SOSİUM

Proqram iştirakçılarından 875 nəfər fərdi təsərrüfatını qurub
08 SENTYABR
156

Proqram iştirakçılarından 875 nəfər fərdi təsərrüfatını qurub

2017-09-08 12:03:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aztəminatlı ailələrin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına əsaslı təminat yaradan “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, aztəminatlı ailələrin aktiv əmək bazarı proqramlarına cəlb olunması, özünüməşğulluğunun təmin edilməsi yolu ilə onların yoxsulluq vəziyyətindən çıxarılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əsas fəaliyyət istiqamatlərindən biridir.

Sərəncam dövlətin məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açaraq, işsiz və işaxtaran şəxslərin ailə əməyinə, fərdi təsərrüfatlarını yaratmalarına, əmək potensiallarını özünüməşğulluq formasında reallaşdırmalarına, nəticə etibarilə ölkədə məşğulluq imkanlarının daha da artırılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına şərait yaradıb. Qeyd edək ki, cari ilin fevral ayından etibarən uğurlu biznes-planların reallaşdırılması üçün işsiz vətəndaşlara aktivlərin, yəni mal və materialların verilməsinə başlanılıb.

Sərəncamın icrası işlərinin davamı olaraq, ƏƏSMN tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 5 rayon və şəhər (Şəki, Kürdəmir, İmişli, Sabirabad, Mingəçevir) üzrə daha 20 nəfərə yaxın işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) təqdim olunub. Beləliklə, cari ilin fevralından, yəni aktivlərin verilməsinə başlanandan bəri proqram iştirakçılarından artıq 875 nəfər işsiz və işaxtaran şəxsin biznes-planlarını reallaşdırmaları üçün aktivlərlə təminatı həyata keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ümumilikdə, bu günə qədər özünüməşğulluq proqramı çərçivəsində respublikamızın 50 rayon və şəhəri üzrə proqramın icrası prosesi başa çatdırılıb.

26 rayon və şəhər üzrə isə aktivlərin verilməsi prosesi davam etdirilir. Verilmiş mal və materiallardan istifadə olunmaqla vətəndaşlar biznes-planlarına uyğun şəkildə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurublar. Nəticədə onların və ailə üzvlərinin özünüməşğulluğu təmin edilməklə, onlara gəlirlərini artırmaq, gələcəkdə ailə biznesinə çıxış imkanı yaradılıb. Yeni qurulan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da ölkəmizdə aqrar sahənin inkişafına yönələn kompleks tədbirlərə əlavə dəstəkdir.

Özünüməşğulluq proqramı çərçivəsində müvafiq təlim kurslarını bitirmiş və qiymətləndirmələr zamanı biznes-planları müsbət dəyərləndirilmiş 1400 nəfərə yaxın şəxsin ailə təsərrüfatlarını qurmaları nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqi nəticəsində isə növbəti illərdə bundan dəfələrlə çox insanın özünüməşğulluq proqramına cəlb olunması təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287