SOSİUM

“Press kiosk”lar, yoxsa 1001 xırdavat dükanı
03 SENTYABR
439

“Press kiosk”lar, yoxsa 1001 xırdavat dükanı

2016-09-03 11:12:00

Paytaxt Bakıda “Press kiosk” adlanan müasir tipli köşklərin quraşdırılmasından 5 ilə yaxın vaxt keçir. Bu köşklərin Bakının mərkəzində və ətraf ərazilərdə qoyulması xəbəri həm qəzet redaksiyalarını, həm qəzet yayımı ilə məşğul olan təşkilatları, həm də oxucuları çox sevindirdi. İstehsalçı rahatlıqla məhsulunu satacağını, oxucular isə konkret ünvandan istədikləri qəzeti alacaqlarını düşünərək bu yeniliyi alqışladılar. Əslində, belə də oldu. Ancaq aylar, illər ötdükcə bu köşklər də öz funksiyasını dəyişməyə başladı - çap məhsulları yaddan çıxdı, digər xırdavat məhsullarının satışına üstünlük verildi. Elə bizi də narahat edən və bu mövzuya müraciət etməyimizin başlıca səbəbi budur.

Adı qəzetin, dadı isə...

Bu başdan onu da qeyd edək ki, “Press kiosk”ların paytaxta gətirilməsi şəhərin gözəlliyinə yeni rəng qatdı. Gündən-günə müasirləşən paytaxt küçələrinin, parkların, xiyabanların, işıqlı yolların və bir-birindən gözəl binaların ətrafında bu modern köşklər xüsusi naxış kimi görünməyə başladı. Bu gün də görünüş etibarı ilə həmin effekti verir. Əmması isə odur ki, qəzet və digər çap məhsullarının satışı üçün nəzərdə tutulan bu köşklər təyinatı üzrə yox, tamam fərqli formada fəaliyyət göstərirlər və bu, qəzetçilərlə bərabər, oxucuları da ciddi narahat edir.

Bu günə qədər paytaxt ərazisində 200-dən yuxarı “Press kiosk” quraşdırılıb. Bizə daxil olan müraciətlərə və apardığımız müşahidələrə əsasən deyə bilərik ki, bu gün həmin köşklərdə qəzet satışı orada satılan bütün məhsullardan ən son pillədə dayanır. Köşkə yaxınlaşıb vitrinlərində düzülən məhsulları görəndə dərhal başa düşürsən ki, burada alver qəzet satışına görə yox, ərzaq və ya qeyri-ərzaq məhsulları üzərində qurulub. Bu yaraşıqlı köşklərdə şirniyyat məmulatları, siqaret, kontur, meyvə şirələri, müxtəlif növ sular, çipsi və tum çeşidləri, hətta uşaq oyuncaqları, bəzilərində büjiteriya malları və çoxlu sayda digər məhsulların satışı həyata keçirilir. Bir sözlə, qəzetlərin bir küncə atıldığı “Press kiosk”da “şıdırğı alver” gedir. Metro çıxışlarında, şəhərin mərkəzi küçələrində onların qarşısında əməlli-başlı növbə olduğunu görmək mümkündür. Özü də bu işi mövsümə uyğun təşkil ediblər. Məsələn, indi yay fəslidir, suyun, dondurmanın ən “xod” gedən vaxtıdır. Bunlar üçün nəzərdə tutulmuş soyuducular köşkün qarşısında yerləşdirilib. Bir neçə yerdə müşahidə apararkən də bu bəzəkli qəzet köşklərdən qəzet yox, sadaladığımız məhsulların alıcılarını gördük, satıcılar da həvəslə alverlərini edirlər...
Köşkün sağ və sol qapılarından asılmış, səliqəsiz düzülüşü və azlığı ilə fərqlənən qəzet çeşidləri isə vitrini bəzəyən digər məhsulların arxasında itib-batıb. Onların çap tarixi ilə maraqlananda görürsən ki, bir qismi köhnə nömrələrdir. Burada rəsmi dövlət nəşri olan “Azərbaycan” qəzetinin isə heç köhnə nömrəsini də tapmaq mümkün deyil. Baxmayaraq ki, abunə ilə yanaşı, hər gün dövlət qəzetinin bir qismi də pərakəndə satış üçün nəzərdə tutulur. Amma bəzən elə olur ki, oxucular şəhərdə heç yerdə qəzet tapmayıb “Azərbaycan” qəzetinin redaksiyasına üz tuturlar. Əvvəllər həftənin son günlərində bu vəziyyətlə qarşılaşdıqlarını desələr də, indi ara günlərdə də belə olduğunu bildirirlər. Eyni vəziyyəti bir sıra başqa mətbu orqanların da satışına şamil etmək olar. 

Mövcud vəziyyətlə bağlı satıcılardan nəsə öyrənmək istəsək də, eyni kursun məzunları kimi, oxşar sözlər dedilər. Məsələn, - “bizlik deyil”, “bizə nə verirlər, onu da satırıq”, “yayım firmaları bizə bu qədər qəzet gətirir” və ya “qəzet indi kimə lazımdır” - ifadələrini onlardan daha çox eşitdik. Bir çoxu köşkə qəzetlərin hansı firmadan gətirilməsindən, hansı qəzetlərin çox və ya az satılmasından, ümumiyyətlə, qəzet işindən xəbərsiz olduğunu etiraf etdi. Bəzən də elə satıcılara rast gəlirsən ki, bir dənə qəzetin adını düz-əməlli bilmir. Adama elə gəlir ki, heç bu satıcı Azərbaycan dilində oxuya da bilmir (bəlkə də özünü elə göstərir), ancaq bütün siqaretlərin adını (əcnəbi dildə olsa belə) əzbər bilir. Hiss edirsən ki, mətbuat köşkünün satıcıları ərzaq mağazalarında “təcrübə” keçiblər, onları nə qəzet satmaq, nə də bu qəzetlərdə nədən, haradan yazılması maraqlandırır.

Köşklərdən didərgin salınan qəzetlərin günahı nədir

Heç kimin işinə qarışmaq istəmirik, heç buna həvəsimiz də yoxdur! Köşk yox, lap super-market işlət, alverini də et, beş də artıq qazan! Amma insafın olsun, qəzeti də sat, daha əksinə yox! Axı, bu köşklər qəzetçilərin işini rahatlaşdırmaq, bu sahədə satışın səliqəli və sistemli təşkilini yaratmaq üçün dövlətin birbaşa dəstəyi ilə gətirilib, insanların ixtiyarına verilib. Amma burada qəzetdən başqa hər şey satılır. Əslində, qəzet baş aldatmaq üçün düzülür. Qəzetlərin, oxucuların günahı nədir, bəs onlar qəzeti haradan alsınlar? 

Mövcud vəziyyətlə bağlı qəzet satışı ilə məşğul olan bir neçə yayım firması ilə əlaqə saxladıq. Onların “Press kiosk” adlanan yeni köşklərə qəzet verib-vermədiyi ilə maraqlandıq. Müraciət etdiyimiz “Azərmətbuatyayımı” ASC, “Qaya”, “Xpress-Elita” MMC, “Səma-M” MMC, “Kaspi” MMC, “Ziya” LTD və “Pressainform” MMC-dən heç biri nə yeni köşklərə qəzet verdiyini, nə də köşk sahiblərinin onlara qəzetlə bağlı müraciət etdiyini bildirdilər. Düzdür, adını çəkdiyimiz firmalardan öz köşkləri olanlar da var, ancaq çox az sayda. Hətta bəzi firmalar yeni köşklərin nəinki onlardan qəzet alması, bəzi hallarda satışa mənfi təsir göstərdiyini düşünürlər. Danışdığımız yayım firmalardan yalnız biri - “Əks-səda” MMC-dən “Press kiosk”lara qəzet verdiyini, onlarla əməkdaşlıq etdiyini bildirdilər. Firmanın inzibatı katibi Etibar Cabbarov dedi ki, işimizi yeni köşklərlə qurmuşuq. İcarədar hansı köşkə, hansı qəzetdən nə qədər lazım olduğunu sifariş verir, biz də həmin köşkü qəzetlə təmin edirik. 

Açığı, düşünürdük ki, əksər yayım firmaları təzə köşklərlə əməkdaşlıq etdiyini deyəcək. Məlum oldu ki, bu köşklərdəki qəzetlərin sayı kimi, onlarla əməkdaşlıq edən firmaların da sayı azdır. Maraqlıdır, bəs yayım firmaları sırf qəzet satışı üçün nəzərdə tutulan bu köşklərlə niyə əməkdaşlıq etmirlər, onlara mane olan nədir? Ümumiyyətlə, “Press kiosk”larda qəzet satışını kimlər tənzimləyir, satışa nəzarət necə qurulub?

Qəzet satışına maraq göstərən yoxdur

Qeyd edək ki, yayım firmalarının məsələyə münasibətindən belə göründü ki, yeni köşklər onlarla əməkdaşlığa meyilli deyillər, yəni, qəzet istəmirlər. Dövlətin sərəncamında olan bu mətbuat köşklərinin şəhərdə quraşdırılması və fəaliyyətini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Biz də məsələ ilə bağlı şəhər icra hakimiyyətinin ticarət və xidmət departamenti ilə əlaqə saxladıq. Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirdi ki, onlardan asılı olmayan səbəbdən qəzet satışı əvvəlki illərə nisbətən aşağı düşüb: “Əhalinin böyük əksəriyyəti internet istifadəçisidir, sosial şəbəkələrdən, müxtəlif saytlardan geniş istifadə edirlər. Hər kəsdə də internetə giriş imkanı olan smart telefonlar var. Təbii ki, bu vasitələr insanların informasiyaya olan tələbatının ödənilməsində böyük rol oynayır, nəticədə çap məhsullarının satışı azalır. “Press kiosk”lar paytaxta təzə gətiriləndə onların fəaliyyətinin konkret çap məhsullarının satışı üzərində qurulması nəzərdə tutulmuşdu. Ancaq sonrakı illərdə digər məhsulların satışı qəzet satışını üstələdi”. O əlavə etdi ki, az sayda qəzet satmaqla köşkü saxlamaq çətindir. 

Ə.Bağırov “Press kiosk”ların qəzet üçün nəzərdə tutulsa da, digər məhsulların satışı üçün də əlverişli olduğunu dedi: “Dünənə qədər şəhər küçələri dondurma aparatları ilə dolu idi. Hər tərəfdə sular, müxtəlif növ məhsulları düzüb satırdılar. Küçələrdə çoxlu sayda yöndəmsiz belə “məntəqələr” düzəltmişdilər. İndi yeni köşklər vasitəsi ilə belə hallar məhdudlaşdırılıb, bu iş səliqəli şəkildə həyata keçirilir, həm də antisanitariyanın qarşısı alınır”. 

Köşklərə qəzetlərin verilməsinə gəldikdə, departament sözçüsü bir neçə yayım firmasının onlara qəzet verdiyini dedi. “Əks-səda” MMC-dən savayı, digər firmaların konkret adını çəkməsə də, qapılarının qəzet satışı üçün müraciət edən istənilən firmanın üzünə açıq olduğunu bildirdi: “Biz tərəfdən heç bir problem yoxdur, “Press kiosk”larda kim qəzetini satmaq istəyirsə, rəsmi şəkildə müraciət etsin, müqavilə əsasında qəzetini sataq. Biz heç bir yayım firmasına deməmişik ki, siz öz məhsulunuzu “Press kiosk”larda sata bilməzsiniz”.

Onu da qeyd edək ki, nəinki Bakı şəhərində, ölkənin bütün bölgələrində, xüsusilə insanların sıx məskunlaşdığı, tələbatın çox olduğu yerlərdə böyük super-marketlər, mağazalar, bazarlar fəaliyyət göstərir. İstədiyin hər bir şeyi oradan ala bilərsən. Yəni, şəhərdə qəzet köşkünü ərzaq obyektinə çevirmədən də bu səliqə-sahman, rahatlıq təmin edilib.

İnternet texnologiyasının qəzet satışına təsirinə, ümumiyyətlə, çap mediasını sıxışdırmasına gəldikdə isə bütün dünyada bu proses gedir. Ancaq təbii şəkildə, yəni, insanların tələbatına, mövcud dövrə uyğun tərzdə. İnternet məhsullarından nə qədər çox istifadə olunsa da, dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da qəzet oxucuları var. Qəzetin öz üstünlüyü, öz cazibəsi var. Dünyanın inkişaf etmiş, çap və internet mediasını bizdən çox-çox qabaq əxz etmiş ölkələrini nümunə göstərmək olar. Məsələn, Amerikada kompüter texnologiyasından, internetdən 50 ildən yuxarıdır geniş şəkildə istifadə olunur. Əhali 100 faiz internetlə təmin olunub. Ancaq bu gün də orada 1 milyon, 2 milyon tirajla çıxan qəzetlər var. 10 minlərlə, 100 minlərlə tirajlanan qəzet və jurnalların sayı yüzlərlədir.

Ona görə də köşklərdə qəzetlərin satışının azalmasını ancaq texnologiyanın yaratdığı imkanlarla və ya insanların başqa məhsullara olan tələbatı ilə bağlamaq inandırıcı deyil. Biznes qaydalarından da məlumdur ki, nəyi reklam edirsən, hansı məhsulu piştaxtaya yaxşı düzürsən, gözəl təqdim edirsən, o da satılır. Yox əgər bir şeyi ki, digər məhsulun arxasında gizlədib, urvatsız edib vaxtlı-vaxtında müştərinin tələbatını ödəmirsənsə, onda əlbəttə ki, o məhsul satılmayacaq, lap yox olub itəcək də! Oxucu da belədir - bir dəfə, iki dəfə istədiyi qəzeti tapmadıqda, ümumiyyətlə, getdiyi yerdə qəzetə münasibətin aşağı olduğunu gördükdə, daha ora getməyəcək, hətta qəzet oxumaq həvəsindən də düşəcək. Bu da qəzet satışının sürətlə azaldılmasına, oxucularının isə kütləvi şəkildə itirilməsinə gətirib çıxaracaq...

“Azərbaycan”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274