SOSİUM

Azərbaycanda beynəlxalq təhsil sərgisi keçiriləcək
08 SENTYABR
229

Azərbaycanda beynəlxalq təhsil sərgisi keçiriləcək

2016-09-08 09:55:00

7-9 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Azərbaycan Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunan 10-cu Yubiley Azərbaycan Beynəlxalq Təhsil sərgisi öz işinə başlayacaq. Ənənəvi olaraq, “Təhsil” sərgisi “Karyera” sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbirdir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

“Caspian Event Organisers”dən Trend-ə verilən məlumata görə, bu il “Təhsil” sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ölkələrin ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər. Sərgidə milli stendlərlə Polşa (“Go Poland”), Litva (“Study in Lithuania”) və Türkiyə (Study in Turkey) çıxış edəcəklər.

Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texnologiya Universiteti (Gəncə), Gəncə Dövlət Universiteti. “EduGuide” Azerbaijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Sərgidə hər il fəal iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin stendində isə nazirliyin yaxın illər üçün plan və proqramları barədə informasiya təqdim olunacaq.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən ünsiyyət quraraq qəbul prosesinin ilk addımları, qəbula ən yaxşı şəkildə hazırlaşma, sənəd qəbulunun müddətləri, təhsil haqqı və yaşayış yerləri kimi məsələlər xüsusunda onları maraqlandıran suallar vermək, eləcə də ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək imkanına malik olacaqlar. Bu il “Təhsil” sərgisində yenidən məktəbəqədər təhsil sektoru təqdim olunacaq. Bu sektorda Beynəlxalq Sabis Sun Məktəbi və "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi iştirak edəcək.

Sərgidə “Lukas-Nuelle” və “Sinam” şirkətləri tərəfindən “Təhsil müəssisələri üçün müasir avadanlıqlar və multimedia sistemləri” sektoru çərçivəsində laboratoriya avadanlıqları, interaktiv lövhələr, orta və ali təhsil müəssisələri üçün kompyuterlər nümayiş olunacaq.

Beləliklə, sərgi bir daha təhsil sahəsində çoxsaylı seçim imkanları təklif edən unikal platformaya çevriləcək. “Təhsil” sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, universitetlərin rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq.

Artıq sərginin saytında www.eduexpo.az ekspress-qeydiyyat fəaliyyət göstərir. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgi öz işini oktyabr ayının 9-nə kimi davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275