SOSİUM

"Südpulu" almaq istəyən analar bu sənədləri təqdim etməlidirlər - RƏSMİ
11 OKTYABR
496

"Südpulu" almaq istəyən analar bu sənədləri təqdim etməlidirlər - RƏSMİ

2017-10-11 16:36:00
Dünyaya yeni uşaq gətirən hər bir qadını maraqlandıran suallardan biri də maddi təminat, körpəsi üçün alacağı müavinətdir. Anaları ən çox düşündürən el arasında "südpulu” adlandırdığımız bu müavinətin necə alınacağı, hansı sənədlərin təqdim edilməsinin lazım olduğu, müavinətin birdəfəlik, yoxsa aylıq ödənəcəyi və s. kimi suallardır.
Bu suallar barədə məlumat almaq üçün Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev ilə əlaqə saxladıq. E.Babayev bildirdi ki, sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda uşağın anadan olmasına görə birdəfəlik müavinət nəzərdə tutulub: "Bu müavinət birdəfəlik xarakter daşıyır və hər hansı bir şərt qoyulmadan, o cümlədən valideynlərin işləyib-işləməməsindən asılı olmayaraq, ölkədə yeni doğulan bütün uşaqlara şamil olunur. Hazırda uşağın anadan olmasına görə verilən birdəfəlik müavinətin məbləği 99 manat təşkil edir”.
 İşləməyən valideynlər müavinət almaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
"Birdəfəlik müavinətin alınması üçün uşağın valideynləri işləmədikləri halda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aidiyyəti rayon və ya şəhər şöbəsinə müraciət olunur. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavəyə əsasən, ata və ananın şəxsiyyət vəsiqələrinin surəti, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və uşağın doğulması haqqında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı, uşağın valideynlərinin məcburi dövlət sosial sığorta ödəyicisi olmaması barədə arayış, nigah şəhadətnaməsinin surəti, yaşayış yerindən arayış təqdim edilir”.
Əgər uşağın valideynləri işləyirsə aşağıdakı sənədlər təqdim olunmalıdır:
"Uşağın valideynləri işlədikləri halda isə qeyd olunan birdəfəlik müavinət iş yerindən ödənilir. Bu zaman ata və ananın şəxsiyyət vəsiqələrinin surəti, nikah şəhadətnaməsinin surəti, uşağın doğum haqqında şəhadətnaməsinin surəti və uşağın doğulması haqqında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı təqdim edilir”. Aztəminatlı ailələrə hər ay 50 AZN məbləğində müavinət təqdim olunur: "Əlavə olaraq bildiririk ki, aztəminatlı ailələrdə (yəni ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrdə) 1 yaşadək uşaq olduqda, ailəyə təyin olunan sosial yardımdan əlavə, həmin uşağa görə hər ay 50 manat məbləğində müavinət də təyin olunur. Həmin aylıq müavinət uşağın 1 yaşı tamam olana qədər müddətdə ödənilir”.
Aylıq sosial müavinət ödənilən ailələrdəki ailə üzvlərinin böyük əksəriyyəti uşaqlardır:
"Müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, habelə sağlamlıq imkanları məhdud uşaqlar və valideyn himayəsindən məhrum uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları da aylıq sosial müavinətlə təmin edilirlər. Ailə başçısını itirməyə görə əmək pensiyası və ya aylıq sosial müavinət ödənilən ailələrdəki ailə üzvlərinin böyük əksəriyyəti uşaqlardır”.
Hüquqşünas Ramil Süleymanov bildirdi ki, qeyd olunan sənədlər üçün heç bir rəsmi rüsum tələb olunmamalıdır: "Uşağın anadan olmasına görə tələb olunan səndələrin heç biri üçün rəsmi rüsum yoxdur. Əgər sənədlərin surəti üçün notarial qaydada təsdiq tələb olunursa, bunun üçün müəyyənləşdirilmiş rüsum 5 AZN məbləğindədir".
İnanırıq ki, bu yazını oxuyan valideynlər "südpulu”nun necə alınması barədə xəbərdar olmaqla yanaşı, bu haqda suallarına da cavab tapacaqlar.
© Xeberle.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290