SOSİUM

Ağstafada sənaye parkı açılacaq - 300 İŞ YERİ
17 İYUN
272

Ağstafada sənaye parkı açılacaq - 300 İŞ YERİ

2016-06-17 14:32:00

Ağstafada yeni sənaye parkının təməli qoyulub. 

Fins.az-ın APA-ya istinadən məlumata görə, təməlqoyma mərasimində Ağstafa rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, başçının müavinləri, rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdirləri və məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, rayon ağsaqqalları və ziyalıları, yerli iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən M. Quliyev ilk öncə rayon sakinlərini belə böyük layihənin icrasının başlanması münasibəti ilə təbrik edib. Bildirib ki, "Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı İlham Əliyevin yerlərdə sənaye məhəllələrinin yaradılması və iş adamları tərəfindən regionlarda biznes layihələrinin icrası və yeni iş yerlərinin açılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda görülən məqsədyönlü  tədbirlər sayəsində “Karvan-L” şirkətinin istehsal və emal müəssisələrini birləşdirən sənaye parkının təməl qoyulur. 

Tədbirdə qeyd olunub ki, inşa olunan sənaye parkında kənd təsərrüfatı məhsulları tullantılarının emalı və üzvü kimyəvi məhsulların istehsalı müəssisəsi, 5-ci nəsil texnoloji idarəetməyə əsaslanan istixana kompleksi, inşaat materialları (dəmir dam örtükləri, plastik və şüşə materialları) istehsalı müəssisəsi, plastik tullantıların təkrar emalı müəssisəsi və 200 hektar ərazisi olan üzüm, ərik, xurma və digər meyvə bağları, soyuducu anbar kompleksi və hazır məhsulun satışı xidməti mərkəzi olacaq. Bu layihənin icra edilməsi nəticəsində 300 nəfər yeni işlə təmin ediləcək, mövsümü işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı-Qazax avtomobil yolunun kənarında inşa edilən sənaye parkının ərazisində böyük abadlıq və yaşıllıq işləri aparılacaq və gələcəkdə yeni otel infrastrukturunun yaradılması da həyata keçiriləcək. Həmçinin bildirilib ki, bu layihə ilə yanaşı rayonda taxıl və un məmulatları kombinatının tikintisi işləri də başlanıb. 

Bundan başqa rayonda yeni xalçaçılıq müəssisəsinin yaradılması istiqamətində təşkilati tədbirlər həyat keçirilir. 

Layihənin icraçısı olan “Karvan-L” şirkətinin rəhbəri Əbülfəz Qafarov ölkəmizdə iş adamlarına göstərilən dövlət qayğısından danışaraq qeyd etdi ki, “Karvan-L" MMC sənaye parkı layihəsi prezident İlham Əliyevin regionlarda sənaye məhəllələrinin yaradılması və iş adamlarının bölgələrdə biznes layihələrinin icrası barədə tapşırığına uyğun olaraq həyat keçirilir. Bu layihənin ərsəyə gəlməsində Ağstafa rayon İcra hakimiyyətinin başçısının əməyini minnətdarlıqla qeyd edən natiq bildirib ki, sənaye parkında nəzərdə tutulan bir neçə müəssisənin yaxın iki ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Bu müəssisələrin istifadəyə verilməsi ilə yüzlərlə ailə daimi işlə təmin olunacaq, sənaye sahəsi ilə yanaşı aqrar sektorun da inkişafına təkan olacaq. Burada istehsal olunan məhsullar həm yerli bazara çıxarılacaq, həm də ixrac üçün nəzərdə tutulur. 

Tədbirdə çıxış edən digər natiqlər də sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması sahəsində ölkə başçısı tərəfindən həyata keçirilən siyasəti  dəstəklədiklərini bildirdilər. Qeyd olundu ki, “Karvan-L” MMC sənaye parkı sovetlər dövründən keçən müddət ərzində rayonda icra olunan ən böyük layihədir. Çıxışlarda əminlik ifadə edilib ki, ilk layihənin icra olunması rayonda yeni iş yerlərinin yaradılması istiqamətində yeni biznes layihələrinin də təqdim edilməsinə təkan olacaq.

Sonda tikinti işlərinin başlanmasını ifadə edən giliz təmələ buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271