SOSİUM

Qaz sayğacına ən çox müdaxilə bu iki rayonda edilir
09 YANVAR
723

Qaz sayğacına ən çox müdaxilə bu iki rayonda edilir

2018-01-09 11:33:00

Zaman-zaman kütləvi informasiya vasitələrində təbii qazın verilişində fasilələr yaranması, yaxud təzyiqinin az olması ilə bağlı abonent şikayətləri yer alır. Bu dəfə isə məhz abonentlərin təbii qazdan istifadə zamanı yol verdiyi nöqsanlardan danışacağıq.

Belə ki, əhali və qeyri-əhali kateqoriyasından olan abonentlər bir sıra hallarda qaz cihazları, xüsusilə də qaz sayğacları ilə düzgün davranmır, dövlət yoxlamasından keçmiş, müvafiq qaydada quraşdırılmış və plomblanmış qaz sayğaclarına müdaxilə edirlər. Səbəb xüsusilə istiliyə tələbatın artdığı qış aylarında daha çox təbii qaz müqabilində daha az ödəniş etməkdir. Bu kimi hallara qarşı “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşları mütəmadi reydlər keçirir.

Daha çox müdaxilə edilən sayğacların Sabunçu və Xəzər rayonu ərazisində aşkarlandığı bildirilir.

Reydlər zamanı əhali abonentlərinin mənzillərində quraşdırılmış sayğaclar aşağıda göstərilən hallarda qaz xəttinin üzərindən çıxarılır:

- Sayğacın hesablayıcı mexanizminə, hesablayıcı mexanizminin və birləşmələrinin plomblarına müdaxilə olunduqda, növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün;

- Sayğac düzgün işləmədikdə (sayğacdan qaz keçmədikdə, aşağı sərfiyyatı qeyd etmədikdə, hesablama mexanizmi dayandıqda, elektron hissəsi işləmədikdə, işlək vəziyyətdə müəyyən səslər gəldikdə) növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün;

- Mənzil daxilində və ya həyətlərdə quraşdırılmış sayğaclar kənara çıxarıldıqda;

- Sayğaclar yeni müasir tipli sayğaclarla əvəz edildikdə;

- Sayğac faktiki sərfiyata uyğun olmadıqda;

- Sayğacın növbəti dövlət yoxlamasının vaxtı çatdıqda;

- Sayğacın birləşməsində sızma aşkar olunduqda.

Qaz sayğaclarına yerində baxış zamanı təbii qazdan qanunsuz istifadə halları (sayğaca, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və ya sayğacın yivli birləşməsinə vurulmuş plomba müdaxilə olunduqda) aşkar edildikdə, qaz təminatı dərhal dayandırılır.

Sayğaclar xətdən açıldıqdan sonra “İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə” göndərilir. Dövlət yoxlamasına gətirilən sayğacın, qəbul edilərkən göstəricisi və plombların nömrəsi siyahıda göstərilən rəqəmlərə uyğun olmadıqda xüsusi qeydiyyat aparılır və “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilir. Aktların (bildirişlər və rəylər) müvafiq tədbirlər görülməsi, sayğacın bərpası və dəymiş ziyanın ödənilməsi məqsədi ilə istehlakçıya rəsmi məlumat təqdim edilir. Abonent müdaxilə edilmiş və ya onun təqsiri nəticəsində sıradan çıxmış sayğaca görə dəymiş zərərin ödənilməsini təmin etməlidir. Yəni sayğacın dəyərini (bütün xərclər daxil olmaqla) “Azəriqaz” İstehsalat Birliyinin  hesabına ödəməlidir. Dəymiş zərər “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilmədikdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” nömrəli “AKT” tərtib edilərək, quraşdırılmış sayğac çıxarılır və həmin mənzilin qaz təminatı müvafiq qaydada dayandırılır.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, abonentlərin sayğaclara müdaxilə etməsi halları tez-tez aşkarlanır:

“Belə hal aşkarlanıqda nöqsanlı sayğac yenisilə əvəzlənir ki, həmin müddətdə abonent qazsız qalmır. Sayğac dövlət yoxlamasından keçirilməsi üçün göndərilir. Nöqsan aşkarlanmış köhnə sayğac yoxlamadan keçirildikdən sonra rəy gəlir. Dövlət yoxlamasından zavod istehsalı qüsur rəyi gəlirsə, abonentdən heç bir məbləğ tələb olunmur. Əgər rəydə sayğaca müdaxilə edildiyi aşkarlanıbsa, o zaman sərfiyyat əsas götürülərək, həm itirilmiş təbii qazın, həm də sayğacın dəyəri hesablanır.

Belə hallar var, əməkdaşlarımız tərəfindən mütəmadi olaraq aşkarlanır. Amma dəqiq say demək mümkün deyil. Çünki hər saat, hər gün bu rəqəmlər dəyişir. Həm də bir rayon, bir qəsəbə deyil ki, ümumiləşdirilmiş rəqəm söyləmək mümkün olsun”.

İ.Kərbalayev qeyd edib ki, sayğaclar xaricdən valyuta ilə alındığına görə qiymətlər məzənnəyə görə dəyişir:

“Hazırda “İTRON” firmasının istehsalı olan G4 smartkart tipli (əvvəldən ödənişli) qaz sayğacı 220 manat 54 qəpik, həmin firmanın istehsalı olan mexaniki sayğac 99 manat 47 qəpikdir”.

Qurum rəsmisi, abonentlər tərəfindən sayğaclara ən çox edilən müdaxilə üsullarını da açıqlayıb:

“Sayğaca müdaxilə qeydə alındıqda dərhal dövlət yoxlamasına göndərilir. Yoxlamadan rəy gəldikdən sonra müvafiq tədbir görülür. Sayğaca müdaxiləyə görə hər hansı cəza nəzərdə tutulmur. Bu zaman dövlət əmlakına dəymiş zərər və sərf olunan qazın məbləği ödənilir. Sayğacın klapan hissəsinin deşilməsi, göstəricisinin sıradan çıxarılması, sayğacdan kənar təbii qazdan istifadə halları daha çoxdur. Bu istiqamətdə tərəfimizdən mütəmadi olaraq reydlər keçirilir”.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276