zamanı ən yüksək müsabiqə olan institutların ADLARI açıqlandı
06 FEVRAL
106

Magistraturaya qəbul zamanı ən yüksək müsabiqə olan institutların ADLARI açıqlandı

2018-02-06 15:28:00

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ali təhsilin magistratura pilləsinə qəbul zamanı ən yüksək müsabiqə İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiya institutlarında olub.

Fins.az-ın məlumatına görə, bunu AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov deyib.

Ə.Sadıqovun sözlərinə görə, 2015-ci ildə ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi yaradılıb:

"Ötən il isə AMEA magistraturadan ilk buraxılışı uğurla başa çatdırdı. Akademiyada magistraturanın yaradılması elmə marağı olan gənclər tərəfindən böyük rəğbətlə qarşılandı. Məhz bunun nəticəsidir ki, hər il AMEA-nın magistraturasına ərizə verənlərin sayı çoxalır.

Ə.Sadıqov qeyd edib ki, AMEA-nın magistraturasına ərizə verənlərin sayı 2016-cı ildə 700-ə, 2017-ci ildə isə 2000-ə yaxın olub. Bəzi ixtisaslar üzrə bir yerə 50-80 nəfər ərizə verib.

İdarə rəisi əlavə edib ki, universitet məzunları arasında AMEA-nın magistraturasına marağın yüksək olduğunu nəzərə alaraq Nazirlər Kabineti 2016-2017-ci tədris ili üçün plan yerlərini artırsa da, bu da mövcud tələbatı ödəyə bilməyib.

Ənənəvi olaraq ali təhsil standartları 10 ildən gec, 5 ildən tez olmayaraq yenilənir: 10 il elmin yeni nailiyyətlərindən geri qalmamaq, 5 il isə təhsildə müəyyən varisliyi təmin etmək üçün idi. Lakin müasir situasiyada, necə deyərlər,”təkər üstündə” tədris norma halını almalıdır. Əks-təqdirdə zaman təhsili qabaqlayacaq. Buna nail olmaq üçün tədris materiallarının seçimində universitetlərə müəyyən azadlıqlar vermək lazımdır. Universitetlər isə öz növbəsində elmi araşdırmaları tədris prosesinin əsas tərkib hissəsinə və məqsədinə çevirməlidir.

Hər bir universitet öz məzun modelini, sonra isə hər model qrupu üçün tələb olunan bilik, bacarıq və vərdişlərə uyğun olaraq fənlər toplusunu müəyyənləşdirməlidir. Bu zaman potensial işəgötürənlərin təklifləri və tövsiyələri nəzərə alınmalıdır. Azərbaycan Milli Elmlər Akademiyası bu istiqamətdə bir sıra mühüm addımlar atmışdır.

Son illər Azərbaycan Milli Elmlər Akademiyasında elmlə təhsilin səmərəli inteqrasiyasını təmin etmək, elmi kadr potensialının inkişafını sürətləndirmək və gənclərin elmə marağını artırmaq məqsədilə ciddi islahatlar aparılmış və əhəmiyyətli işlər həyata keçirilmişdir. AMEA-da təhsil sistemini müasir səviyyədə inkişaf etdirmək aparılan islahatların başlıca hədəflərindən olmuşdur. AMEA-nın Rəyasət Heyəti Azərbaycanda elm və təhsilin vəhdətini prioritet vəzifələrdən biri hesab edir. Bütün bunları nəzərə alaraq AMEA-nın prezidenti akademik Akif Əlizadə akademiyada magistratura təhsilinin yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. Ölkə Prezidenti bu müraciətə xüsusi diqqət göstərərək, AMEA-da ilk dəfə olaraq ali təhsilin ikinci pilləsi olan magistraturanın yaradılması barədə qərar qəbul etmişdi. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi isə bu işdə AMEA-ya hərtərəfli dəstək göstərmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1108
  • ₽ RUB
    0.0301