SOSİUM

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlayır
09 YANVAR
624

Dövlət qulluğunda rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat başlayır

2018-01-09 17:08:00

 Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 27-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.

DİM-dən Fins.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

İmtahan Bakı şəhəri Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək. İmtahana qeydiyyat yanvarın 10-dan başlayır və yanvarın 24-də yekunlaşır.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “şəxsi kabinet”lərini yaratmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. Qeydiyyat zamanı ali təhsil haqqında məlumatlar "Tələbə-məzun" dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanılır və namizəd haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmır. 

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Buraxılış vərəqəsini qeydiyyat səhifəsindən də əldə etmək olar.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Qeyd edək ki, dövlət orqanları tərəfindən müsabiqəyə ümumilikdə inzibati rəhbər vəzifələr üzrə (A növü) 204 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (171 vakant vəzifə), Mədəniyyət və Turizm Nazirliyi (10 vakant vəzifə), Dəniz Administrasiyası (6 vakant vəzifə), Dini Qurumlar üzrə Dövlət Komitəsi (4 vakant vəzifə), Mülki Aviasiya Administrasiyası (4 vakant vəzifə) tərəfindən təqdim olunub.

Rəhbər vəzifələrə aid olan 198 vəzifə üzrə dövlət qulluğuna qəbul üçün 27 dekabr 2017-ci il tarixdə müsabiqənin müsahibə mərhələsi elan edilib və həmin vəzifələr üzrə müsahibədə iştirak üçün qeydiyyat 25 yanvar 2018-ci il tarixinədək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258