SOSİUM

Bələdiyyələr də ixtisara başlayacaq - QƏNAƏTƏ KEÇİRLƏR
15 AVQUST
320

Bələdiyyələr də ixtisara başlayacaq - QƏNAƏTƏ KEÇİRLƏR

2016-08-15 11:38:00

Son günlər bələdiyyə qulluqçularının fəaliyyətinin  səmərəliliyini artırmaq və maliyyə xərclərini optimallaşdırmaq məqsədiylə  bir sıra bələdiyyələrdə ixtisarlar aparılacaq.

Bələdiyyələrin fəaliyyətinin təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli fins.az-a açıqlamasında deyib ki, indi bələbiyyələrdə ixtisarlar zəruridir: “Bələdiyyənin ilk iclasında  onların strukturu təsdiq edilməlidir. Lakin bu qaydada heç də bütün bələdiyyələrdə əməl edilmir.  Ona görə də bir-birini təkrarlayan ştatlar çoxdur.  Onların ləğvinə ehtiyac var”.

Birlik rəhbəri ixtisarları bələdiyyələrin gəlirlərinin azalması ilə izah edib: “ 2014-cü ildə bələdiyyələrin büdcə gəlirləri 50 milyon manat, 2015-ci ildə isə 30 milyon manat olub. Kəskin fərqin yaranması xərclərin azaldılmasını labüd edir”.

Hər manatın qədrini  bilməli

V.Tofiqlinin fikrincə,  normal  xidmət göstərməsi üçün dövlət  bələdiyyələrə hər cür şərait yaradıb: “Bu gün bələdiyyə sədrləri hər manatın qədrini bilməli, onu səmərəli şəkildə xərclənməsinə nail olmalı, çalışdıqları qədər büdcə gəlirlərini əlavə təsərrüfat fəaliyyətiylə zənginləşdirməlidirlər”.

Fins.az belediyye.info-ya istinadən xəbər verir ki, hələlik Bakının rayonlarındakı bələdiyyələrdə  ixtisarlar başlamasa da, digər tədbirlər müzakirə edilir.

“Bələdiyyə fabriki” müzakirə edilir

Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədri İxtiyar Nəcəfov isə bildirib ki, qurumda  iqtisadi çətinliklər olsa da ixtisarlara başlamayıblar:

“İqtisadi vəziyyəti düzəltmək üçün ixtisara əl atmağı çıxış yolu hesab etmirəm. Bizim əsas məqsədimiz yığılan vergilərdən səmərəli şəkildə istifadə etməkdir.”

Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin sədri Ramiz Nəsibov fins.az-a bildirib ki, inkişaf edən bələdiyyələrdə ixtisardan söhbət gedə bilməz:

“Maliyyə imkanlarından istifadə edərək Bakıxanov bələdiyyəsi istehsal sahəsi yaratmaq təşəbbüsü ilə çıxış edib. Yaxın günlərdə bələdiyyə iclasında “bələdiyyə fabriki”nin yaradılması müzakirəyə çıxarılacaq”.

Yeni bazar və tikiş fabriki qurulacaq

R.Nəsibovun sözlərinə görə rəhbərlik etdiyi qurum Bakıxanov qəsəbəsində tikiş  fabriki və kənd təsərrüfatı mallarının satış yarmarkasını işə salmaq niyyətindədir.

“Layihəyə əsasən, Xaçmaz və Quba bələdiyyələri ilə müqavilə bağlayaraq yerli məhsulların Bakıxanovda ucuz qiymətə satışını təşkil edəcəyik. Sakinlərə  sağlam və  təzə meyvə-tərəvəzi  daha tez çatdırmağı düşünürük”.

Bələdiyyə sədri qəsəbədə tikiş fabrikinin qurulmasını da planlaşdırıb: “Düşünürük ki, burada bələdiyyə işçilərinin, ədliyyə orqanları əməkdaşlarının və digər qurumların uniformalarını tikək. Əgər Ədliyyə Nazirliyi sifarş versə yaxın 3 ayda fabriki işə sala bilərik”.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270