SOSİUM

3 rayonu sel basdı
13 İYUN
420

3 rayonu sel basdı

2016-06-13 10:15:00

Həftəsonu regionlarda yağan leysan yağışları nəticəsində sel suları 3 rayonda ciddi fəsadlar törədib. Fins.az-ın APA-ya istinadən xəbərinə görə, İsmayıllı, Göyçay və Şamaxıda evləri və əkin sahələrini sel suları basıb.

İsmayıllı

2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması nəticəsində yaranan sel suları İsmayıllının 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat var. Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Sel suları yolun 8 və 23-cü kilometrliyində hərəkət zolağını dağıdaraq nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Təbii fəlakət nəticəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi tamamilə dağılaraq yararsız hala düşüb. İsmayıllının 10-a yaxın kəndi ilə Qaraməryəm-İsmayıllı avtomobil yolu arasındakı Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel suları yuyub apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı içməli su kəməri üçün təhlükə yaratdığı üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb olunub. Dörd tərəfi dağlarla əhatə olunan bu kəndlərdə sel suyunun hündürlüyü bəzi yerlərdə bir-iki metrdən çox olduğu üçün sakinlər evlərin eyvanlarına və damına çıxıblar.

Ümumilikdə 200-dən çox evin zirzəmisi və həyətyanı sahələri su basıb, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililər dağılıb, küçələrdə dərin yarğanlar, keçilməz su gölməçələri və lil qatı əmələ gəlib, təbii qaz xətti qırılaraq yararsız hala düşüb. Kənd sakinləri görünməmiş təbii fəlakətlə üzləşdiklərini və heç vaxt belə güclü yağış və sel sularının şahidi olmadıqlarını bildiriblər. Kəndlərin daxilindən keçən su arxları daşaraq kənardakı evlərə, əkin sahələrinə ciddi ziyan vurub, həyətləri qalın lil qatı örtüb. Hazırda kəndlərdə sel və daşqınlar davam edir.

Güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilişi dayanıb. Bəzi yerlərdə rabitə və elektrik dirəkləri, meyvə ağacları yıxılıb, naqillər qırılıb, meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib. Hadisə baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin işçiləri cəlb olunub.

Göyçay

Göyçay rayonuna yağan güclü leysan yağış nəticəsində yaranan sel suları evlərə və əkin sahələrinə ciddi ziyan vurub.Dağlardan gələn sel rayonun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə, Qarayazı kəndlərində də fəsadlar törədib. Sel suları həyətyanı sahələrə, mənzillərin zirzəmilərinə, tövlələrə dolub, bostan və otlaq sahələrinə xeyli ziyan vurub, kənd sakinlərinə məxsus ev quşlarını, meyvə ağaclarını, xırda buynuzlu heyvanları və bir ədəd minik avtomobilini sel aparıb. Həyətlərdə gölməçələr yaranıb, beton və metal suötürücüləri, eləcə də su arxları üzərindəki kiçik körpülər dağılıb. Sel suları küçələrdə dərin yarğanlar əmələ gətirib, hektarlarla taxıl sahəsinə ciddi ziyan vurub. Güclü sel səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsi bir saata yaxın bağlı qalıb. Sel suları Dəvəbatan çayı, Aşağı Qaraməryəm və İnçə kəndləri ərazisindən keçən xırda adsız dağ çayları üzərindəki körpüləri də dağıdıb.

Şamaxı

Şamaxıda da güclü yağışdan sonra əmələ gələn sel suları rayonun bəzi ucqar dağ kəndlərində ciddi fəsadlar törədib, fərdi təsərrüfatlara, əkin sahələrinə, taxıl və otlaq sahələrinə xeyli ziyan dəyib, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub. Bir həftədir, rayona yağan yağışlar çaylarda suyun səviyyəsinin artmasına səbəb olub. Rayonun əsasən Pirsaat çayı ətrafındakı kəndlərini sel basıb. Dəmirçi, Zaratxeybəri və Səfalı kəndlərinə gedən yolda, çayın uzərində yerləşən körpüləri sel aparıb. Buna görə də kəndlərin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Hazırda Göyçay və Şamaxı rayon İcra Hakimiyyətlərinin nümayəndələri seldən zərər çəkən ərazilərə baxış keçirirlər. 

***

Ötən gün İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır. "Azəravtoyol" ASC-dən verilən xəbərə görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayiət olunmayıb. Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır. Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272