SOSİUM

Kommunal xidmətdə ən böyük probleminin açarı özəl sektordadır
01 DEKABR
139

Kommunal xidmətdə ən böyük probleminin açarı özəl sektordadır

2016-12-01 11:17:00

Kommunal xidmətlərin (işıq və qaz) tariflərinin artırılması bu sektora məxsus olan dövlət müəssisələrinin (“Azərişıq”, “Azərenerji”, “Azərsu”, “Azəristiliktəchizat”) idarə edilməsi, xidmətlərin keyfiyyəti və hazırki tariflərin əsaslı olub-olmaması ilə bağlı müəyyən suallar yaradıb. İqtisadi Tədqiqatlar Mərkəzi Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun USAİD-in maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək”  layihəsi çərçivəsində dövlətlə özəl sektorun tərəfdaşlığı layihələrinin həyata keçirilməsi, dövlət müəssisələrinin sağlamlaşdırılması məqsədi ilə onların özəl sektora idarəetməyə verilməsi məsələlərini araşdırdığından kommunal sektorun problemlərinin həlli yollarını  Mərkəzin rəhbəri Qalib Toğrulla müzakirə etdik.

ÖZƏL SEKTOR NECƏ DÖVLƏTİN TƏRƏFDAŞI OLA BİLƏR?

Ekspert hesab edir ki, kommunal xidmətlər sektorunun ən böyük problemi indi daha çox müzakirə edildiyi kimi tariflər yox, idarəetmə problemidir. Xidmətlərin keyfiyyətinin yüksəldilməsi, daha dayanıqlı və etibarlı xidmət üçün bu sektorun dövlətsizləşdirilməsinin vacibliyinə diqqət çəkən Q. Toğrul “dövlətsizləşdirmə” dedikdə, özəlləşdirməni yox, kommunal xidmətlər göstərən dövlət müəssisələrinin uzun müddətə özəl sektora idarəetməyə verilməsini nəzərdə tutur: “İnkişaf etmiş ölkələrin uğurlu təcrübəsi göstərir ki, bu sektora podratçıların cəlbi ancaq işin xeyrinə ola bilər. Bütün xidmət şəbəkəsi, mülkiyyət mənsubluğu dövlətdə saxlanılmaqla, qabaqcadan hazırlanmış xüsusi kriteriyalar əsasında, seçim aparılmaqla özəl sektora idarəçiliyə  verilə bilər. Azərbaycan qanunvericiliyinə görə, bu, açıq tender, qapalı tender və konkret iddiaçının təklifinin qəbul olunması və müəssisənin idarə edilməsinə dair onunla müqavilənin bağlanması yolu ilə mümkündür. Təbii ki, ilk növbədə, risklər və məsuliyyət bölgüsü müəyyən olunmalı, sonra isə idarəetməni həyata keçirən özəl sektor nümayəndəsinin işinə, xüsusilə, maliyyə fəaliyyətinə ciddi dövlət nəzarəti həyata keçirlməlidir. Onların işi müstəqil auditor tərəfindən hər ilin sonunda audit edilməli, hesabatlar rəsmi sayta yerləşdirilməli və hər kəs üçün açıq olmalıdır”.

BORC BATAQLIĞINA DÜŞƏNLƏRƏ KORPORATİV İDARƏETMƏ RESEPTİ

Q. Toğrulun fikrincə, bugün kommunal xidmət göstərən dövlət müəssisələrinin xidmətlərinin keyfiyyitinin istehlakçıları qane etməməsinin, eyni zamanda onların büdcədən asılılığının, qarşılıqlı borclarının ildən-ilə artmasının kökündə bu müəssisələrdə korporativ idarəetmə standartlarının tətbiq olunmaması, hesabatlılıqla bağlı tələblərə qismən əməl edilməsi dayanır: “Bu yaxınlarda Azərbaycan Prezidenti «Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında» sərəncam imzalayıb. Həmin sərəncama  əsasən, nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə korporativ idarəetmə standartlarının tətbiqi məcburi olmalıdır. Ancaq çox təəssüf ki, biz kommunal xidmət göstərən səhmdar cəmiyyətlərin fəaliyyətinə nəzər salsaq, görərik ki, onlar şəffaflıqdan uzaqdırlar, saytlarına yerləşdirdikləri hesabatlar isə əksər hallarda peşəkar mühasiblərin başa düşə biləcəyi şəkildə tərtib olunmuş konsolidə olunmuş maliyyə hesabtlarıdır. Müvafiq qanunvericilik isə tələb edir ki, hər bir mərkəzi və yerli dövlət orqanı öz saytında ayrıca hesabat menyusu yaratmaqla fəaliyyəti ilə bağlı bütün məlumatları orda yerləşdirsin, büdcədən və büdcədənkənar fondlardan aldığı ictimai vəsaitlərin xərclənməsi ilə bağlı ətraflı hesabat versin. Hələki biz bunun şahidi olmuruq”.

Ekspertin fikrincə, suyun, elektrik, qazın, istiliyin maya dəyərinin necə hesablanması, maya dəyərinin hansı xərclər hesabına şişməsi də diqqətlə araşdırılmalı və bununla bağlı vahid xərc standartlarının tətbiqi, onların tələblərinə əməl olunması vəziyyəti nəzarətdə saxlanılmalıdır: “Tarif Şurasının son qərarında həm elektrik enerjisi, həm də qazla bağlı itkilər barədə də müvafiq göstərişlər verilib, itkilərin azaldılması üçün tədbirlər görülməsi və bu barədə dövri olaraq Şuranın məlumatlandırılması tapşırılıb. On ildən artıqdır ki, kommunal sektorda ən müasir texnologiyanın tətbiqi, yeni stansiyaların tikilməsi, xətlərin dəyişdirilməsi ilə bağlı milyardlarla investisya qoyulub. Onların bir hissəsi büdcə vəsaiti, bir hissəsi isə dövlət zəmanəti ilə xaricdən alınmış kreditlər hesabına maliyyələşib. Bu qədər vəsait qoyuluşundan sonra təkrar-təkrar itkilərin azaldılmasından, yığımın səviyyəsinin artırılmasından, xidmətin keyfiyyətinin yüksəldilməsindən danışmaq nə dərəcədə realdır?! Kommunal xidmət müəssisələrinin büdcə qarşısındakı öhdəliklərini icra edə bilməməsinin, qarşılıqlı borcların məbləğinin sürətlə şişməsinin qarşısının alınmasının yeganə yolu dotasiyalar və müəssisələrin büdcəyə və bir-birlərinə olan borclarının silinməsi deyil axı”. 

İSTEHLAKÇIDAN QİYMƏT ARTIMINA LOYAL REAKSİYA

Dövlətin özəl şirkətlərlə bağladığı konsessiya müqaviləsi əsasında bu müəssisələrin özəl sektora idarəçiliyə verilməsini indiki dövrdə vəziyyətdən yeganə çıxış yolu kimi dəyərləndirən ekspertin fikrincə, dövlətlə özəl sektorun bu tərəfdaşlığından qazanan hər iki tərəf, eyni zamanda keyfiyyətli xidmət əldə edən istehlakçı olacaq.: “Dövlətlə özəl sektorun tərəfdaşlığı nəticəsində özəl kapitalın, ilk növbədə, daxili investisiyaların dövlət məqsədləri üçün cəlb edilməsinə imkan yaranır və paralel olaraq dövlət büdcəsinin yükü azalır. Bu tərəfdaşlığın digər bir üstünlüyü isə ondan ibarətdir ki özəl təşəbbüsləri və işgüzar fəallığı yüksəltmək yolu ilə gizli iqtisadiyyatın masştabları daraldılır və büdcə vəsaitlərinin istifadəsi zamanı şəffaflığı və hesabatlılığı təmin etmək vasitəsi ilə korrupsiyanın səviyyəsinin aşağı salmaq mümkün olur. İnvestisya iqliminin yaxşılaşması, istehsal və sosial infrastukturun inkişafı bu tip tərəfdaşlığın uğurlu nəticələrindəndir”.

Ekspert ölkəmizdə dövlətlə özəl sektorun əməkdaşlığının tariflərin tənzimlənməsi sahəsində də yeni imkanlar yaradacağını iddia edir. Onun fikrincə, kommunal xidmət sektorunun texniki bazasının yenilənməsi bir öhdəlik kimi özəl sektorun üzərinə qoyulduqdan sonra tariflər yalnız inflyasiyaya uyğun olaraq indeksləşdiriləcək ki, bu da qiymətlərin yüksəlməsi zamanı istehlakçıda hər hansı narazılıq yaratmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272