SOSİUM

Fins.az-ın mənzil alacaq namizədləri seçildi
14 İYUN
954

Fins.az-ın mənzil alacaq namizədləri seçildi

2017-06-14 16:34:00

Bu gün Fins.az-ın redaksiyasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) jurnalistlərə mənzillərin verilməsi ilə bağlı Komissiyasının üzvlərinin iştirakı ilə iclas keçirilib. Tədbiri giriş sözü ilə açan saytın baş redaktoru İlhamə Abdullayeva redaksiyanın iş prinsipləri, əməkdaşların iş bölgüsü barədə ətraflı məlumat verib.

Bildirib ki, Fins.az saytı 2013-cü ildən fəaliyyətə başlayıb. Əsasən iqtisadi sahədə baş verən yenilikləri işıqlandırır.

“Əsas məqsədimiz biznesin inkişafına dəstək vermək, insanlara faydalı məlumatlar çatdırmaqdır. Aparıcı mövzularımız  maliyyə, bank, sığorta, birja, əmlak, biznes və  turizmlə bağlıdır. İşimizlə ölkədə gedən iqtisadi inkişafa dəstək olmağa, sahibkarları narahat edən problemlərin həll olunmasına çalışırıq”.

Ölkə başçısının jurnalistlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini vurğulayan baş redaktor media təmsilçilərinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə başçısının fərmanının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, jurnalistlər üçün nəzərdə tutulan yeni binadan ev almaq üçün Fins.az-ın redaksiyasından  3 nəfərin namizədliyi irəli sürülüb.

Sonra namizədlərin təsdiqlənməsi səsə qoyulub və səs çoxluğu ilə təsdiqlənib.

Komissiyanın üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd edib ki, yeni tikilən binada Azərbaycan mətbuatında xüsusi xidmətləri olan şəxslərdən daha 256 nəfərə mənzillər veriləcək. Onların sırasında vaxtilə mətbuatda işləmiş və xüsusi xidmətləri ilə seçilən şəxslər də olacaq.

V.Rəhimzadə bildirib ki, yeni binanın istifadəyə verilməsindən sonra jurnalistlər üçün 3-cü binanın təməli qoyulacaq:

“Qlobal dünyada baş verən iqtisadi çətinliklər zamanla Azərbaycana da təsir edir. Ancaq bütün bunlara baxmayaraq ölkə başçısı jurnalistlər üçün nəzərdə tutulan mənzillərin tikintisinin təxirə salınmayacağına qərar verib”.

Sonra iclasın protokolu tərtib edildi və çıxarışlar namizədlərə təqdim edildi.        

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0010
  • ₽ RUB
    0.0295