SOSİUM

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Bakıda yerləşəcək
26 OKTYABR
74

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi Bakıda yerləşəcək

2016-10-26 10:38:00

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 18-19-da oktyabrda Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş 43-cü sessiyasında mənzil-qərargahı Bakı şəhərində yerləşəcək İƏT Əmək Mərkəzinin nizamnaməsi təsdiq edilib. Fins.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı birgə bəyanatda deyilir.
Bu mərkəzin yaradılması barədə təklif İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakı şəhərində keçirilmiş ikinci konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.

Əmək Mərkəzinin Konsepsiya sənədi və nizamnamə layihəsi hazırlanaraq baxılması üçün üzv dövlətlərə təqdim edilib. İƏT-in Əmək məsələləri üzrə Rəhbər Komitəsinin 2014-cü ilin iyun ayında  Bakı şəhərində təşkil olunmuş iclasında Əmək Mərkəzi ilə bağlı sənədlərin layihəsi iştirakçı dövlətlərin və İƏT qurumlarının nümayəndələri ilə müzakirə edilib.

Bu tədbirin ardınca 2014-cü ilin iyunun 18-19-da İƏT Xarici İşlər Nazirləri Şurasının Ciddə şəhərində keçirilmiş 41-ci sessiyasında qəbul olunmuş iqtisadi məsələlər üzrə qətnamədə İƏT-ə üzv ölkələr arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsində Azərbaycanın fəallığı qeyd olunub. 

İƏT əmək nazirlərinin 2015-ci ilin 28-30 oktyabr tarixlərində Cakarta şəhərində keçirilmiş üçüncü konfransında isə Əmək Mərkəzinin nizamnaməsinin layihəsi nəzərdən keçirilərək bəyənilib və təsdiq olunması üçün İƏT Xarici İşlər Nazirləri Şurasının 43-cü Sessiyasına təqdim olunmasına dair qərar qəbul edilib.

Nizamnaməyə əsasən İƏT Əmək Mərkəzinin mənzil-qərargahı Bakı şəhərində yerləşəcək. Nizamnamə 10 üzv dövlət tərəfindən ratifikasiya edildikdən sonra yekun qüvvəyə minəcək. İƏT-in ixtisaslaşmış qurumu olacaq mərkəzin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

Qeyd edilən mərkəzin Bakı şəhərində yerləşməsi Azərbaycan və İƏT arasında davamlı əsasda və hərtərəfli genişlənən əməkdaşlığın və təşkilat daxilində ölkəmizin nüfuzunun göstəricisi olmaqla yanaşı, əmək, məşğulluq və sosial müdafiə kimi sahələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlərin İƏT tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. 

İƏT Əmək Mərkəzinin yaradılması üzv dövlətlər arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın stimullaşdırılmasına və daha sistemli şəkildə təşkil olunmasına öz töhfəsini verəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275