SOSİUM

Su və benzinin də bahalaşacaq?
29 NOYABR
2944

Su və benzinin də bahalaşacaq?

2016-11-29 12:32:00

"İllik 1500 kub metrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcədə bahalaşır”.

Bunu iqtisadçı ekspert Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, əhali üzrə qazın qiyməti illik istehlak həcmi 1500 kubmetrədək çox olan istehlakçılar əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox - 20 qəpik ödəyəcəklər: "Əgər hər hansı bir istehlakçı istifadə etdiyi qaza görə hər ay orta hesabla 20 manat, ildə 240 manat xərcləyirdisə, yanvarın 1-dən sonra o ildə ayda 7 manat 50 qəpik, ildə isə 90 manat çox, bütövlükdə isə 1 il üçün 330 manat ödəyəcək. Başqa bir istehlakçı istifadə etdiyi qaza görə hər ay 30 manat, ildə 360 manat xərcləyirdisə, yanvarın 1-dən sonra ildə o ayda 17 manat 50 qəpik, ildə isə 210 manat çox, bütövlükdə isə 1 il üçün 570 manat ödəyəcək, ayda 40 manat, ildə 480 manat ödəyənlər isə gələn ildən ayda 27 manat 50 qəpik, ildə isə 330 manat çox, bütövlükdə isə 1 il üçün 810 manat ödəyəcək.

Əhali üzrə işığın qiymətinə gəlincə, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatdan çox olan istehlakçılar əlavə hər 1 kilovat-saata görə əvvəlki kimi 7 qəpik deyil, 1,6 dəfə çox - 11 qəpik ödəyəcəklər. Bu isə o deməkdir ki, əgər hər hansı bir isehlakçı istifadə etdiyi işığa görə hər ay orta hesabla ayda 21 manat, ildə 252 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 26 manat 50 qəpik, ildə 318 manat ödəyəcək, başqa bir istehlakçı ayda 28 manat, ildə 336 manat xərcləyirdisə, dekabrın 1-dən sonra o ayda 44 manat 50 qəpik, ildə isə 534 manat ödəyəcək, digər istehlakçı hər ay 35 manat, ildə 420 manat xərcləyirdisə, dekabrın 1-dən sonra ildə o ayda 62 manat 50 qəpik, ildə isə 750 manat ödəyəcək.

Göründüyü kimi illik 1500 kub metrdən çox qaz, 3000 kilovat-saatdan çox işıq istehlak edənlər üçün qiymətlər əhəmiyyətli dərəcədə bahalaşır”.

Qubad İbadoğlu qeyd edib ki, Dövlət Neft Şirkətinin və "Azərenerji” ASC və "Azərişıq” ASC-nin qiymətlərin artırılması ilə bağlı irəli sürdüyü əsaslandırmalar əsassızdır: "Qaz təhcizatı sahəsində xidmətin keyfiyyəti barədə danışmağa dəyməz. Çünki əməliyyat şirkətlərindən alınan qazın qiyməti də neftin qiymətinə konvertasiya olunduğundan istənilən halda ucuzlaşmalı idi. Sərmayə qoyuluşuna gəlincə, qaz indiyədək pulsuz verilməyib ki, onunun satışından yığılan pullar investisiya qoyuluşlarının maliyyələşdirilməsinə gedib. Eyni məntiqlə elektrik enerjisi istehsalı və təhcizatına da sərmayə qoyuluşu satışdan gələn gəlirlər hesabına maliyyələşdirilib”.

İqtisadçı vurğulayıb ki, qiymətlərin artım təsirinə məruz qalan daha çox çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq: "Bu qərarın həm psixoloji, həm də iqtisadi təsirləri olacaq. Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır. Belə ki, maya dəyərində elektrik və qaz istehlakı xərcləri olan bütün məhsul və xidmətlərdə bahalaşma müşahidə olunacaq. Qiymətlərin artım təsirinə məruz qalan daha çox çörək bişirmə sənayesi, elektrik enerjisi və qazla işləyən nəqliyyat vasitələri olacaq. Beləliklə də, qiymətlərin artımının yeni dalğası başlayacaq”.

Qubad İbadoğlu qeyd edib ki, tezliklə su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275