SOSİUM

Maliyyə Sabitliyi Şurası yaradıldı - FƏRMAN
15 İYUL
727

Maliyyə Sabitliyi Şurası yaradıldı - FƏRMAN

2016-07-15 17:29:00

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb.

Ölkə iqtisadiyyatının əsas prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. Aparılan iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkəmizin beynəlxalq aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın davamlılığı təmin olunub.

Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin azalması və mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərir. Dünyada cərəyan edən iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və ölkədə müəyyən olunmuş iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq, sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.

Makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsini vacib edir.

Qeyd olunan məqsədlərə nail olunması üçün əlverişli biznes və investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək imkanları yaradılmalı, bank sisteminin etibarlılığı artırılmalı, sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli, normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi təmin olunmalıdır.

Fərmanda qeyd olunur ki, ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası (bundan sonra – Şura) yaradılsın:

Şuranın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Şuranın üzvləri:

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Rüfət Aslanlı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri

Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.

Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Mərkəzi Bankına tövsiyə edilir.

Müəyyən edilir ki, bu fərmanın 4.1-ci və 4.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər.

Şuraya bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud vəziyyətini təhlil etmək, habelə qanunvericilik bazasının ekspertizasını həyata keçirmək, maliyyə sabitliyinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə bu barədə Azərbaycan Prezidentinə hər rübdən sonrakı ayın 30-dək məlumat vermək tapşırılıb.

Nazirlər Kabinetinə isə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş hallarda Şuranın müraciəti əsasında maliyyələşdirməni təmin etmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274