SOSİUM

Referendum üçün 5,28 mln-dan çox səsvermə bülleteni çap olunacaq
08 AVQUST
154

Referendum üçün 5,28 mln-dan çox səsvermə bülleteni çap olunacaq

2016-08-08 11:49:00

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar bu gün Milli Məclisin mətbəəsində səsvermə bülletenlərinin çapına başlanıb.

“Referendumla bağlı 5 mln. 280 min 924 ədəd bülleten çap olunacaq”, - deyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisin mətbəəsində jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə MSK-dan dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

İyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi təklif olunur.

Konstitusiyanın 100-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər) yaş məhdudiyyətinin aradan qaldırılması təklif olunur. Hazırda yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.

Bundan başqa, dəyişikliklər çərçivəsində prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılması nəzərdə tutulur (hazırda 5 ildir).

Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.

Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.

Konstitusiya Məhkəməsi iyulun 25-də keçirilən iclasda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı Referendum Aktı layihəsini qəbul edib.

Prezident İ.Əliyev Referendum Aktı layihəsinin 2016-cı il sentyabrın 26-da ümumxalq səsverməsinə (referenduma) çıxarılması haqqında sərəncam imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272