SOSİUM

Tələbələrin köçürülməsinə başlandı – YENİ QAYDA
10 AVQUST
960

Tələbələrin köçürülməsinə başlandı – YENİ QAYDA

2016-08-10 14:32:00

Bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən, yaxud bir ixtisasdan digərinə köçürülməsi üçün sənədlərin qəbuluna başlanıb. Təhsil Nazirliyindən fins.az-a verilən xəbərə görə, proses sentyabrın 5-dək davam edəcək.

Bildirilib ki, tələbələrin köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçiriləcək. Bununla bağlı Dövlət İmtahan Mərkəzi ilə birgə Transfer.edu.az elektron portalı yaradılıb.

Eləcə də bax: "ASAN peşə" başlayır – YENİLİK

Portalın yaradılması bakalavriat səviyyəsində ali təhsil müəssisələrinə köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Bununla da tələbələrin köçürülməsi mərkəzləşdirilmiş qaydada aparılacaq.

Transfer.edu.az portalına müraciət edən şəxslər köçürülmək istədiyi ali təhsil müəssisəsini seçmək imkanına malik olacaq. Bunun üçün onlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirəcək.

Köçürülmənin elektron qaydada həyata keçirilməsi üçün ali təhsil müəssisəsində illər üzrə hər bir ixtisasa dair boş olan yerlər barədə məlumatlar elektron portalda yerləşdiriləcək.

Qeyd edək ki, tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. Bu zaman Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır.

Həmçinin, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi eyni ixtisas qrupu daxilində olmalıdır.

Nazirlikdən bildiriblər ki, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə yol verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271