SOSİUM

Tələbə krediti kimlərə veriləcək? – QAYDALAR
04 OKTYABR
2591

Tələbə krediti kimlərə veriləcək? – QAYDALAR

2016-10-04 16:14:00

“Maarifçi” Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib. Təhsil Nazirliyindən  verilən xəbərə görə, bu elan 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Onlar üçün son müraciət tarixi oktyabrın 31- dir.

Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, Fonda Azərbaycan vətəndaşı olan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər. Həmin kreditləri valideynlər ödəməlidir. Ona görə də Fond onların illik  gəlirlərinin 10 min manat və ya daha az olması ilə bağlı tələb qoyub.

Hamıya kredit verilmir

“Maarifçi” Tələbə Kredit Fondunun yaydığı məlumata əsasən, bütün tələbələr. bu kreditdən yararlana bilməyəcək. Belə ki, bu dəfə kreditlər ancaq əyani təhsil alan bakalavrlara veriləcək. Yaşı 25-dən yuxarı, orta müvəffəqiyyət balı 71 və daha artıq olan və akademik borcu olmayan 2,3 və 4-cü kurs tələbələri müraciət edə bilərlər. 

Kredit verilən universitetlərin siyahısı 

Qaydalara görə, tələbə kreditləri ancaq Fondun təsisçisi olan universitetlərə ayrılır. Təsisçilərin əksəriyyəti dövlət universitetləri olduğuna görə, kreditləri alanların da böyük hissəsi dövlət universitetlərinin tələbələri olacaq. Onlar üçün də limit müəyyən olunub. Belə ki, ümumilikdə 187 tələbəyə kredit ayırmağı planlaşdırıb. Ən çox yer Gəncə Dövlət Unuversitetinə  ayrılıb.  

1) Azərbaycan Dillər Universiteti - 21

2) Azərbaycan Dövlət İqtisad Universiteti - 20

3) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 5

4) Azərbaycan Dövlət Pedaqoji Universiteti - 15

5) Azərbaycan Memarlıq və İnşaat Universiteti - 15

6) Azərbaycan Texniki Universiteti - 3

7) Bakı Dövlət Universiteti - 5

8) Bakı Slavyan Universiteti - 1

9) Gəncə Dövlət Universiteti - 67

10) Lənkəran Dövlət Universiteti - 10

11) Sumqayıt Dövlət Universiteti - 15

12) Xəzər Universiteti - 10

Universitetlər tərəfindən ayrılmış yerlərin sayı - Cəmi: 187

Təhsil kreditləri hansı şərtlərlə verilir?


Təhsil haqqı krediti, tələbələrin illik təhsil haqqı məbləğində təqdim olunan uzunmüddətli kreditdir. Standart və güzəştli paketlərdə verilir.

- - - STANDART TƏHSİL KREDİTİ
   Tədris ili üzrə cəlb oluna biləcək borcun üst həddi: 4,000 AZN
   İllik faiz dərəcəsi: 8.0%
   Güzəşt müddəti (məzun olduqdan sonra): 12 ay*
   Qaytarma müddəti (məzun olduqdan sonra maksimum): 60 ay
   Cəmi cəlb oluna biləcək borcun üst həddi: 20,000 AZN
   Ödəmə dövrülüyü: Aylıq
   Ödəmə növü: Dövr sonu
   Kreditin qaytarma növü: Annuitet
   Faizin hesablanma dövrü: İllik
   Zamin və ya girov tələbi: Yoxdur

Digər şərtlər:
- Tədris və güzəşt müddətində əsas məbləğ üzrə ödənişlər edilmir.
- Tədris müddətində faizlər ödənilmir və borc məbləğinə əlavə olunur.
- Güzəşt müddətində faizlər ödənilmir və borc məbləğinə əlavə olunur.

- - - GÜZƏŞTLİ TƏHSİL KREDİTİ
Standart təhsil krediti şərtləri eynilə qalır, lakin aşağıdakılar fərqlənir:
   İllik faiz dərəcəsi: 6.0%
   Güzəşt müddəti (məzun olduqdan sonra): 24 ay*
   Qaytarma müddəti (məzun olduqdan sonra maksimum): 120 ay

  ƏSAS DEFOLT SƏBƏBLƏRİ
   ! Ödənişin kreditin qaytarılma qrafiki üzrə 90 gündən artıq gecikdirilməsi
   ! Orta illik qiymətin 60-ın altına enməsi
   ! Fors-major sayılmayacaq hər hansı səbəbdən tələbənin təhsilini dayandırması və ya dondurması

*Güzəşt müddəti, hərbi xidmətdə olduğunu təsdiq edən sənəd təqdim edildiyi təqdirdə, əlavə 1 il uzadılır. 

Bu sənədlər lazımdır

Kredit almaq üçün Fonda onlayn müraciət də mümkündür. Bu zaman tələb olunan sənədlərin rəngli skan edilib göndərilməsi vacib şərtdir.  Kredit almaq üçün bu sənədlər tələb olunur: 

Şəxsiyyət vəsiqəsi

Onlayn müraciət zamanı:

Sənədin hər iki üzünün rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş şəkillər keyfiyyətli və oxunabilən olmalıdır.

Fonda yaxınlaşdığınız zaman:

Əsli və surəti (notarial qaydada təsdiq olunmuş) təqdim olunmalıdır.

Tələbə bileti

Onlayn müraciət zamanı:

Sənədin hər iki üzünün rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş şəkillər keyfiyyətli və oxunabilən olmalıdır.

Fonda yaxınlaşdığınız zaman:

Əsli və surəti (notarial qaydada təsdiq olunmuş) təqdim olunmalıdır.

Valideynlərin (və ya himayəçilərin) rəsmi cari məvacibinə/gəlirinə dair arayış

Müraciət zamanı tələbənin valideynlərinin (himayəçilərinin) illik gəlirinin tələb olunan meyarlara uyğunluğunu yoxlamaq üçün təsdiqedici sənəd olaraq valideynlərinin (himayəçilərinin) "Əmək haqqı göstərilməklə iş yerindən arayışın" təqdim olunması tələb olunur. Arayışın tarixi və müraciət tarixi arasında ən çox 10 (on) təqvim günü fərq ola bilər. Bu müddəti ötürmüş arayışlar qəbul olunmur.

Onlayn müraciət zamanı:

Sənədin hər iki üzünün rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş şəkillər keyfiyyətli və oxunabilən olmalıdır.

Fonda yaxınlaşdığınız zaman:

Əsli təqdim olunmalıdır. 

Kredit tarixçəsi üzrə arayış

Müraciət zamanı tələbənin valideynlərinin (himayəçilərinin) daha əvvəl aldığı kreditlər üzrə defolt hadisəsinin baş verməməsi (borc öhdəlikləri üzrə ödənişlərin vaxtında yerinə yetirilməməsi və ya borcun digər şərtlərinin təmin olunmaması) dair göstərilmiş məlumatların düzgünlüyünü yoxlamaq üçün təsdiqedici sənəd olaraq valideynlər (himayəçilər) üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarış (arayış) təqdim olunması tələb olunur. Vətəndaşlar ASAN Xidmətə yaxınlaşaraq bu arayışları asan və ödənişsiz qaydada əldə edə bilərlər. Xidmət 1 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzlərində həftənin bazar ertəsi – cümə günlərini əhatə etməklə saat 10:00-dan 19:00-dək həyata keçirilir. Arayışın tarixi və müraciət tarixi arasında ən çox 10 (on) təqvim günü fərq ola bilər. Bu müddəti ötürmüş arayışlar qəbul olunmur.

Onlayn müraciət zamanı:

Sənədin rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş pdf fayllar keyfiyyətli və oxunabilən olmalıdır.

Fonda yaxınlaşdığınız zaman:

Əsli təqdim olunmalıdır. 

Qiymət cədvəlindən çıxarış (akademik transkript)

Müraciət zamanı tələbənin cari Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin düzgünlüyünü yoxlamaq üçün təsdiqedici sənəd olaraq Qiymət cədvəlindən çıxarış (akademik transkript) təqdim olunması tələb olunur. Nəzərə alınmalıdır ki, bu sənəd müvafiq qaydada aidiyyəti universitet tərəfindən tanınmalı və təsdiq olunmalıdır.

Onlayn müraciət zamanı:

Sənədin rəngli skan variantı (elektron surəti) yüklənməlidir. Yüklənmiş pdf fayllar keyfiyyətli və oxunabilən olmalıdır.

Fonda yaxınlaşdığınız zaman:

Əsli və surəti (notarial qaydada təsdiq olunmuş) təqdim olunmalıdır. 

Foto şəkil

Onlayn müraciət zamanı:

Rəngli, 3 sm x 4 sm ölçüsündə, son 6 ay ərzində çəkilmiş və keyfiyyətli olmalıdır.

Fonda yaxınlaşdığınız zaman:

3 sm x 4 sm ölçüsündə, 2 ədəd əsli təqdim olunmalıdır. 

Qeyd edək ki, birinci elan sessiyasında Fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275