SOSİUM

İş yerindəki qəzalar dərhal qeydə alınacaq – YENİ ELEKTRON XİDMƏT
25 AVQUST
235

İş yerindəki qəzalar dərhal qeydə alınacaq – YENİ ELEKTRON XİDMƏT

2016-08-25 10:35:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yeni elektron məlumat sistemini istifadəyə verib. Nazirlikdən fins.az-a verilən məlumata görə, xidmət istehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsini nəzərdə tutur.

Qanunvericiliyə əsasən, hər bir işəgötürən is yerində baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq dərhal ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verməyə borcludur. Daxil olan məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və təhqiqatının aparılması məqsədi ilə Xidmətdə komissiya yaradılır, təhqiqatı aparılır.

“Elektron hökumət” portalı üzərindən təqdim olunan yeni xidmət istehsalatda baş verən bədbəxt hadisələr barədə məlumat verilməsi prosesinin elektron qaydada həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə şərait yaradır.

Yeni elektron xidmət əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə, habelə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya edilib. Həmçinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin elektron imza sertifikatları verilmiş dövlət qurumları, hüquqi və fiziki şəxslər üzrə informasiya sisteminə inteqrasiya şəraitində fəaliyyət göstərəcək.

İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumat vermək üçün müvafiq müəssisənin məsul şəxsi (istifadəçi) www.e-gov.az internet ünvanına daxil olduqdan və e-imza kartı (yaxud Mobil Autentifikasiya Sertifikatı) ilə autentifikasiyadan keçdikdən sonra “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” e-xidmətini seçir. Bu zaman işəgötürən haqqında məlumatlar sistemdə əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən olunur.

İstifadəçi bədbəxt hadisənin baş verdiyi tarixi, saatı və ünvanı, hadisə haqqında qısa məlumatı, onun baş vermə şəraitini, zərərçəkənlər, habelə hadisə ilə bağlı məlumat verən şəxs barədə məlumatları daxil edir. Zərərçəkən işçilər barədə məlumatlar da qeyd edilən sistemlərə inteqrasiya şəraitində avtomatik rejimdə müəyyən edilir.

İstifadəçi müraciəti təsdiq etdikdən sonra müraciət dərhal sistemdə qeydiyyata alınır. Bunun ardınca istifadəçiyə onun müraciətinin, yəni istehsalatda baş verən bədbəxt hadisə barədə məlumatların qeydiyyata alınmasına dair Bildiriş göndərilir və Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən komissiya yaradılaraq, həmin bədbəxt hadisənin təhqiqatının aparılmasına başlanılır. Yeni e-xidmət iş yerlərində istehsalatla əlaqəli bədbəxt hadisələr barədə aidiyyəti dövlət strukturuna məlumatın verilməsi prosedurunun elektron əsaslar üzərində təkmilləşməsinə, bu sahədə təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə yönəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275