SOSİUM

Göyçayda sutəmizləyici qurğu tikilir-AÇIQLAMA
07 OKTYABR
356

Göyçayda sutəmizləyici qurğu tikilir-AÇIQLAMA

2016-10-07 19:11:00

Göyçayda tullantı sularını təmizləcək qurğunun tikintisinə başlanılıb. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən fins.az-a verilən xəbərə görə, tikinti Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın sonuncu mərhələsi çərçivəsində aparılır.

 “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə  həyata keçirilən layihəyə uyğun olaraq Göyçay rayonunun Şəhadət kəndi yaxınlığında məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa edilir. Qurğu 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 45 min  sakinə xidmət göstərməklə ekoloji tarazlığın qorunmasına töhfə verəcək.

Layihəyə əsasən, qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtutucu  və yağ ayırıcı kameralar,  bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması  üçün çənlər,  nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya  və digər sistemlər quraşdırılacaq. Tullantı  sutəmizləyici qurğu kompleksində inzibatı bina, kompressor, transformator, lilsıxlaşdırma binaları, SCADA  otağı və digər yardımçı binaların  yaradılması da nəzərdə tutulur. 

Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın əvvəlki mərhələlərində Göyçay şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılıb.  Şəhərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 7 subartezian quyusu qazılmış, ümumi tutumu 7000 kubmetr olan 5 ədəd su anbarı tikilmişdir.

Eyni zamanda Göyçay şəhərində 147 km içməli su şəbəkəsi inşa edilmiş, 9761 ünvana birləşmə verilərək sayğaclaşma işləri aparılmışdır. Görülmüş işlər nəticəsində şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunmuşdur. Layihə çərçivəsində şəhərdə 123 km kanalizasiya şəbəkəsi yaradılıb və ünvanlara birləşmələr verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270