SOSİUM

Qadın böyük qüvvədir?! - ARAŞDIRMA
16 İYUN
1707

Qadın böyük qüvvədir?! - ARAŞDIRMA

2016-06-16 16:39:00

Azərbaycan demoqrafik maskulinizasiyaya məruz qalıb və bu vəziyyətin 2050-ci ilə qədər davam edəcəyi proqnoz olunur. Yəni, ana olacaq qadınların sayının azalması nəticəsində doğuşların sayı düşəcək, kişilərimizin evlənməsi üçün qadınlar çatışmayacaq, ailə institutu çətinliklərlə üzləşəcək, xüsusilə cinsi azlıqların sayının sürətlə artması üçün münbit zəmin yaranacaq. Əgər nəzərə alsaq ki, 1998-ci ildə hər doğulan 100 qıza 118 oğlan düşüb və bugün həmin uşaqların 18 yaşı var, deməli biz artıq fakt qarşısındayıq. Odur ki, qız olduğu üçün “məhvə məhkum etmə” yolu olan selektiv aborta qarşı mübarizəyə başlamaq lazımdır. Lakin bu, mübarizə hüquqi aktlar, müasir texnologiyaların tətbiqinə qarşı yox, şüurların dəyişməsinə qarşı olmalıdır. Elə alxışlardan başlamaq lazımdır : 7 oğul istərəm, 1-cə yox, 7-cə də qız! 

Maskulinizasiya nədir?

Terminoloji axtarışlarımızın nəticəsi: mascullins - kişi deməkdir. Bu termin bütün sahələrdə kişilərin önə keçməsi, onların cinsi say çoxluğudur. Bu termin vaxtilə kişilərin diskriminasiyasının qarşısını almaq üçün “kişi hərəkatı” kimi tarixdə qalıb. Müasir anlamda maskulinizasiya – əhali sayında, valideyn hüquqlarında, sosial münasibətlərdə, təhsil, məşğulluq və s. sahələrdə kişilərin sayının normanı ötərək, böyük çoxluq təşkil etməsidir.

Qız qızıla dönüb…

Azərbaycan doğulan oğlanların və qızların arasında fərq səviyyəsinə görə dünyada Hindistanı da qabaqlayaraq ikinci yerə yüksəlib: hər doğulan 100 qıza-116 oğlan. Halbu ki, normal nisbət 100/106-ya olmalıdır. Bu reytinq üzrə birinci kürsüdə isə Çin əyləşib: hər doğulan 100 qıza – 120 oğlan. Bu ölkədə əhalinin sayının çoxluğunu və artımını nəzərə alsaq, qadınların azalması ilə doğuşların düşməsinə nailolma siyasətini başa düşmək olar. Biz hətta qızı üçün valideynləri yaxşı ər axtaran Hindistandan da çox oğlanistəyən olmuşuq. Çünki Hindistanda doğulan uşaqlar arasında cins nisbəti 100/108-dir. Qonşu Gürcüstanda isə bu nisbət 100-111-dir. Araşdırmalara görə, bu ölkədə də dizbalansın yaranmasında Gürcüstan azərbaycanlılarının oğlan ata-anası olmaq “şərəfi”nin böyük rolu var. Müsəlman ölkələri olan İran və Türkiyədə, eləcə də ərəb ölkələrində bu göstərici bioloji norma daxilindədir. Yəni, bu göstəricilərin bizim “müsəlmançılığımızla” heç bir əlaqəsi yoxdur. Ümumilikdə ötən 50 ildə Azərbaycanda nəsilvermə əmsalında tənəzzül müşahidə edilib. Belə ki, 1961-ci ildə qeydə alınan 5.6 nəsilvermə əmsalı 2001-ci ildə 1.8-ə düşüb. Sonrakı 10 il ərzində isə artım dinamikası izlənilib və bu göstərici 2.3-ə yüksəlib. Lakin qarşıdakı illər üçün proqnozlar da enişi göstərir. BMT-nin Əhali Fondunun hesabatına görə, 2019-cu ildən başlayaraq, Azərbaycanda doğuşlar yenidən düşəcək. Həmçinin iqtisadi aktiv təbəqənin sayının azalması ilə parallel əhalinin uzunömürlük səviyyəsi artacaq.      

Qadın böyük qüvvə imiş…

Bətnində həmcinsi olduğu üçün aborta məruz qalan da qadındır. 34-35 yaş arası qadınlar arasında hamiləliklərin ¾ hissəsi abortla nəticələnir. Çünki ailə ondan oğlan uşağı gözləyir. Məsələn, birinci hamiləlikdə abortla nəticələnmə 1.9%, ikinci hamiləlikdə 17,9%, üçüncü hamiləliyin 51,2%, dördüncü hamiləliyin 70%, beşinci hamiləliyin isə 80,4 %-i abortla nəticələnib. Abortların sayının yüksəlməsində selektiv abortun böyük payı var. Çünki birinci, ikinci uşağı qız olan valideynlər artıq oğlan arzusu ilə qızları məhvə məhkum edirlər. 2014-cü ildə rəsmən qeydə alınan 28 min abortun yalnız 8000 mini abortdur. Yerdə qalan 20 min abort uşağın cinsinin bəlli olduğu 3-cü aydan sonra edilib. Abortların 40%-i valideynlərin arzusu ilə, 25%-i həyat səviyyəsinə görə, 23%-i sosial, 12%-i isə tibbi göstərişlərə görə baş verir.

Bütün doğum ardıcıllığı üzrə oğlanların sayı qızların sayını üstələyir və bu, bioloji normadan çox yüksək hesab olunur. Belə ki, 2-ci uşaqlar arasında hər 100 qıza 112 oğlan, 3-cü uşaqlar arasında 151 oğlan, 4-cü və daha sonrakı doğulan uşaqlar arasında bu göstərici 166-dır. Daha bir maraqlı faktı nəzərinizə çatdıraq ki, Azərbaycandakı mövcud ailələrin 3.3 faizinin övladı yoxdur. 25 faizinin 1 oğlu var, 23 faizinin 1 qızı var. İki oğlu olan ailələr 59, iki qızı olan ailələr 54 faizdir. 1 qızı 1 oğlu olan ailələr 65,7 faiz təşkil edir. 3 oğlu olanlar 70,9, iki qardaşın 1 bacısı olan ailələr isə 80,9 faizdir. Göründüyü kimi, rəqəmlər bu mənzərəni daha açıq şəkildə göstərir. Bugün rəsmi orqanlar da bu problem yaxşı bilirlər və “oğlum, vaxtında evlən 3-4 ildən sonra qız qıtlığı olacaq”- bir zarafata çevrilib. Bizimkilər sözü zarafatda deməyə öyrəşiblər axı…     

Səbəb və nəticələr

BMT-nin ekspertləri mövcud vəziyyətin əsas səbəbləri kimi nəsilvermədə tənəzzülü və müasir ultrasəs müayinəsini, qadınların məşğulluq səviyyəsinin artmasını göstərirlər. Bunu statistika da təsdiqləyir. Məsələn, 1990-ci illərə qədər Azərbaycanda qadınların 61%-i işçi qüvvəsi idisə, indi 66%-dir.  Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin açıqlamasına görə,Şərqi Avropa və MDB məkanında ilk dəfə Azərbaycanda 1999-cu ildə Demoqrafik İnkişaf Konsepsiyası, 2004-cü ildə isə demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilib. Hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər, bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər.

Oğlanlar və qızlar arasında bioloji balansın pozulması üzrə əsas nəticələri daha da konkretləşdirək: erkən nigah, zorakılıq, gender bərabərsizliyi, insan alveri, kriminal səviyyənin artması.  

Təkliflər:        

İdris İsayev - Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Aynur Veysəlova -  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi:

Sözsüz ki, bunu tək qadınlarla aparmaq birtərəfli nəticə verir. Maarifləndirməni həm qadınlarla, həm kişilərlə, həm də ali təhsil müəssisələridə aparmaq lazımdır. 

Musa Quliyev - Milli Məclisin deputatı

Müəyyən addımlar atılmalıdır, çünki Azərbaycanda demoqrafik göstəricilər dəyişməyə başlayıb. Oğlanların sayı qızların sayını üstələyir, biz ciddi problemlə üzləşə bilərik. Xaricdə uşağın cinsinin yoxlanması qadağandır, ancaq istisna hallarda məsələn, genetik xəstəliklər olduğu təqdirdə buna icazə verilir.   

Gülnarə Rzayeva - Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri

Ailə planlaması, müasir kontraseptiv vasitələrdən istifadə ilə bağlı təbliğat genişlənməlidir. Qadınlarımızın və kişilərimizin şüurlu, savadlı şəkildə bu məsələlərə baxışlarını dəyişmək lazımdır.     

Fərid Babayev: BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin  rəhbəri

Qadağalar ilə bu problemləri həll etmək mümkün deyil. Ana və Uşaq sağlamlığı, Ailə Planlaması proqramları bir-birinə inteqrasiya edilməlidir. Bütün müvafiq qurumlar bu məsələyə cəlb olunmalıdır.Təbliğat hərəkatına başlamaq lazımdır.

 

 

Yazı BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275