SOSİUM

Nazirdən təhsil kreditləri ilə bağlı - AÇIQLAMA
31 MAY
273

Nazirdən təhsil kreditləri ilə bağlı - AÇIQLAMA

2016-05-31 14:14:00

Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır.

Fins.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə “2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı deputatların suallarını cavablandırarkən deyib.

"Təhsil kreditləri ilə bağlı konkret məlumat verə bilmərəm. Bu gün iqtisadi durumla bağlı, əsasən də inflyasiyanın nisbətən yüksək olduğunu nəzərə alsaq, 12-13%-lə təshil kreditlərinin alınması əlverişli olmaz.

Təhsil kreditlərinin təhsil müəssisələri tərəfindən verilməsi ilə bağlı müəyyən işlər aparılır. Həm Təhsil Nazirliyi, həm də Maliyyə Nazirliyi tərəfindən işlər görülür. Bu barədə yaxın gələcəkdə, payız sessiyasında müəyyən məlumat veriləcək".Nazir həmçinin AZAL-ın dövlət zəmanətli borclarının həcminin 650 mln. manatdan artıq olduğunu qeyd edib.

“AZAL- la bağlı məsələ daim hökumətin diqqətindədir. AZAL-a dövlət tərəfindən mütəmadi yardımlar göstərilir. Bura həm güzəştli şərtlərlə yanacağın satılması, həm dövlət zəmanəti ilə kreditlərin verilməsi, müəyyən dövrlərdə borcların silinməsi daxildir.

Qeyd edim ki, AZAL-ın dövlət zəmanətli borclarının həcmi 650 mln. manatdan artıqdır. Bu vəsaitlər yeni təyyarələrin alınması və digər məqsədlərə istifadə olunmalıdır. Həmin təyyarələrdən səmərəli istifadə etmək, şirkətin gəlirliliyinin artılmasına şirkət tərəfindən üstünlük verilməlidir”.

O qeyd edib ki, dövlət borcuna xidmətlə bağlı hər hansı problem olmayıb. Samir Şərifov bildirib ki, pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb.

"Prezidentin təsdiq etdiyi pensiya islahatına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtda Nazirlər Kabineti tərəfindən prezidentə təqdim ediləcək. Daha sonra parlamentə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır.

Diplomatlara gəlincə, Maliyyə Nazirliyi tərəfindən xüsusi qaydalar təklif olunub. Təklif olunur ki, xaricdə çalışan zamanı əmək haqqının 25%-i pensiya kapitalına yönəldilsin. Lakin Xarici İşlər Nazirliyi (XİN) buna münasibət bildirməyib. Hesab edirəm ki, təklifin qəbulu diplomatların xeyrinə olardı". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274