SOSİUM

ARB ilk üçlükdə – AÇIQLAMA
29 AVQUST
216

ARB ilk üçlükdə – AÇIQLAMA

2017-08-29 14:47:00

Televiziya  hər bir evin çağırılmamış qonağıdır.  Məlumdur ki, Azərbaycanda həm dövlət, həm də özəl telekanallar  fəaliyyət göstərir.

Bunlar arasında  ARB telekanalı media məkanında özünəməxsus yer formalaşdırıb. Hətta həmin kanal reytinq cədvəlində də ilk sıralardadır.

Maraqlıdır, ARB TV bu uğuru necə əldə edib? O cümlədən kanal hansı yeniliklərə imza atmaq fikrindədir?

ARB kanalı reytinq cədvəlində ilk üçlükdədir

ARB TV-nin strateji inkişaf, marketinq və media direktoru İsmayıl Həsənov bildirib ki, uğur qazanamaq üçün komanda və yaradıcı mühit önəmli faktordur:

“ARB əməkdaşları televiziyanı təkcə iş yeri bilmirlər. Onlar kanalı  bütövlükdə mənimsəyiblər. Komandamızın bizə inanması ən böyük nailiyyətimizdir.  Bundan əlavə tamaşaçının zövqünə uyğun verilişlər hazırlamağa çalışırıq. Auditoriyanın kiçik və ya böyük olmasına baxmayaraq hər kəsə uyğun proqramlarımız var. Çünki kiçik auditoriyalar da  bizdən nələrsə gözləyir. Bu baxımdan biz hər kəsi nəzərə alırıq.

Digər tərəfdən ARB kanalı reytinq cədvəlində ilk üçlükdədir. Bilirsiniz, ölkədə reytinq ölçən təşkilat var.  Bəzən reytinq tənqid olunur, amma nəzərə almaq lazımdır ki,  başqa alternativimiz yoxdur. Bir kommersiya kanalının gəlir yeri reklamlardır. Onlar da bizə reytinq üzərindən verildiyi üçün  reytinq cədvəlini  bir kənara qoymaq olmur”.

“Yeni brend aparıcılar formalaşdırmağa çalışırıq”

Son zamanlar yalnız tamaşaçılar deyil, həmçinin ölkənin brend aparıcıları da ARB TV-ni seçir. İ.Həsənov bunun səbəbindən də söz açıb:

“Hər kəs inkişaf edən , gələcəyi parlaq olan komandada, mühitdə işləmək istəyir.  Brend aparıcılar həmin mühiti ARB-də tapırlarsa, bizə xoşdur. Düzdür, bizdə nizam-intizam qaydaları mövcuddur. Lakin bununla yanaşı ARB-də azad yaradıcı mühit də var. Yəqin ki, bu səbəbdən həmin aparıcılar bizi seçirlər.

Bu gün teleməkanda brend aparıcıların çox olmadığını müşahidə edirik. Əlbəttə, hər kəs kimi biz də tamaşaçının tanıdığı ənənəvi aparıcıların kanalımızda fəaliyyət göstərməsini istəyirik. Bu baxımdan transfer  edə bildiyimiz  brend aparıcıları etdik və bundan sonra da etməyə çalışacağıq. Amma  bundan sonrası üçün yeni brend aparıcıları özümüz formalaşdırmalıyıq. Məsələn, səhər verilişləri arasında ölkədə birinci yeri tutan “Günə doğru” proqramının aparıcıları Murad Həşimov və Sevda Rəsulqızı ARB-nin yetirməsidirlər. Bu gün həmin aparıcıların kifayət qədər böyük auditoriyaları var.

Uğurlu simaların sayı məhdud olduğuna  görə bütün kanallar yeni simalar yetişdirmək məcburiyyətindədirlər. Düzdür, bu müəyyən zaman alsa da, ARB olaraq biz də buna çalışırıq”.

“Ötən mövsümdə uğur qazanamayan verilişləri efirdən çıxardıq”

İ.Həsənov yeni mövsümdə verilişlərin sayının artdığını da qeyd edib:

“Hər bir telekanal ötən mövsümdəki mənfi nüansları aradan qaldırmalıdır. Biz də maddi texniki bazamızın imkan verdiyi qədər  proqramlar hazırlamağa çalışırıq. Yəqin ki, gələn həftədən etibarən verilişlərimizin yayımı başlayacaq. Yaradıcı mühit olduğu üçün yenilikləri tam açmaq istəmirəm. Amma verilişlərimiz sayı artıb və eyni zamanda seriallarımız da olacaq. Təbii ki, ənənəvi uğur qazanan verilişlərimiz öz yerindədir. Biz ötən mövsümdə uğur qazanamayan verilişləri efirdən çıxardıq və uğur qazanacağına inandığımız verilişləri əlavə etdik”.

ARB TV-nin rəqibləri...

“ARB TV hər zaman digər kütləvi informasiya vasitələri ilə dostluq mühiti qurub. Bütün kommersiya kanallarını reytinq baxımından özümüzə rəqib görürük və eləcədə bizim onlara layiqli bir rəqib olduğumuzu düşünürəm”.

©Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294