SOSİUM

“Akademiyada universitetlər yaradıla bilər” - AKİF ƏLİZADƏ
07 İYUN
215

“Akademiyada universitetlər yaradıla bilər” - AKİF ƏLİZADƏ

2016-06-07 17:36:00

Ölkə başçısının magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilmməsi ilə bağlı qərarı elmin inkişafına təkan verəcək. Yeni qərarın magistr və doktorantlar arasında oğlanların sayının artmasına da təsir edəcək.

Fins.az-ın məlumatına görə, AMEA-nın prezidenti Akif Əlizadə elmlə təhsilin vəhdətinin vacibliyinə həsr olunan konfransda bu haqda danışıb. Bildirib ki, hazırda tədqiqatçıların böyük əksəriyyəti qadınlardır. Yeni qərarın magistr və doktorantlar arasında oğlanların sayını artıracaq  və fasiləsiz təhsili təmin edəcək. AMEA-nın prezidenti Təhsil Nazirliyi ilə birlikdə universitetlərlə əlaqələri genişləndirməyin üstünlüklərindən danışıb. Bildirib ki, akademiyada universitetlər yaradılarsa, onlar gələcəkdə mükəmməl elm təhsil mərkəzlərinə çevriləcək.

AMEA  ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə “Elm və təhsilin vəhdəti: Qlobal çağırışlar və lokal imkanlar” mövzusunda keçirilən elmi konfransda universitetin rektoru Ədalət Muradov elm, təhsil və təcrübənin vəhdəti olmadan biznesin uğur qazanmayacağını qeyd edib. Rektor elmi tədqiqatların aparılmadığı universitetin orta məktəbdən fərqlənmədiyini vurğulayıb: “Tədbirin əsas müzakirə mövzusu AMEA ilə UNEC arasında əməkdaşlıq olacaq. İstəyirik ki, müəllimin pedaqoji fəaliyyəti onun elmi tədqiqatları əsasında qiymətləndirilsin”

AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, EA-nın müxbir üzvü Nərgiz Axundova “İqtisadi biliklərin tədrisinin ictimai elmlər sahəsində əhəmiyyəti” mövzusunda danışıb: “O ölkə rəqabət sistemində üstünlüyə nail ola bilər ki, orada bilik iqtisadiyyatı öz əksini tapsın. Gələcək iqtisadiyyatın təməli elm və təhsilin vəhdətindədir. Akademik təhsillə biznes biliklərinin birləşməsi iqtisadi dinamikaya gətirib çıxaracaq”. Nəzəriyyə ilə təcrübənin bir-birindən uzaq düşdüyünü vurğulayan N.Axundova bu proseslərdə elmi tədqiqatların vacibliyini qeyd edib. Bildirib ki, elmi tədqiqatla məşğul olan müəllim iqtisadiyyatda gedən prosesləri daha yaxşı görə bilir.

UNEC-in elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elm və təhsilin sintezi: dünya təcrübəsi və aktual meyllər” mövzusunda məruzə ilə çıxış edib. Professor elmi fəaliyyəti gücləndirmək, alimləri beynəlxalq aləmdə tanıtdırmaq məqsədi ilə, dünya təcrübəsini rəhbər tutaraq, ölkədə Elmi İstinad İnstitutunun təsis olunmasının vacibliyini vurğulayıb. Z.Məmmədov, eyni zamanda, professor-müəllim heyətinin elmi tədqiqat fəaliyyətinin yüksəldilməsi məqsədilə dərs yükünün azaldılmasını və bakalavr pilləsində “Elmi tədqiqatın əsasları” fənninin tədris olunmasını, tədrisə isə AMEA-nın professorlarının cəlb olunmasını təklif edib. Professor həmçinin, UNEC nəzdində Bakı Ali Bank Məktəbinin açılması fikrini də irəli sürüb.

.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272