SOSİUM

Erkən mərhələdə xərçəngin müalicəsi mümkündür - BAŞ ONKOLOQ
21 OKTYABR
1099

Erkən mərhələdə xərçəngin müalicəsi mümkündür - BAŞ ONKOLOQ

2016-10-21 20:03:00

Azərbaycanda xərçəng xəstələrinin sayı artır, amma vaxtında müraciət olunarsa, erkən mərhələdə bu xəstəliyin müalicəsi mümkündür. Fins.az xəbər verir ki, bu barədə respublikanın baş onkoloqu Azad Kərimli jurnalistlərin suallarına cavab verərkən bildirib.
A.Kərimli bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklərə tutulanların sayı artmaqdadır: «Belə xəstələrin sayının artması ekologiya problemləri, qidalanma rejimi, qida məhsullarının tərkibi, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanmanın və radiasiyanın artması kimi amillərlə bağlıdır. Nəzərə almaq lazımdır ki, ətraf mühitin çirklənməsi həm onkoloji, həm də başqa xəstəliklərin yaranmasına səbəb olur. Bununla belə, ölkəmizdə bu xəstəliyə tutulanların sayı çox deyil. Hazırda respublikada 40 min onkoloji xəstə qeydə alınıb».

Respublikanın baş onkoloqu jurnalistlərə müsahibəsində xəstələrə məsləhət görüb ki, onlar xəstəliyin başlanğıc mərhələsində həkimə müraciət etsinlər. Bu, xərçəng xəstəliyinin bəzi formalarının sağalması ehtimalını xeyli artırır. A.Kərimli deyib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında süd vəzisinin xərçəngi, kişilər arasında isə ağciyər, traxeya və bronxların xərçəngi xəstəliklərinə çox rast gəlinir. Xərçəng çox vaxt yaşı 50-dən çox olan adamlarda müşahidə olunur. Amma bu xəstəlikdən daha cavan yaşda əziyyət çəkənlər də var. Xoşbəxtlikdən, xərçəngdən əziyyət çəkən uşaqlar çox vaxt bu xəstəlikdən müalicə olunurlar».

Baş onkoloq ölkə vətəndaşlarını sağlamlıqlarına diqqətlə yanaşmağa və xəstəliyin erkən aşkar edilməsi üçün müayinə olunmağa çağırıb. Bu halda xəstəliyin müalicəsi imkanları xeyli artır: «Mənə inanın, xərçəng sözündən qorxmaq lazım deyil, çünki erkən mərhələdə onun müalicəsi mümkündür. Hesab edirəm ki, bu xəstəliyin qarşısını almaq üçün profilaktik tədbirlər keçirilməlidir. Qadınlara məsləhət görürəm ki, 30-35 yaşdan sonra mammoqrafiya kursu keçsinlər, çünki bu, süd vəzisinin xərçənginin aşkar edilməsi üçün ən müasir və ən dəqiq müayinə metodudur. Bu halda xəstəliklə mübarizədə bütün məsuliyyəti yalnız onkoloqların üzərinə qoymaq olmaz. Düzdür, xərçəngə qarşı mübarizə sahəsində maarifləndirmə işi son vaxtlar yaxşılaşıb, amma bununla belə, bu işdə telekanallar daha fəal iştirak etməli, əhaliyə onkoloji xəstəliklər barədə daha geniş məlumat verməlidirlər. Məsələn, bəzi insanların ölkədə Uşaq Onkoloji Klinikasının fəaliyyəti barədə təsəvvürü yoxdur. Bundan əlavə, rayonlarda qeyri-adi hallarla üzləşirik. İnsanlar bu xəstəliyin ən böhranlı həddə çatmasına qədər gözləyirlər. Mən belə adamları qınamıram, çünki bütün bunlar maariflənmə işinin lazımi səviyyədə olmamasının nəticəsidir».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272