SOSİUM

Azərbaycanın təvazökar baş naziri - FOTOLAR
26 NOYABR
726

Azərbaycanın təvazökar baş naziri - FOTOLAR

2016-11-26 11:03:00

Bu gün Artur Rasi-zadənin baş nazir vəzifəsinə təyin edilməsinin 20-ci ili tamam olur.  Fins.az xəbər verir ki, Artur Tahir oğlu Rasi-zadə 1996-cı il noyabrın 26-da prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın baş naziri vəzifəsinə təyin edilib. Yalnız 2003-cü ilin avqust - noyabr aylarında o, baş nazirin birinci müavini vəzifəsində qısa müddət çalışaraq, noyabr ayında yenidən öz postuna qayıdıb.

Artur Ras-zadə Azərbaycan tarixində, həm də MDB məkanında ən uzun müddət işləyən baş nazirdir. Fəaliyyət göstərdiyi 20 il ərzində o publika qarşısında çox olmasa da, Azərbaycan dövlətçiliyinin qurulmasında, iqtisadi-sosial inkişafında böyük zəhməti və iştirakı olan şəxslərdən biridir. Elə buna görədir ki, Heydər Əliyev və hazırkı dövlət başçısı  İlham Əliyev onun fəaliyyətinə həmişə yüksək səviyyəli peşəkar kimi böyük önəm verib. A. Rasi-zadə müxtəlif dövrlərdə ali dövlət mükafatlarına - “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülüb.

A. Rasi-zadə uzun illərdir ki, yüksək vəzifə tutan məmur olmasına baxmayaraq, bu günə qədər onun adı tipik Azərbaycan məmuru obrazından fərqli olaraq, monopoliya, korrupsiya, rüşvətxorluq, qohumbazlıq kimi məsələlərində hallanmayıb. Bu günə qədər mediada hansısa bir şəxsin baş nazirin “adamı” olması, bir balaca obyektə belə sahiblik etməsi haqda bircə kəlmə belə yazılmayıb. Dolayısı ilə baş nazir özünü irili-xırdalı bütün dedi-qodulardan, söz-söhbətlərdən kənarda tuta bilib. Məhz bu səbəblərdəndir ki, A. Rasi-zadəyə qarşı ölkə rəhbərliyinin ehtiram və etimadının daim yüksək olduğu bildirilir...

Baş nazirin fəaliyyətinin 20-ci ildönümündə onun haqqında bəzi özəl məlumatları da var. NK-də uzun müddətdir ki, A. Rasizadə ilə birgə işləyən qurumun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Akif Əli bildirib ki, 81 yaşlı baş nazir iş yerinə birinci gələn şəxslərdəndir. Belə ki, o, indiyədək hər gün səhər 08:30-da işə gəlir və minimum 19:00-dək iş yerində olur. Gün ərzində sıx qrafiklə işləyərək mühüm dövlət sənədlərinin, qərar və sərəncamların hazırlanmasında iştirak edir, ölkənin həyati vacib sahələrinə dair müvafiq qurumlara göstəriş və tapşırıqlarını, məsləhət və tövsiyələrini verir, onların icrasına nəzarəti təmin edir, müxtəlif qəbullar keçirir, toplantılara, tədbirlərə qatılır.

Baş nazir həmçinin, Azərbaycanın dahi mütəfəkkiri, böyük dramaturq Hüseyn Cavidin nəslindəndir. Belə ki, Hüseyn Cavid A. Rasi-zadənin babasının qardaşıdır. O, ailəlidir, bir qızı, iki nəvəsi var. Həyat yoldaşı və qızı evdar qadındır. Nəvələri diplomatiya və iqtisadiyyat sahələrində çalışır.

A. Əli deyir ki, A.Rasi-zadə dəbdəbəni sevmir. İstirahətini evdə, ailədə, əsasən nəvələri ilə keçirir. İldə bir dəfə yalnız 2 həftəlik məzuniyyətə gedir və əsasən sakit guşədə, meşəlik ərazilərdə, çay, göl kənarında dincəlməyə üstünlük verir. 2 həftə sonra artıq iş başında olur və uzun illərdir bu qrafiklə işini davam etdirir.

Onun memuar yazıb-yazmadığı barədə maraqlansaq da, bu barədə məlumat ala bilmədik. Ancaq bildirilir ki, analitik təfəkkürü itidir, ensiklopedik biliyə malikdir və hafizəsi çox möhkəmdir.

Qeyd edək ki, Artur Rasizadənin vəzifəsindən gedəcəyi barədə məlumatlar dəfələrlə yayılıb. Baş nazirin özü bir qayda olaraq bu məlumatlara əhəmiyyət vermir.  2003-cü ildə ANS TV-nin əməkdaşı ona vəzifəsindən gedəcəyüi ilə bağlı məlumatların yayılması barədə sual verdikdə Artur müəllim «belə məlumatlar 7 ildir (yəni təyin olunduğu 1996-cı ildən) ki, yayılır, Allah qoysa belə məlumatları hələ 7 ildə eşidəcəksiniz» demişdi.

Onun yaxın zamanlarda baş nazir postundan gedəcəyi ilə bağlı məlumatlar da yayılır. Bunun səbəbi isə sentyabrın 26-da Azərbaycanda ümumxalq səsverməsi-referendumun keçirilməsidir. Konstitusiyaya edilən mühüm dəyişikliklərdən biri də ölkədə yeni vitse-prezidentlik institunun yaradılması ilə bağlıdır. Bu institutun yaradılmasından sonra isə baş nazirlik postunun ləğv ediləcəyi ehtimalı mətbuatın gündəmindədir. Ancaq bildirək ki, referenduma baş nazirlik institutunun ləğv edilməsi məsələsi çıxarılmayıb və Konstitusiyaya görə Nazirlər Kabineti və Baş nazir vəzifəsi yenə də mövcuddur. Proqnozlara gəlincə, Artur-Rasizadənin baş nazir postundan gedib-getməyəcəyi ilə bağlı konkret fikir söyləmək mümkün deyil.

Azərbaycanın indiki maliyyə-iqtisadi böhran şəraitində Baş nazirin fəaliyyət istiqamətlərinə gəlincə isə A. Əli deyir ki, ölkə prezidentinin sərəncamı ilə Maliyyə Sabitliyi Şurası yaradılıb və həmin şuranın sədri Artur Rasi-zadədir. Şuraya yüksək səviyyəli dövlət qulluqçuları daxildir (Prezidentin köməkçisi, maliyyə və iqtisadiyyat nazirləri, Mərkəzi Bankın sədri və b.) Baş nazir Artur Rasi-zadənin yanında mütəmadi toplaşan Şura çağdaş vəziyyəti müzakirə edir, tədbirlər planı hazırlanır, məsələlər konkretləşdirilir və təkliflər ümumiləşdirilərək ölkə başçısına təqdim olunur.

Bütün bunlara baxmayaraq NK-nin ictimaiyyətləəlaqələrinin yetərincə qurulmaması və mətbuata qapalı olması cəmiyyətdə baş nazirin və onun rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə birmənalı olmayan rəyin yaranmasına səbəb olub.

Azərbaycanın baş nazirini təbrik edir və ona fəliyyətində uğurlar arzulayırıq! Arzu edək ki, Azərbaycana nə vaxtsa rəhbərlik edəcək gələcək baş nazirlər öz xələfləri olan A. Rasi-zadənin ən azı təvazökarlıq örnəyini qoruyub saxlayacaqlar...

Mənbə: "Qafqazinfo", fins.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272