SOSİUM

60 milyonluq biznesə 2 şirkət nəzarət edir – MƏKTƏBLİ FORMALARI
16 SENTYABR
10650

60 milyonluq biznesə 2 şirkət nəzarət edir – MƏKTƏBLİ FORMALARI

2016-09-16 10:06:00

Ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafı və onun şaxələnməsi üçün vacib şərtlərdən biri də azad sahibkarlığın və ədalətli rəqabət şəraitinin yaradılması, inhisarçılığın qarşısının alınmasıdır. Bu hədəflər ölkə rəhbərliyi tərəfindən də dəfələrlə səsləndirilib. Buna baxmayaraq hələ də bəzi sahələrdə - hansı ki, burada sahibkarlara asanlıqla bərabər şərait yaratmaq olar – yenə də süni inhisarçılıq hökm sürür. Nəticədə sahibkarların əksəriyyəti biznes imkanından kənarda qalıb. Bu sahələrdən biri də hər dərs ilinin əvəlində gündəmə gələn məktəbli formaları biznesidir. 

60 milyonluq biznes 

Təhsil Nazirliyi 2016-2017-ci tədris ilində orta məktəblərə gedəcək şagirdlərin ümumi sayını açıqlayıb. Nazirliyin məlumatına görə, bu il orta məktəblərdə ümumilikdə 1 415  242 şagird təhsil alacaq. Ölkə qanunvericiliyinə görə, şagirdlərin hər biri məktəbli forması ilə təmin edilməlidir. Bu geyimləri isə ölkədə cəmi bir şirkət- Bakı Tikiş Evi (BTE) tikir. Bu fabrik illərdir məktəbli forması bazarında tək işləyir. Qiymətləri də özü müəyyən edir: İbtidai sinif  şagirdləri üçün formanın qiyməti 37 manat, yuxarı siniflər üçün forma isə 46 manata satılır. Şagirdlərin sayını və məktəbli formalarının orta qiymətini (42 manat) nəzərə alanda hər il valideynlər məktəbli formalarının alınmasına 59,5 milyon manat xərcləyirlər. Bütün bu pullar Bakı Tikiş Evinə çatır.

Niyə ancaq BTE? 

Fins.az-ın araşdırması göstərdi ki, bu il daha 1 şirkət – «Bakı Tekstil Fabriki» MMC  məktəbli formalarının tikilməsi üçün uğunluq sertifikatı alıb. Sertifikata əsasən, MMC 2017-ci ilin iyun ayıdadək   forma tikə bilər.

Lakin  buna baxmayaraq, ticarət mərkəzlərində  ancaq “BTE”  markası ilə məşhur olan formalar satılır. Məktəbli forması bazarı isə kiçik deyil. Qeyd etdiyimzi kimi, təkcə bu il  1 415  242 nəfər məktəbə gedəcək. Bir nəfərin formasını orta hesabla  42 manatdan qiymətləndirsək, həmin məktəblilərə satılan formaların  ümumi qiyməti 59,44 milyon manat  edir. Əgər bu il duşə düşən 2 yeni şirkəti də nəzərə  alsaq, bu qədər  vəsait cəmi 2 şirkətin əlində cəmlənib. Onun da böyük hissəsi BTE-nin payına düşür. 

Rəqabət qiyməti aşağı salacaq

Doğrudur, məktəbli formaları bazarına başqa şirkətlər – sexlər və tikiş müəssisələri də daxil olmağa çalışırlar. Belələri təsdiq edilmiş məktəbli formasının maketini əsas tutmaqla öz məhsullarını buraxırlar. Amma onlara qarşı sərt nəzarət tədbirləri görülür. Standartlaşdırma, Patent və Metrologiya üzrə Dövlət Komitəsinin nəzarətçiləri mütəmadi olaraq belə sexlərin fəaliyyətinin, daha dəqiqi burada məktəbli formalarının tikilməsinin qarşısını alırlar.

Daha ucuz qiymətə məktəbli forması istehsal edib satan şirkətlərə qarşı isə mətbuatda da güclü PR kampaniyası aparılır və onların mallarının keyfiyyətsiz olduğunu iddia edilir.

Bu vəziyyət isə bazarda faktiki inhisarçılığa malik olan şirkətlər üçün sərfəlidir.

Ancaq məktəbli forması istehsalında  rəqabət olarsa,  qiymətlər ucuzlaşa bilər. Xüsusilə, aztəminatlı ailələr üçün münasib qiymətlərə forma almaq şansı yaranar. 

Hərə öz  formasını seçə bilər

Xatırladaq ki, məktəbli formaları formal olaraq 2010-ci ildə məktəblərdəki valideyn-müəllim assosiasiyalarının sifarişi əsasında hazırlanıb. O zaman BTE-də 40 ədəd dizayn nümunəsi hazırlanıb. Onlardan yalnız 4-ü n məktəblilər üçün uyğun sayılaraq seçilib. Həmin formaların  tikilməsi də ancaq BTE-yə həvalə edilib.

Digər tərəfdən məktəblərin də ixtiyarı var ki, öz forma dizaynını təqdim edərək tətbiq etsin. Paytaxdakı məktəblərin  bəzilərində  fərqli formalar olsa da əksər məktəblər, o cümlədən regionlardakı məktəblilər  ancaq BTE-nin standart  formalarını geyirlər. Bu da bazarda BTE-nin üstün mövqeyini qoruyub saxlayır. Nəticədə bu biznesə digər iş adamlarının və şirkətlərin yolu bağlanır. 

BTE-nin dizayn fırıldağı 

İqtisadçı-ekspert Əli Əhmədov bildirib ki, məktəbli formalarının bir fabrikdə tikilməsi ənənəsi  Təhsil Nazirliyinin dizayn sifarişindən sonra yaranıb:

“Nə vaxt ki, Bakı Tikiş Evinin təklif etdiyi dizayn təsdiqləndi, onlar bu geyimləri özləri tikməyə başladılar. Başqa sözlə məktəbli formalarının tikintisi bütünlüklə Bakı Tikiş Evinə həvalə edildi. Tamailə səhv olan bu qərar Bakı Tikiş Evini faktiki olaraq inhisarçıya çevrib».

Ekspert bildirir ki, məktəbli forması bazarında rəqabəti təmin etmək üçün əslində nazirlik BTE-nə yalnız məktəbli formasının dizaynını sifariş etməli idi: «Formanın dizaynı ya hansısa dizayn şirkətinə sifariş verməli idi, ya da Bakı Tikiş Evinə tapşırıq verməli idi ki, onlara dizayn versinlər. Dizayn şirkəti də buna görə xidmət haqqını alıb kənara çəkilməli idi. Təhsil Nazirliyi təsdiqlənmiş dizaynı sayta qoymalı idi və bu formaların tikilişi açıq elan olunmalı idi. Yən kim buna əməl etmək istəyirsə, götürüb tikə bilər. Hətta kimsə hansısa dərzidə istəsə, bu formanı tikdirə bilər. Amma belə olmadı». 

Bakıda məktəbli forması tikmək qadağan olunmalıdır 

Ekspert deyib ki, Bakı Tikiş Evinin emblemi olmadan da məktəbli formaları tikmək olar: «Qanunla heç kəsin ixtiyarı yoxdur ki, həmin sexə məktəbli formalarını tikməyi qadağan eləsin. Onlar xüsusi razılıq əsasında   formaları tikə bilərlər. Hansısa orqanın onlara maneçilik törətməsi qanunsuzdur». 

Ə.Əhmədov bu işləri normal biznesə çevirmək üçün təkliflərini də səsləndirib: «Hər rayonun özünün müəssisələri olmalıdır. Fikrimcə, Bakıda məktəbli formalarının tikilməsi qadağan olmalıdır. Bu regionlarda həll olunmalı və iş yerləri açılmalıdır. Camaat gedib regionda da işləsin. Regionlarda maaşlar da aşağıdır, ona görə də hər halda malların maya dəyəri də aşağı olar».

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270