SOSİUM

Sosial yardım almaq istəyənlərə “ELEKTRON TƏLƏ”
17 OKTYABR
7157

Sosial yardım almaq istəyənlərə “ELEKTRON TƏLƏ”

2016-10-17 10:00:00

Ünvanlı sosial yardım almaq üçün müraciət edən vətəndaşlar  lüzumsuz məlumatlara görə imtina alırlar. Bu da onların vəziyyətini daha da çətinləşdirib. Fins.az-a müracət edən   bir neçə Bakı  sakini qarşılaşdıqları anlaşılmazlıqlar barədə məlumat veriblər.

İmtinanın gülünc səbəbləri

Məcburi köçkün Xəyyam Məmmədov bildirib ki, ünvanlı sosial yardımla bağlı elektron sistemdə uşaqlarının məcburi köçkün olması təsdiq edilmədiyindən ona 3 dəfə imtina verilib. Sonuncu dəfə isə  vətəndaşa 1 il müddətində müraciət edə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Digər vətəndaş Pərvanə İsayeva da adına başqa mobil nömrə olduğu və bu barədə sistemə məlumat daxil etmədiyi üçün ona yardım ayırmaqdan imtina edilib.  Sistemin elektronlaşmasından sevinən vətəndaşlar indi tələb olunan sənədlərin sayının çoxaldığı, əhəmiyyətinin isə azalmasına etiraz ediblər.

Əldə informasiya varsa....

Araşdırmalarımız göstərdi ki, ünvanlı sosial yardım almaqla bağlı xeyli sayda sənəd tələb olunur. Üstəlik vətəndaşın toplayıb sistemə daxil etdiyi  informasiyalar elektron sistemdə 22 orqanın məlumatları ilə müqayisə edilir . Əgər onlardan biri uyğun gəlmirsə, vətəndaşa imtina verilir.

Vətəndaşlar haqlı olaraq belə bir sual verirlər: Əgər bizim gəlirlərimiz, xərclərimiz, əmlakımız   barədə bütün məlumatlar elektron sistemdə varsa, biz niyə onları toplayıb yenidən hökumətə təqdim etməliyik? Bu onu göstərir ki, ünvanlı sosial yardımın təyin olunması  sistemi vətəndaşların işini yüngülləşdirmək əvəzinə, daha da çətinləşdirib.

Məhdudiyyət harda və niyə qoyulur?

Məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyi də qısa oldu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev sosial yardım üçün müraciətlərə heç bir məhdudiyyət qoyulmadığını bildirib.

Digər informasiyalarla bağlı qaynar xətdən aldığımız məlumata  görə, vətəndaşlar üçün müəyyən limitlər qoyulub. Məsələn, sosial yardım almaq istəyən adamın  aylıq kommunal ödənişləri 13 manat 60 qəpikdən artıq  olmamalıdır. Əgər qaz, işıq, su və telefon xərcləri bu limitdən artıqdırsa, sistem vətəndaşa imtina verir. 

Bir neçə nömrənin istifadəsinə  gəlincə, Nazirlikdən bildirdilər ki, vətəndaşlar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edərək istifadə etmədikləri mobil nömrələri  sistemdən sildirməlidirlər.

Məlumatlar gizli saxlanılır  

Qeyd edək ki, biz media olaraq bu informasiyaları sorğular vasitəsilə əldə edə bilirik. Ancaq bu və digər bu kimi informasiyalar kütləvi istifadə üçün açıq deyil. Ona görə vətəndaşlar çox hallarda nəyə görə imtina aldıqlarını belə aydınlaşdıra bilmirlər.

Bütün bunlar onu deməyə əsas verir ki, ünvanlı sosial yardımın təyin olunması ilə bağlı qurulan elektron sistem heç də əlverişli deyil. Bununla müraciətləri və yardımın təyinatını daha da çətinləşdiriblər.

Yardım, yoxsa sosial reabilitasiya?                                                                                    

İqtisadçı ekspert Qalib Toğrul ünvanlı sosial yardım sisteminin kökündən yanlış qurulduğunu bildirib. Onun fikrincə, belə bir yardım layihəsinin 10 ildavam etdirilməsi yanlış addımdır:

“Bu sistem əvvəldən düzgün işləmədi, korrupsiyalaşmış bir sistem oldu. Baxmayaraq ki, indi yardımın ayrılması elektronlaşıb, hələ də korrupsiya halları ilə bağlı faktlar üzə çıxır. Ona görə də hesab edirəm ki, ünvanlı sosial yardım proqramı 3-4 il sonra sosial reabilitasiya yönümünə keçməli idi”.

Q.Toğrulun fikrincə, yeni elektron sistem insanların yardımdan yararlanmasını daha da çətinləşdirib, lazımsız əngələr yaradıb: ”Yardımın alınması sistemini elektronlaşdırdılar, məmur-vətəndaş ünsiyyətini  azaltmaq istədilər. Onunlabərabər həmin vəsaitlərin xrclənməsini də elektronlaşdırmaı idilər. Bütün xərclər şəffaf olmalı, məlumatlar hər kəsə açıq olmalıdır ”. 

Ələbaxımlılığın təşviqi davam edir

Özünüməşğuluq proqramının müsbət tərəflərindən danışan ekspert bunun da vətəndaşların yoxsulluq səviyyəsinin ləğvinə yardım etmədiyini və yarımçıq qaldığını bildirib: “Bir neçə il əvvəl bu proqrama 300 min manatdan artıq vəsait ayrıldı, ancaq yarımçıq qaldı. İndi isə 6 milyon manat ayrılıb, amma inca mexanizmi düzgün olmadığından icrasına başlanılmır. Əslində bu yardım formasını daha da inkişaf etdirmək lazımdır. Mənim fikrimcə, əmək qabiliyyətli insanların çox olduğu ailələrə işimkanı yaradılması daha sərfəlidir”.

Qeyd edək ki, indiyədək ünvanlı sosial yardım proqramının icrasına 1 milyard manata yaxın vəsait xərclənib. Lakin onun insanların həyat şəraitinin dəyişməsində heç bir rolu olmayıb. Bu, insanlar arasında ələbaxımlığı daha da inkişaf etdirib. Ona görə də mütəxəssislər daha effektli, insanların yoxsulluq həddini azaltmağa yönələn layihələrin işlənməsinə üstünlük verirlər. 

Xatırladaq ki,  2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Ancaq ünvanlı sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi 105 manat müəyyən edilib. Bu qərarın da yanlış olduğu dəfələrlə səsləndirilib. Bir tərəfdən ailədəki əmək qabiliyyətli insanların işləməsini tələb edən  sistem digər tərfədən onun ehtiyac meyarını 146 manat deyil, 105 manat hesablayır. Bu məqam sosial ədalətin qorunmadığını göstərir.

6 aylıq “limit” 2 aya düşdü

Ekspert də hesab edir ki, çoxuşaqlı ailələr bir müddət sosial yardım aldıqdan sonra bundan məhrum edilməli, onlara iş imkanları yaradılmalı idi: “Belə ailələrdə əmək qabiliyyətli insanların sayı daha çoxdur. Onlar müəyyən birdəfəlik yardımla kiçik bir biznes və ya təsərrüfat yaratmaq imkanı qazana bilərdilər. Bununla da qazancları artar”.

Bir sözlə, sosial yardım sisteminin yeni elektron forması da özünü doğrultmadı. Yenə də informasiya texnologiyalarından anlayışı olmayan vətəndaşlar hansısa məmura müraciət etməli olur. Onlar da bu fürsətdən yararlanaraq sosial yardımın ən azı 2 ayını özlərinə götürmək şərti ilə bu “xidməti” göstərirlər.  Elektron sistem 6 ayı 2 aya endirməkdən başqa heç nəyə yaramadı. Əksinə, aztəminatlı ailələrin bu sistemdən yararlanması üçün xeyli əngəllər yaradılıb. Artıq bu sistemi kökündən dəyişmək vaxtıdır. 

"Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri təsdiq edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272