SOSİUM

Binəqədi bələdiyyəsi Xəzərin sahilini satıbmış - AÇIQLAMA
03 İYUN
556

Binəqədi bələdiyyəsi Xəzərin sahilini satıbmış - AÇIQLAMA

2016-06-03 17:32:00

Əmlak Məsələləri Dövlət Komitəsi torpaqların əsassız zəbt olunması, torpaqlarda təyinatına zidd aparılan özbaşına tikinti hallarının, dənizkənarı mühafizə zolaqları ilə bağlı pozuntuların qarşısının alınması üzrə torpaq reydləri və monitorinqləri intensivləşdirib.

Komit’d’n Fins.az-a verilən xəbərə görə, bu istiqamətdə həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır. Belə ki, komitənin torpaq müfəttişləri Binəqədi rayonunun Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrində və Abşeron rayonunda növbəti monitorinq və reydlər keçirib. Yoxlama zamanı Binəqədi bələdiyyəsinin Xəzərin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağındakı torpaqlardan qanunsuz olaraq torpaq sahələrinin ayırması məlum olub. Bu hallar vətəndaşların Xəzər sahilində istirahət hüququnu məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Nəticədə narazılıqların meydana gəlməsinə gətirib çıxarır.

Eləcə də bax: 1 hektara 100 manat vergi - QANUN İMZALANDI - TAM MƏTN

Reydlər zamanı məlum olub ki, Abşeron rayonunda 104 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi fiziki şəxslərə icarəyə verilib. Lakin vətəndaşlar bu torpaqlardan 50 hektar ərazini  qanunsuz olaraq hasarlayıblar. Digər hissədə isə hüquqi qaydada icazə olmadan tikinti aparılması üçün hazırlıq işləri görülüb.

Həmçinin torpaq reydləri zamanı Hövsan-Türkan yolunun şimal tərəfində, ayrı-ayrı şəxslər tərəfindən təqribən 1,9 hektar torpaq sahəsi heç bir qanuni torpaq ayırma sənədi olmadan, habelə dövlət qeydiyyatına alınmadan özbaşına zəbt olunaraq, hasarlanıb və müxtəlif tikinti işləri aparılıb.

Qeyd edək ki,  2016-cı ildə torpaq müfəttişləri tərəfindən 500-ə yaxın torpaqlarda istifadə ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Bu hallar əsasən  dövlət və bələdiyyə mülkiyyətinə aid torpaq sahələrində zəbt etmələr, hüquqi rejiminə zidd istifadə halları, habelə torpaqların təyinatına uyğun olmayaraq süni balıq göllərinin, daş və  gil-çınqıl karxanaları yaradılması, torpağın üst münbit qatının korlanmasıdır. Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı, vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən dövlət müfəttişləri və müfəttişlər tərəfindən belə hallara dair 930-dan çox hüquqi və fiziki şəxslərə xəbərdarlıq edilmiş, 230-dan çox halla bağlı inzibati protokol tərtib edilib, 170 halla bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. 

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsvirini hazırlayıb. Sənəd Nazirlər Kabinetində təsdiq edildikdən sonra özbaşına tikinti hallarının qarşısının alınması ilə bağlı tədbirlər sürətlənəcək.

Onu da deyək ki, Xəzər dənizinin Azərbaycana məxsus olan hissəsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki şəxslər 4 min manat,  vəzifəli şəxslər 8 min manat, hüquqi şəxslərlər isə 40 min  manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Fərdi torpaqların istifadəsi və mühafizəsi ilə bağlı qanunvericilik də sərtləşdirilib, cərimə və sanksiyalar, bəzi hallarda cinayət məsuliyyəti müəyyən edilib. Torpağı özbaşına hasarlama, becərmə və ya dəyişdirməyə yol verənlər 8-10 min manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulub. Torpağın vəziyyətinə zərərli təsir göstərən tikintilərə görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimələnir.

Torpaqların istehsalat və ya kimyəvi təsirdən korlanmasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10000 manatadək cərimə ödəməlidir. Torpaqların münbit qatının korlanmasına görə fiziki şəxslərə 600 manatdan 1000 manatadək, vəzifəli şəxslərə 2000 manatdan 3000 manatadək, hüquqi şəxslərə isə 6000 manatdan 8000 manatadək cərimə tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270