SOSİUM

İşəgötürənlərlə tərəfdaşlığın qurulması sahəsində görülən işlər – PEŞƏ TƏHSİLİ
13 SENTYABR
119

İşəgötürənlərlə tərəfdaşlığın qurulması sahəsində görülən işlər – PEŞƏ TƏHSİLİ

2017-09-13 13:07:00
Fins.az xəbər verir ki, “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na yeni ixtisaslar əlavə edilməklə və mövcud bir sıra ixtisaslar üzrə hazırlığa başlamaqla, 2016/2017 tədris ili üçün şagird qəbulu həyata keçirilən ixtisasların sayı ötən ildəki 123 ixtisasdan 154-ə yüksəldilmiş, şagird qəbulu prosesinin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Səmərəli  məşğulluq  siyasətinin  formalaşdırılması  ilə  əlaqədar  olaraq  bir  neçə  beynəlxalq  qurumla  müzakirələr  aparılmışdır.  Beynəlxalq  təcrübə  öyrənilməklə,  Azərbaycan
Respublikasında Əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə Milli Observatoriyanın yaradılması planlaşdırılır.
İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin qiymətləndirilməsi və maddi-texniki bazanın vəziyyətinin öyrənilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan 109 peşə təhsili müəssisəsinin (cəzaçəkmə müəssisələrində yerləşən və fəaliyyəti dayandırılan 14 müəssisəni çıxmaqla) 90 faizinə, yəni 86 müəssisəyə baxış keçirilmişdir. Rasionallaşdırma və optimallaşdırma çərçivəsində Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi birləşdirilərək, onların bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır.
Pilot peşə təhsili müəssisələrinin qurulması məqsədilə işçi qrup yaradılmışdır və beynəlxalq ekspertlərin iştirakı ilə seçim meyarları müəyyənləşdirilməklə təhlillər davam etdirilir. Bir sıra peşə təhsil mərkəzləri və peşə liseyləri ilkin olaraq pilot müəssisələr kimi müəyyənləşdirilmişdir.
Türkiyə Respublikası ilə əməkdaşlıq çərçivəsində Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yaradılması ilə bağlı əməkdaşlığa dair protokol layihəsi hazırlanmışdır. Mərkəzin birgə idarəetməyə əsaslanması və tədris prosesində Türkiyənin təhsil proqramlarından istifadə edilməsi nəzərdə tutulur.
İşəgötürənlərlə tərəfdaşlıq mexanizmlərinin qurulması üçün İsveçrə, Türkiyə, İspaniya, Belçika, Norveç, Cənubi Koreya təcrübəsi öyrənilmiş, tərəfdaşlıq mexanizminin qurulması üzrə pilot layihələr həyata keçirilmişdir. Belə ki, ilk peşə-ixtisas təhsili müəssisələrində dövlət buraxılış imtahanlarında komissiya sədrlərinin, əsasən, ilk peşə-ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq edən işəgötürən müəssisələrin nümayəndələrindən ibarət olmasına dair müvafiq əmr imzalanmışdır. Bundan əlavə, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyi yanında “MİDA” MMC arasında əməkdaşlıq razılaşması bağlanmış, tədris prosesində fərqlənən şagirdlərin istehsalat təcrübəsinin, əməkhaqqı (100 manat) və nahar MİDA tərəfindən təmin edilməklə, iş yerində keçirilməsi təmin edilmişdir. Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə 9 saylı Bakı Peşə Liseyinin bazasında fəaliyyət göstərən “STEP İT Academy” beynəlxalq tədris müəssisəsi ilə əməkdaşlıq müqaviləsi imzalanmış, yüksək akademik göstəricilərə malik şagirdlərin ödənişli qruplarda pulsuz təhsil alması təmin edilmişdir.
Bundan əlavə, işəgötürənlərlə əməkdaşlıq qurulması məqsədilə bir sıra şirkətlərlə görüş keçirilmiş, əməkdaşlıq qurulmasına dair ilkin razılıq əldə edilmişdir.
Problemlər:
- Əmək bazarının prioritet sahələr və ayrı-ayrı regionlar üzrə tələblərinin müəyyənləşdirilməsi istiqamətində işlər Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada və sürətli şəkildə həyata keçirilmir.
- İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin öyrənilməsi istiqamətində işlər həyata keçirilsə də, bu müəssisələrin optimallaşdırılması ilə bağlı tədbirlər planı hazırlanmamışdır.
- Pilot peşə təhsili müəssisələrinin qurulması və işəgötürənlərin tərəfdaşlığa cəlb edilməsi istiqamətində işlər Strateji Yol Xəritəsində nəzərdə tutulmuş qaydada həyata keçirilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294