SOSİUM

Lokautdan istifadə məhdudlaşdırılır – Yeni Konstitusiyada əksini tapıb
21 SENTYABR
577

Lokautdan istifadə məhdudlaşdırılır – Yeni Konstitusiyada əksini tapıb

2016-09-21 11:44:00

Referendum Aktı layihəsi ölkə vətəndaşlarının əmək hüquqlarının daha etibarlı müdafiəsinin konstitusion səviyyədə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulayıb.

S.Müslümov diqqətə çatdırıb ki, Referendum Aktı layihəsində bir çox maddələrə əlavə və dəyişikliklərlə yanaşı, əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların da əmək hüquqlarının təkmilləşdirilməsi ilə bağlı dəyişiklik əksini tapıb: “Məlum olduğu kimi, Konstitusiyanın 36-cı maddəsində işçi vətəndaşların tətil hüququndan bəhs olunur. Yeni  Referendum Aktı layihəsində 3 hissədən ibarət həmin maddəyə 4-cü hissə əlavə edilib ki, həmin hissədə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokautun qadağan edildiyi bildirilir. Lokaut anlayışı Əmək Məcəlləsində mövcud olsa da, ilk dəfədir ki, bu anlayış Konstitusiyaya daxil edilir. Məcəlləyə görə, kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədi ilə onun, yaxud mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elan - lokaut adlanır”.

Nazir qeyd edib ki, Əmək Məcəlləsinin 284-cü maddəsində işəgötürənin hansı hallarda işçilərini, həmkarlar ittifaqları təşkilatını və müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə müəssisəni bağlayacağı barədə lokaut elan edə bilməsi göstərilir. Bu hallar sırasına işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmaması, qanunsuz elan olunmuş tətilin davam etdirilməsi,  habelə onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktların olması daxildir. Həmçinin Məcəllə ilə həmin maddədə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağan edilir: “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsininKonstitusiyada təsbit olunması işçilərin birbaşa qanuni mənafeyinin müdafiəsinə xidmət edir. Yəni əgər işçilərin tətil etmək hüququ varsa, bu hüququn qarşısının alınması üçün işəgötürənin lokautdan istifadə etməklə, müəssisəni bağlayacağı elanı ilə işçilərinə təzyiq göstərməsi artıq  konstitusion səviyyədə qadağan edilir. Yalnız qanunla müəyyən edilmiş hallarda bu mümkün ola bilər”.

S.Müslümov lokautdan istifadənin məhdudlaşdırılmasının işçilərin rifahı ilə bağlı həssas yanaşmanın ifadəsi olduğunu vurğulayıb: “Təcrübədə belə hallar mövcuddur ki, bəzi hallarda işəgötürən heç bir ciddi qanuni səbəb olmadan müəssisəni müvəqqəti olaraq bağlamaqla işçilərini işsizliyə məruz qoyur ki, bu da onların rifahına, nəticə etibarilə ümumən sosial  vəziyyətə mənfi təsir edir. Ona görə də lokaut məsələsi hansısa işəgötürənin şəxsi iradəsindən asılı ola bilməz və hansısa müəssisənin müvəqqəti olaraq bağlanması barədə elan yalnız ciddi səbəblərə əsaslanmalı, yalnız qanunla müəyyən edilmiş hallarda həyata keçirilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272