SOSİUM

UNEC regionda 4-cü yerə yüksəlib
14 İYUN
230

UNEC regionda 4-cü yerə yüksəlib

2016-06-14 16:42:00

QS reytinq agentliyinin 2016-cı il iyunun 14-ü üçün inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu üzrə sıralaması açıqlanıb. Reytinq regionun 30 ölkəsinin 500-dən çox universiteti arasında aparılıb. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya Universitetlərinin reytinqində iqtisadyönümlü 4-cü universiteti olmaqla, regionun ən yaxşı 200 universiteti arasında qərarlaşıb.Universitetdən fins.az-a verilən məlumata görə, reytinq 9 indikator üzrə aparılıb: akademik reputasiya, məqalə üzrə sitat sayı, işəgötürənlərin reputasiyası, müəllim tələbə nisbəti, elmi dərəcəsi olan müəllimlərin sayı, əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti, əcnəbi tələbələrin yerli tələbələrə olan nisbəti, veb təsir və məqalə sayının müəllim sayına olan nisbəti.

Akademik reputasiya indikatoru üzrə  göstəricilər ali təhsil müəssisələrinə öz akademik fəaliyyətlərinin mövcud vəziyyətini təhlil etmək imkanı verir. Bu zaman dünya üzrə rəy verənlərin cavabları əsas götürülür. Qiymətləndirmə zamanı bu il 77000-dən çox rəy toplanıb. Reytinqdə 30% olmaqla ən böyük çəkiyə malik akademik reputasiya indikatoru üzrə UNEC-in əldə etdiyi qiymətləndirmə 39.4-dür. 

Veb təsir, yəni universitetlərin yeni texnologiyalardan səmərəli istifadəsi indikatoru üzrə reytinqdə UNEC-in internet resurslarının effektivliyi 52.6 balla qiymətləndirilib. Burada əsas olaraq Webometrics qiymətləndirmələri götürülür ki, 2015-2016-cı illər üzrə bu reytinqdə UNEC ölkə üzrə birinci yerdə qərarlaşıb.

İşəgötürənlərin reputasiyasında ötən illərin göstəricilərinə nisbətən xeyli irəliləyiş var. Bu indikator üzrə ümumilikdə 2016-cı il üçün 44200-dən çox rəy toplanıb. Müxtəlif  biznes qurumlarının verdiyi səsvermə əsasında UNEC-in yekun balı 22.2 olub. Qiymətləndirmə universitet məzunlarının müxtəlif müəssisələrə işə götürülməsinin təhlil olunmasına köməklik göstərir. 

Müəllim və tələbə sayı nisbəti indikatoru üzrə bal 22.1 olub. Burada müəllim heyəti sayının tələbə sayına olan nisbəti əsas götürülür. Müəllim sayına düşən məqalələrin orta sayının göstəricisi 1.1 olub ki, bu da Azərbaycan ali təhsil müəssisələri arasında ikinci ən yaxşı göstəricidir. Bura ali təhsil müəssisələrinin SCOPUS bazasında indeksləşən məqalələrin sayı daxildir. Bu indikator üzrə UNEC-in irəliləməsinə əsas səbəblərdən biri bu ildən etibarən UNEC-də ilk dəfə olaraq, pedaqoji heyətin motivasiyasını təmin etmək və müəllimlər arasında rəqabət mühitini gücləndirmək məqsədilə tətbiq olunan differensial əmək haqqı sistemi olub. 

Elmi dərəcəsi olan müəllimlərin sayı indikatoru üzrə də UNEC irəliləyiş əldə edib. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələri olan müəllimlərin sayının ümumi müəllimlərin sayına olan nisbəti  55.9% təşkil edir ki, bu da UNEC-ə 10.4 bal qazandırıb. 

Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti indikatoru üzrə alınan bal 10.8, əcnəbi tələbələrin sayının yerli tələbələrin sayına olan nisbəti indikatoru üzrə isə toplanan bal 4.9 olub.

QS haqqında:

QS Quacquarelli Symonds LTD dünya üzrə ali təhsil müəssisələrinin reytinqini 2004-cü ildən etibarən aparır. Reytinq inkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya regionu, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika regionu, Asiya, Latın Amerikası və Ərəbistan regionları üzrə ali təhsil müəssisələrinin sıralamasını müəyyən edir. Dünya üzrə reytinq sıralaması isə hər ilin sentyabrında açıqlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274