SOSİUM

Toyların azalması mebelləri ucuzlaşdırdı – ARAŞDIRMA
24 AVQUST
773

Toyların azalması mebelləri ucuzlaşdırdı – ARAŞDIRMA

2016-08-24 09:58:00

Son aylarda Azərbaycanda dolların  bahalaşması mebel satışına da mənfi təsir edib. Əhalinin gəlirlərinin azalması alıcılıq qabiliyyətini aşağı saldığından mebel salonlarında satışlar da xeyli azalıb.

Bunu fins.az-ın sorğusuna cavab verən dükan sahibləri də təsdiqləyiblər. Bildiriblər ki, dolların bahalaşması ilə xaricdən mal gətirilməsi  çətinləşib. 

Uzun illərdir mebel satışı ilə məşğul olan Toğrul Vəliyev bildirir ki, xaricdən  baha qiymətə gətirilən mebellərin alıcısı da olmur. “Ona görə biz  qiymətləri aşağı salmağa məcbur oluruq. Məsələn, əvvəl 3 min manata satdığım mebeli indi 2 min  manata satıram.  Çünki o qiymətə onu alan yoxdur”.

Toy edənlər də azalıb

Mebellərin ucuzlaşmasının digər səbəbi toyların azalmasıdır. T.Vəliyev deyir ki, iqtisadi çətinliklər evlənənlərin sayını da aşağı salıb:

“Mebeli daha çox yeni evlənənlər üçün alırdılar. Əvvəllər onlar üçün bütün mebel dəstləri alınırdı. İndi ancaq yataq və yumşaq mebel dəstləri ilə kifayətlənirlər. Həm də daha ucuz mebellərə üstünlük verirlər.  Ona görə xaricdən mebellərin gətirilməsi sərfəli deyil”.

Yerli  mebellər bazarı ələ alıb

T.Vəliyevin sözlərinə görə, əvvəllər  ildə 50 000 dəst mebel gətirildiyi halda, indi bu rəqəm 1 000 -2 000 dəstə enib. Əvəzində bu il yerli istehsal xeyli artıb. Alıcılar da nisbətən ucuz başa gələn  bu məhsullara üstünlük verirlər.

“Mebellər əsasən, Türkiyə və Çindən gətirilir.  Belarusiya, Rumıniya, İtaliya mebelləri bazarda çox azdır. İndi isə bazarın ancaq 10 faizini xaricdən gətirilən mallar təşkil edir. Yerli məhsullar üstünlük qazanıb. Təkcə Bakıda 50 –dən çox, ümumilikdə isə 100-dən artıq yeni mebel zavodu və sexi işə başlayıb”.

Kim daha ucuz satır?

T.Vəliyevin sözlərinə görə, xaricdən gətirilməsi 2 000 manata başa gələn mebellərin yerli müəssisələrdə istehsalı 1 000 manat olur:

“Onun daşınma xərcləri də az olduğundan satış qiymətləri digərləri ilə müqayisədə xeyli ucuzdur. Ona görə də alıcılıq qabiliyyəti aşağı  düşən vətəndaşlar yerli məhsullara üstünlük verirlər”.

Yerli istehsalın artması  yeni iş yerlərinin açılmasını da stimullaşdırıb. Bu, eyni zamanda  çətin iqtisadi vəziyyətdə idxaldan azad olmağa imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272