SOSİUM

Fins.az Vergilər Nazirliyinin müsabiqəsində - QALİB OLDU
27 İYUL
488

Fins.az Vergilər Nazirliyinin müsabiqəsində - QALİB OLDU

2016-07-27 10:12:00

Vergilər Nazirliyi və Mətbuat Şurası «Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində» mövzusunda fərdi yazı müsabiqəsinə yekun vurublar. İyulun 26-da nazirlikdə nəticələrinin elan olunması və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. 

Tədbirdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycanda müstəqil, eyni zamanda dövlətçilik prinsiplərinə cavab verən və milli maraqları qoruyan, obyektiv KİV sistemi formalaşıb. S.Ələkbərov Vergilər Nazirliyinin mətbuata daim açıq olduğunu və KİV nümayəndələri ilə sıx əməkdaşlıq etdiyini deyib. 

Azərbaycanın vergi sisteminin və vətəndaşlarda vergi mədəniyyətinin formalaşmasında KİV-in böyük rol oynadığını vurğulayan nazir müavini bildirib ki, büdcə gəlirlərinin artırılması üçün vergi təbliğatının gücləndirilməsi, vergilərin hara və niyə xərclənməsi barədə həmin vergiləri ödəyənlərin daha ətraflı məlumatlandırılması, bu sahədə şəffaflığın təmin edilməsi üçün hələ çox işlər görülməlidir. 

Budəfəki müsabiqənin məqsədi də vergi sistemi ilə bağlı məlumatların cəmiyyətə çatdırılmasında vətəndaş və jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarət idi. S.Ələkbərov bildirib ki, müsabiqəyə 62 yazı təqdim olunub. Bu yazılar yeni iqtisadi inkişaf modelinin formalaşmasında vergi siyasətinin rolu, vergi islahatları, vergi təbliğatı, vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi sisteminin və sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və s. mövzuları əhatə edib. 

Məqalələr Vergilər Nazirliyi və Mətbuat Şurasının müəyyən etdiyi xüsusi komissiya tərəfindən qiymətləndirilib. Yazıların qiymətləndirilməsi zamanı materialların mövzusu, nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti, ifadə vasitələrinin zənginliyi, oxucu üçün informasiyalılıq dərəcəsi və digər parametrlər əsas götürülüb. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Vergilər Nazirliyi ilə birgə keçirilən yazı müsabiqəsinə jurnalistlərin böyük maraq göstərdiyini, təqdim edilən yazıların geniş spektrli olduğunu bildirib. Ə.Amaşov bildirib ki, bunun səbəbi nazirlikdə media ilə münasibətlərin yüksək səviyyədə qurulmasıdır və bu əməkdaşlıq gələcəkdə də davam edəcək. 

Sonra qaliblərin adları açıqlanıb, onlara diplomlar və qiymətli hədiyyələr təqdim edilib. Jurnalistlər arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

I yer -  İlhamə Abdullayeva (“Fins.az” İnformasiya Agentliyi); 

II yer -  Rauf Nəsirov (“Bakinskiy raboçiy” qəzeti) və Həbibə Qafarova (“afn.az” İnformasiya Agentliyi); 

III yer - Tamilla Xəlilova (“Kaspiy” qəzeti) və Seymur Əliyev (“moderator.az” İnformasiya Agentliyi). 

Həvəsləndirici mükafatlar Elxan Salahov (”İki sahil” qəzeti), Ramiz Cürənov (“APA” İnformasiya Agentliyi), Əziz Xəlilov (“Exo” qəzeti), Nadir İsmayılov (“Yeni Azərbaycan” qəzeti) və Tural İbadlıya (“Report” informasiya Agentliyi) təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272