SOSİUM

Svetoforda ingilis dili dərsi – «SKYPE»LA KURSLAR
04 NOYABR
461

Svetoforda ingilis dili dərsi – «SKYPE»LA KURSLAR

2016-11-04 16:12:00

İnternetin imkanları genişləndikcə məsafədən təhsil almaq daha asanlaşıb. Son vaxtlar bu yenilik özünü ən çox dil kurslarında göstərir - hazırlıq kurslarının  elanlarında «skayp»la onlayn dərslərin verilməsi barədə elanlar artmaqdadır. Müşahidələr göstərir ki, bu variant həm tələbələrə, həm də müəllimlərə sərfəlidir. Hərçənd bəzi məhdudiyyətlər də var.

«Müəllim, tıxacdayam, gecikirəm»

 «Müəllim işdən çıxmışam, amma tıxacdayam, 15 dəqiqə gec gələcəm». İşdən sonra dil kurslarına gedənlər üçün belə söhbətlər adi haldır. Telefonun o tərəfindəki müəllimin nə cavab verəcəyindən asılı olmayaraq, iş günü başa çatdıqdan sonra kursa gedənlərin əksəriyyəti tıxac və digər problemlərlə rastlaşır. Ən yaxşı halda  - tıxac olmasa da – yola xeyli vaxt itirilir. Üstəlik yolun yaratdığı stress və gərginlikdən sonra fikrini dərsə cəmləmək asan olmur, buna da vaxt gedir. İndiyədək müştərilər bu problemi həll etmək üçün hazırlıq kursunu ya evin, ya da iş yerinin yanında seçirdilər. Amma indi problemin daha asan həlli yolu tapılıb. Bu – onlayn bağlantı ilə dəsrlərdir. Azərbaycanda onlayn kurslar təqibən 3 il əvvəl təklif olunmağa başlayıb. Amma o vaxtdan bəri internetin həm geniş yayılması, həm də sürətinin yüksəlməsinə baxmayaraq ona tələbat əvvəlki kimi böyük deyil. Baxmayaraq ki, hazırda bu vaxta qənaət baxımından ən sərfəli variantlardan biridir.

Qiyməti ucuz, keyfiyyəti eyni

Bu işlə məşğul olan menecerlər və müəllimlər skaypla dərslərin vaxta və pula qənaət etmək baxımından çox faydalı olduğunu bildirirlər. İstər müəllim, istərsə də tələbə evdən və ya ofisdən çıxmadan günün istənilən saatlarında dərs keçə bilərlər: «Şəhərin istənilən yerindən digər yerinə çatmaq üçün azı 20-25 dəqiqə vaxt tələb olunur, axşam, traffikinsıx olduğu saatlarda bu müddət daha da artır. Belə vəziyyətdə ən yaxşısı onlayn kursdur»-deyə Skayp kurslar təklif edən şirkətin nümayəndəsi bildirir.

Ən maraqlısı odur ki, skayp variantında müştəri ilə yanaşı, müəllim də vaxt itkisindən yaxa qurtarır. «Mən əvvəllər dərs demək üçün kursa gedirdim, indii isə heç yerə getmirəm, sadəcə evimdə başqa otağa keçirəm və skaypa qoşulub dərsimi keçirəm»-deyə skaypla dil öyrədən müəllimlərdən biri fins.az-a vəziyyəti izah edir.

Vaxt itkisinin olmaması kursların qiymətinə də təsir edir. Məsələn, “Oskar” hazırlıq kursunda internet üzərindən ingilis dili kursunda 1 dərs  1 saat 20 dəqiqə olur və qiyməti həftədə 2 dəfə olarsa,  72 manat, həftədə 3 dəfə olarsa, 108 manatdır. Halbuki eyni  kursun adi  qaydada qiyməti müvafiq olaraq 140 və 190-200 manatdır. «Skaypla Onlayn Kursları»nda da  qiymətlər adi kursdan ucuzdur. Məsələn, skaypla dərslər 30 manat, adi kursda qrupla 50 manat, fərdi 80 manatdır. Bəzi təhsil mərkəzlərində skaypla ciddi kursların, məsələn İELTS-in tədrisi də mümkündür.

Qeyd edək ki, adi kurslarda axşam saat 6-dan sonra və şənbə bazar günləri qiymətlər 10-15 manat baha olur. Skaypla keçirilən dərslərdə isə qiymət  dəyişmir. 

Əsas üstünlükləri

- Skayp la kurs variantının əsas üstünlüklərini aşağıdakı kimi sadalamaq olar:

- Fərdi ünsiyyət,

- İstənilən vaxt skaypa dərsə qoşula bilərsən,

- Rayondan, xaricdən də dərsə qoşulmaq olar,

- Yolda olarkən də telefonla qoşulmaq olar.

- Müəllimlər, xüsusilə də qadın müəllimələr üçün əsas üstünlüklərdən biri evə kənar adamın daxil olmamasıdır.

Mənfi cəhətləri

- Amma Skaypla kurs  keçməyin mənfi cəhətləri də mümkündür. Məsələn, olduğunuz yerdə internet kəsilərsə, dərs yarımçıq qalacaq. Bu isə sizin işinizi ləngidəcək.

- Digər tərəfdən, skaypla ünsiyyət zamanı bəzən qaydalar düzgün anlaşılmır. Ona görə də müəllim həmin məsələləri dəfələrlə təkrarlamaq məcburiyyətində qalır. Bu da vaxtı uzadır. Ancaq  normal qaydada davam edərsə, kurslar adi dərslər kimi  3-4 aya bitə bilər.

Kim nə qazanır?

Skaypla dərs keçmək üçün hansısa kursa müraciət etmək lazım deyil. Bu işlə  məşğul olmaq istəyən müəllim evdə oturaraq internet saytlarında elanlar verməklə də tələbə toplaya bilər. Bu zaman məvacibi bölməyə də ehtiyac qalmayacaq. Çünki tədris mərkəzlərində, hazırlıq kurslarında təşkil edilən skayp dərslərinə görə müəllimlərə alınan təhsil haqqının ancaq 70 faizi  verilir. Fərdi məşğul olanlar isə  100 faizi də özləri alır.

Skaypla dərslər  sağlamlıq imkanları məhdud olan insanlara da daha rahat formada dərs keçmək imkanı verir. Onlar evdən çıxmadan istənilən bir fənni və ya xarici dili mənimsəyə bilərlər. Eyni sözü imknaları məhdud olan müəllimlər barədə də demək olar. Onlar da evdən çıxmadan tələbələrinə rahatca dərs keçə bilərlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275