SOSİUM

Əlilliyin təyin edilməsi qaydaları dəyişdi – YENİLİK
17 NOYABR
796

Əlilliyin təyin edilməsi qaydaları dəyişdi – YENİLİK

2016-11-17 13:59:00

Nazirlər Kabineti “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişiklikləri təsdiq edib. Fin s.az xəbər verir ki, dəyişikliklər, ilk növbədə, tibbi-sosial ekspert komissiyalarının (TSEK) keçirdiyi müayinə   prosedurlarının tam aradan qaldırılmasını şərtləndirir.

Bundan sonra əlilliyin qiymətləndirilməsi üçün vətəndaşların TSEK-ə gəlmələri, orada müayinə olunmalarına ehtiyac olmayacaq. Əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə Səhiyyə Nazirliyindən daxil olan məlumat real vaxt rejimində TSEK-ə göndərişlərin reyestrinə daxil ediləcək və dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüləcək. Sistem  göndərişi qəbul etdikdən sonra həmin göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin və əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar adsızlaşdırılaraq şifrə veriləcək.

Bundan sonra sistem qeyd olunan göndərişi əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə TSEK-ə göndərəcək. Lakin bu zaman göndəriş onu verən səhiyyə müəssisəsinin, yaxud əlillik vəziyyəti qiymətləndirilməli olan şəxsin yaşadığı ərazi üzrə TSEK-ə heç bir halda göndərilə bilməz. Artıq TSEK göndərişin hansı səhiyyə müəssisəsi tərəfindən verildiyini və hansı şəxsə aid olduğunu bilmədən, yalnız göndərişdəki məlumatlar əsasında xəstəliyin vəziyyətinə uyğun olaraq əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edəcək.

Dəyişikliklə bağlı məlumat verən əmək və əhalinin soaial müadfizəsi naziri Səlim Müslümov bildirib ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı qərarların obyektivliyini təmin etmək üçün göndərişlər bir neçə TSEK-ə də göndəriləcək. “Əgər eyni göndəriş üzrə TSEK-lərin qəbul etdiyi qərarlarda fərqlilik, uyğunsuzluq olarsa,  Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti bu barədə qərar verəcək”.

Dəyişikliyə əsasən, TSEK göndəriş əsasında 2 iş günü ərzində vətəndaşın əlilliyini qiymətləndirməlidir. Qərar, habelə əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, qərarın aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş, onun üçün nəzərdə tutulan əmək zəmanətinə dair məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil ediləcək, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə də təsdiqlənəcək.

Nazir bildirib ki, bununla yanaşı, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmaması və s. hallarda TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri haqqında məlumatları TSERAS-a daxil edəcək. Bu zaman  müayinənin artıq Xidmət tərəfindən həyata keçirilməsini zəruri edən səbəblər də sistemə ötürüləcək və Xidmət TSERAS vasitəsilə və anonimlik şəraitində bu məlumatları qəbul edərək, obyektiv qərar verəcək.

Qərara əsasən, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədikdə, "Qiymətləndirmənin nəticələri" bölməsində imtina səbəbi göstərilməlidir. TSEK əlilliyin qiymətləndirilməsinin Xidmət tərəfindən keçirilməsini zəruri hesab etdikdə isə  "Qiymətləndirmənin nəticələri" bölməsində bu zərurətin səbəbini qeyd etməlidir.

Onu da deyək ki, Nazirlər Kabinetinin qərarı ilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"yə 1 nömrəli əlavə də təsdiq edilib. Sənəddə TSERAS-ın son qərarı əskini tapacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275