SOSİUM

Ünvanlı sosial yardımın dayandırılması xəbərinə - CAVAB
13 İYUL
424

Ünvanlı sosial yardımın dayandırılması xəbərinə - CAVAB

2016-07-13 16:49:00

Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur

Bir sıra KİV-lərdə Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu barədə fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib. Bildirib ki, belə şaiyə xarakterli məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib: "Hazırda ölkəmizdə mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilir. 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir".

Şöbə müdiri deyib ki, sosial yardımların ödənişi avtomatlaşdırılmış qaydada aparılır və hər hansı bir məmurun iradəsindən asılı deyildir:

“Bu ilin fevralından tətbiqinə başlanılan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ölkəmizdə sosial yardım təyinatı sisteminin müasir əsaslar üzərində qurulmasına, aztəminatlı ailələrin bu yardım növündən daha şəffaf şəraitdə, heç bir məmur müdaxiləsi olmadan faydalanmalarına imkan yaradıb. Ötən müddətdə 48 min 844 nəfər ailə üzvü olan 12 min 383 ailəyə VEMTAS tərəfindən avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib".

E.Babayev bildirib ki, elektron şəkildə müraciətlərinin qəbulu, bu müraciətlərin sistem tərəfindən avtomatlaşdırılmış şəkildə araşdırılması və qərar verilməsi prosesi adi qaydada davam etdirilir.

Onun sözlərinə gprə, aztəminatlı ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin əmək potensiallarının reallaşdırılması, onların özünüməşğulluğuna şərait yaradılması istiqamətində də işlər aparılır. "Bu məqsədlə 6 milyon vəsait ayrılıb ki, həmin vəsait hesabına ölkə üzrə təqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılır".

E.Babayev bildirib ki, aktiv məşğulluq tədbirlərinə cəlb edildikdən sonra öz gəlirlərini adambaşına ehtiyac meyraından yuxarı təmin etmək imkanlarına yiyələnəcək ailələrin ünvanlı sosial yardım proqramından çıxaracağı nəzərdə tutulur.

"Burada əsas məqsəd ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin etməkdir. Lakin bu işlər ölkədə aztəminatlı ailələrlə bağlı dövlət sosial yardımı proqramının dayandırılacağına dəlalət etmir və özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi qarşıdakı dövrdə də davam etdiriləcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272