SOSİUM

Sahibkarlar işçilərini sığorta etməkdən yayınır – SƏBƏBLƏR
16 AVQUST
191

Sahibkarlar işçilərini sığorta etməkdən yayınır – SƏBƏBLƏR

2016-08-16 15:50:00

Sahibkarlar ölkə başçısının tapşırığı ilə bir çox yoxlamaların aradan qaldırılmasından sui-istifadə edirlər. Bu da istehlakçı hüquqlarının qorunmasında  problemlər yaradır.

Nəzarətsizlikdən istifadə edən  sahibkarlar əmək qanunvericiliyinin tələblərini pozmaqdan da çəkinmirlər. Vətəndaşların Əmək Hüquqlarının  Müdafiəsi Liqasının (VƏHML) araşdırmaları göstərib ki, formal əmək bazarında əmək müqaviləsi üzrə işləyənlərin 28,6 %-i istehsalatda bədbəxt hadisə və peşə xastəlikləri hallarından icbari sığorta olunmayıb.

Qanuna məhəl  qoymurlar

İnzibati Xətalar Məcəlləsinə əsasən,  işçilərini bədbəxt hadisə və ya peşə xəstəlikləri hallarından sığorta etməyən hüquqi şəxs 5 000 manat cərimə olunmalıdır.  Lakin bu sahədə yoxlamalara qadağa qoyulduğundan sahibkarlar qanunun tələbindən yan keçərək işçiləri sığorta etmirlər. 

2015-ci ildə formal əmək bazarında icbari sığorta olunanların sayı 1 067 600 nəfər olub.VƏHML-dan  fins.az-a verilən  açıqlamaya görə, rəsmi statistikada məşğul əhalinin sayı 4 milyon 556 nəfər göstərilib.  

“Beləliklə 2015-ci ildə faktiki məşğul olub icbari sığortaya cəlb olunmyanların sayı 3 488 400 nəfər təşkil edib. Bu şəxslər sığorta hadisəsi baş verdikdə əksəriyyət hallarda kompensasiya ala bilmirlər”.

Qanunvericiliyə əsasən, sığorta olunmayan işçilərin sağlamlığına dəyən ziyanın əvəzini işəgötürən ödəməlidir. Əmək müqaviləsi olmadan işləyən və qeyri-formal əmək bazarının iştirakçısı olan işçilər təbii ki, hadisə baş verdikdə onu məhkəmə qaydasında sübut etməlidir. Bu isə praktiki baxımdan  olduqca çətindir.

İşdə yaralananlara nə qədər kompensasiya ödənilib? 

Bununla belə, araşdırmalar göstərib ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta sisteminin tətbiqinin effektivliyi artıb. 2015-ci il ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri halları üzrə sığorta ödənişləri 2 429 300 manat təşkil edib.

Rəsmi statistikaya görə, 2015-ci ildə  qeydə alınan istehsalatda bədbəxt hadisələrdə  xəsarət alanların sayı 161 nəfər olub. Onlardan 111 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 50 nəfər isə bədbəxt hadisə nəticəsində vəfat edib. 

Onu da deyək ki, Səhiyyə Nazirliyi peşə xəstəliklərinə dair  göstəriciləri açıqlamır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272