SOSİUM

Şagirdlər başqa məktəbə necə köçürülür? – AÇIQLAMA
17 OKTYABR
252

Şagirdlər başqa məktəbə necə köçürülür? – AÇIQLAMA

2016-10-17 17:02:00

Son aylarda şagirdlərin bir məktəbdən digərinə köçürülməsində ciddi problemlər yaranıb. Ailənin  yaşayış yerlərini dəyişməsi, məktəblərdəki sıxlıq və digər səbəblərdən övladının oxuduğu məktəbi dəyişmək istəyən  valideynlər əngəllərlə rastlaşırlar. Xüsusilə 10-cu və 11-ci sinidfə oxuyan şagirdlərlə bağlı vəziyyət daha qəlizdir. 

Bununla bağlı Təhsil Nazirliyi fins.az-ın sorğusuna cavab verib. Bildirilib ki, şagirdlərin yerdəyişməsi valideynlərin müraciəti əsasında həyata keçirilir.

“Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi  Qaydaları” Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiya qərarı ilə təsdiq edilib. Şagirdlərin yerdəyişməsi valideynlərin müraciəti əsasında həyata keçirilir. Ölkə daxilində 1-9-cu  sinif şagirdlərinin yerdəyişməsi həmin “Qaydalar”ın 3.1-ci maddəsi ilə tənzimlənir”.

Həmin maddəyə əsasən, övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Məktəbin direktoru övladının həmin müəssisədə uyğun sinfə qəbul olunduğu və bununla  əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə arayış verir. Həmin arayışı onlar şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim edir. Həmin arayış əsasında şagirdin şəxsi işi təhsilini davam etdirəcəyi məktəbə verilir və əmrləşdirilir. Şagirdin yerdəyişməsi qaydalara uyğun olduğu halda, məktəb direktoru onun şəxsi işini  verməlidir.

Qaydalara əsasən, xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb-liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir. 

Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər. Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir.   Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə və ya yerli məktəblərə yerdəyişməsinə yol verilir. 

Qeyd edək ki, son illərdə 11-ci sinif şagirdlərinin yerdəyişməsi qeyri-rəsmi olaraq  qadağan edilib. Təhsil Nazirliyi bunu korrupsiya hallarının qarşısını almaq və  şagirdlərin dəsə davamiyyətini təmin etmək məqsədilə ilə izah edir. Lakin valideynlər bu qadağadan narazıdır.  

TN-dən bildiriblər ki, 11-ci sinif şagirdlərinin bir məktəbdən digərinə keçirilməsi qadağan edilməyib.  “Qaydalar” a görə 10-11-ci sinif şagirdlərinin yerdəyişməsinə ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişməsini təsdiqləyici sənəd təqdim edildiyi halda icazə verilir.

«Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları»a uyğun olmayan hallarda şagirdlərin yerdəyişməsinə icazə verilmir».

Həmin qaydalara əsasən, 10-11-ci siniflərdə təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin və ya digər qanuni nümayəndənin ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon, şəhər üzrə yerli təhsili idarəetmə orqanında baxılır. Yerli idarə aşağıdakı hallarda şagirdin köçürülməsinə razılıq verir:

1. Yaşayış yeri ərazisində (kənd, qəsəbə, rayon, şəhər) yerləşən digər məktəbə keçdikdə;

2. Ailəsi ilə birlikdə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə;

3. Valideynlərin (digər qanuni nümayəndələrin) xaricə uzun müddətə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə;

4. Müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda.

Qaydalara görə, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri digər rayon və şəhərlərdən ərazilərindəki məktəblərə keçirilən 10-11-ci sinif şagirdlərinin dərsə davamiyyətinə görə həmin məktəblərin direktorları ilə birlikdə şəxsən məsuliyyət daşıyırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270