SOSİUM

Azərbaycanda orta məktəb dərslikləri satışa çıxarılıb - REPORTAJ
09 SENTYABR
311

Azərbaycanda orta məktəb dərslikləri satışa çıxarılıb - REPORTAJ

2016-09-09 10:51:00
Cəmi 6 gündən sonra Azərbaycanda yeni - 2016/2017-ci tədris ili başlayacaq. Yeni dərs ili ərəfəsində valideynləri narahat edən məsələlərdən biri də övladlarına təqdim olunan kitabların çox zaman yararsız vəziyyətdə olmasıdır. İmkanı çatan valideynlər yararsız dərslik problemini özü həll edir. Onlar övladlarına zəruri dərslikləri mağazadan alırlar. Lakin buna imkanı çatmayanlar da var.
 
Jurnalistlər bir neçə mağazada olub və satışda hansı dərsliklərin olması ilə maraqlanıb:
Gəzdiyimiz mağazalarda istənilən fənn üzrə bütün siniflər üçün nəzərdə tutulmuş dərsliklər satılırdı.
Satışa daha çox "Şərq-Qərb" nəşriyyat evində nəşr olunmuş kitablar çıxarılıb. "Azəri" poliqrafiya, "Xəzər", "Təhsil" eləcə də müxtəlif adlı nəşriyyatların məhsulları olan dərsliklərin qiyməti 3 manatdan başlayır. Ən bahalı dərslik 6,5-7 manata satılır. Daxil olduğumuz mağazaların hər birində kifayət qədər dərsliklər var idi.
"Biz dərsliklərin haradan gəldiyini bilmirik, işimiz satmaqdır"
Mağaza satıcıları deyir ki, hər il kifayət qədər çox dərslik satılır: "Valideynlər gəlib bildirirlər ki, övladlarına məktəbdə verilən dərsliklər həddən artıq pis vəziyyətdədir. Sadəcə aşağı siniflər üçün olan dərsliklər deyil, bütün siniflər üzrə dərsliklər alınır. Kitabların bizə haradan və hansı yolla gəldiyini bilmirik. Bizim işimiz satmaqdır".
İş dəftəri almaq üçün mağazaya gələn Gülnarə Əhədova adlı valideyn deyir ki, keçən il 4 dərsliyi mağazadan alıb: "Məktəb tərəfindən verilən kitab həddən artıq çirkli, cırılmış vəziyyətdə idi. Uşaq başa düşmür. Əlini ağzına vurur, sonra kitabı vərəqləyir. Kitabın səhifələrindən tökülənlər, içi yazıq-yazı olanlar da var idi. Mən də məcbur qalıb özüm aldım. Çatdırmaq olmur. Kitablar o qədər də ucuz deyil".
Yeri gəlmişkən, 5-ci sinif şagirdinə iş dəftəri almaq üçün gələn həmin valideyn bütün fənlər üzrə aldığı iş dəftərlərinə 30 manat ödədi. Valideyn deyir ki, əgər bu il də uşağa yeni kitab almaq məcburiyyətində qalsa, iş dəftərinə verdiyi pulun iki qatını da dərsliyə verməli olacaq.
"Kitablar hər il toplanmaq yerinə şagirdlərdə qalsa daha yaxşı olar"
Valideyn Nəsimi Mehdiyev də eyni problemlə üzləşdiyini, verilən kitabın yararsız olması səbəbindən dəfələrlə kitabları öz hesablarına almaq məcburiyyətində qaldıqlarını bildirdi: "Kitablar hər il toplanmaq yerinə şagirdlərdə qalsa daha yaxşı olar. Bu yolla övladlarımız oxuduqlarını təkrar etmək imkanı da qazanarlar"
Satıcılar deyir ki, dərsliyin çatışmamasından şikayət edən valideynlərə də rast gəlinir: "Valideyn var ki, məktəbdən verilən dərslik işlənmiş olduğuna görə onu bəyənmir və gəlir alır. Az hallarda olsa da, dərslik çatmayan uşaqlar da olur. Eləsi də var ki, dərsliyin vəziyyətindən şikayət edir, amma deyir almağa imkanım yoxdur, uşağa demişəm birtəhər ötüşsün".
Mağazada üzərində qiyməti olmayan dərsliklər da satılırdı. Satıcı deyir ki, o kitabların qiyməti müqavilə ilə müəyyənləşdirilir: "Dərsliklərin standart qiyməti olur. Qiyməti yazılmayan dərslik çox zaman 5 manata satılır. Bu il dərsliklərin qiyməti dəyişməyib. Çoxu ötənilki qiymətə satılır".
Adının çəkilməsini istəməyən ibtidai sinif müəlliməsi isə dərsliklərdən deyil, iş dəftərlərinin qiymətindən şikayət etdi: "Valideyn məcbudur ki, iş dəftəri alsın. İş dəftərlərinin qiyməti çox bahadır. Satıcılar deyir ki, hələ indi köhnə qiymətdir. Daha da qalxacaq. Bir iş dəftəri 5-6 manata satılır. Elə dərslik də bu qiymətədir də. Buna bir əncam çəkilsə yaxşı olar".
Nazirlik nə deyir?
Təhsil Nazirliyinin məlumatına görə, bu il 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub.
Məsələ ilə bağlı "Report" bu il avqustun 26-da Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektoruna sorğu ünvanlayıb. Lakin nazirlik iki həftə keçməsinə baxmayaraq sorğuya cavab verməyib.
Qeyd edək ki, Türkiyədə məktəblilərə dövlət tərəfindən verilən dərsliklər ilin sonunda toplanmır. Yeni tədris ilində bütün şagirdlərə yeni dərsliklər verilir. Bu üsul şagirdlərin gigiyenik cəhətdən təmiz dərsliklərlə təmin etməklə yanaşı, həm də növbəti illərdə onlara qalan dərsliklərdən istifadə etmək imkanı verir.
 
Mənbə: Report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272