SOSİUM

Əmək müqaviləsi bildirişi üzrə e-informasiya sisteminə 10 milyona yaxın müraciət olub
27 OKTYABR
110

Əmək müqaviləsi bildirişi üzrə e-informasiya sisteminə 10 milyona yaxın müraciət olub

2017-10-27 11:00:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə istifadəyə verildiyi 2014-cü ilin iyul ayından bu günədək 9 885 100 dəfə müraciət edilib. Ümumilikdə, ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin (56 463 000 müraciət) 17,5 faizi məhz həmin sistemin payına düşüb.

Bui barədə Fins.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ƏƏSMN-nin “Elektron hökumət” portalı üzərindən ümumilikdə 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin 9 ayı ərzində portala edilən müraciətlərin (17 555 749 müraciət) 40 faizə yaxını (7 006 756 müraciət) nazirliyin e-xidmətlərinə yönəlib. Cari ildə portalda e-xidmətlərindən ən çox istifadə olunan qurum da ƏƏSMN olub.

İndiyədək əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə müraciətlərin 7 957 200-ü "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə aid olub. Bu e-xidmət əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılması üçün onların elektron qaydada qeydiyyatdan keçirilməsi vasitəsi kimi çıxış edir. Sistemdəki “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti isə hər bir şəxsə işlədiyi, yaxud əvvəllər işləmiş olduğu iş yeri üzrə onunla işəgötürənlər arasında əmək müqaviləsinin bağlanması, onlara dəyişikliklər edilməsi və xitam verilməsi üzrə sistemə daxil edilmiş bildirişlər barədə məlumatı öyrənmək imkanı yaradır. Geniş istifadə olunan e-xidmətlər sırasında olan bu e-xidmətə ötən dövrdə 1 219 300 müraciət qeydə alınıb.

Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin cəmiyyət üçün mühüm faydalarından biri də sistemin işləyən vətəndaşlara müvafiq hallarda öz işəgötürənlərinə müraciət etmədən, öz iş yerləri barədə elektron qaydada arayış əldə etmək imkanı verməsindədir. Sistemdəki “İş yerinə dair arayış” e-xidməti bu məqsədə yönəlib və ölkədə kağız arayışların elektron arayışlarla əvəzlənməsinin sürətlənməsində əhəmiyyətli rol oynayıb. Elektron arayış sisteminə daxil olan e-xidmətlər üzrə ümumi müraciətlərin demək olar ki, yarısı, yəni 708 600 müraciət məhz həmin e-xidmətə yönəlib.

Əmək bazarı barədə dolğun və obyektiv informasiya bazası formalaşdıran, vətəndaşların əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi cari ilin iyun ayında BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Çempion layihə” mükafatına layiq görülüb. Bununla da həmin sistem 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən BTİ tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9994
  • ₽ RUB
    0.0289