SOSİUM

Azərbaycanda maaşları necə artırmalı?
26 MAY
614

Azərbaycanda maaşları necə artırmalı?

2016-05-26 14:29:00

İlk devalvasiyadan sonra keçən bir il müddətdə Azərbaycanda orta maaş göstəricisi dollar ifadəsi ilə 1,8 dəfə azalıb.

Fins.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, əgər 2014-cü il üzrə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı dollar ifadəsində 570 dollar olubsa, 2016-cı ilin aprel ayında bu göstərici 326 dollara, yəni 485,5 manata bərabər olub. Bununla da Azərbaycan orta maaş göstəricisi üzrə MDB üçüncülüyünü yenidən Belarusa uduzaraq dördündcü yerə düşüb. Belarusda bu göstərici 345 dollara bərabər olub. Apreldə Rusiyada orta maaş göstəricisi 433 dollara, Qazaxıstanda isə 410 dollara bərabər olub.  

Halbuki, 2015-ci ilin göstəricisinə görə, Azərbaycanda dollar ifadəsində orta maaş göstəricisi 431 dollara bərabər idi və bu, Belarusun 415 dollara bərabər olan orta maaş göstəricisini xeyli üstələyib. 2015-ci ildə Azərbaycan dollar ifadəsində orta maaş göstəricisinə görə yalnız Rusiyadan (558 dollar) və Qazaxıstandan (549 dollar) geri qalıb.  

Azərbaycanda orta maaş göstəricisi (dollarla)
Azərbaycanda orta maaş göstəricisi (dollarla)
Azərbaycanda orta maaş göstəricisi (dollarla)

Təbii ki, orta maaş göstəricisinin dollar ifadəsində azalması manatın devalvasiyası ilə bağlıdır. 2015-ci ildə baş vermiş devalvasiyalar nəticəsində manat dollar qarşılığında, demək olar ki, 2 dəfəyə qədər ucuzlaşdı. Nəticədə, nominal ifadədə nisbətən artmış maaşlar dollar ifadəsində kəskin azalmış oldu.

Yaranmış vəziyyət maaşların indeksasiyasını və orta maaş göstəricisinin qaldırılmasını tələb edir.

Amma istehlak bazarında qiymətlər əvvəlki kimi qalmadı və əksər idxal ərzaq məhsulları 50-60% arasında bahalaşdı. Əvvəllər iki nəfərlik ailə ayda orta hesabla 500 manata bərabər olan gəlirinin 200 manatını, yəni 40 faizini ərzaqa yönəldirdisə, indi bu, 300 manata, yəni 60 faizə qalxıb.      

Bu son bir neçə ildə Azərbaycanın ümumi pərakəndə ticarət dövriyyəsində ərzaq məhsullarının payının azaldılması üzrə apardığı ardıcıl siyasətin uğurlu nəticələrini məhv edə bilər. 2010-cu ildə bu göstərici 65%-ə, 2012-ci ildə isə 57%-ə bərabər olub, 2014-cü ildə isə 53,44%-ə düşmüşdü. 2015-ci ilin dekabr ayında bu rəqəm 50 faiz ətrafında dəyişib.  Yaranmış vəziyyət maaşların indeksasiyasını və orta maaş göstəricisinin qaldırılmasını tələb edir.  

İqtisad Universitetinin pofessoru, iqtisadçı ekspert Elşad Məmmədov ANS PRESS-ə müsahibəsində orta maaş göstəricisini yerli istehsala kreditlərin artırılması yolu ilə artırmağı mümkün sayır:

"Mərkəzi Bank 4-5 aydır ki, sərt monetar siyasət yürüdür, bu çərçivədə pul kütləsinin həcmi 40 faiz azaldılıb. Məqsəd odur ki, pul kütləsinin artıqlığı manata təzyiq göstərməsin".

Elşad Məmmədovun sözlərinə görə, pul kütləsinin bu qədər aşağı düşməsi iqtisadiyyatı yenidən idxal rejiminə keçirə bilər: 

"Orta maaş göstəricisi yerli istehsala kreditlərin artırılması yolu ilə indeksasiya edilə bilər".

"Pul kütləsi 11 milyard manatdan 7 milyard manata düşüb. Ümumi daxili məhsulda (ÜDM) pul kütləsinin payı əvvəl 15% idisə, indi 10%-dən aşağı düşüb. Banklar idxalı əvəz edən sahələrə kreditləri artırmalıdırlar. İstehlak kreditləri də məhz yerli məhsullara şamil edilməlidir. İndiyə kimi bankların verdiyi istehlak kreditləri iqtisadiyyatda məhz idxal rejiminin formalaşmasına səbəb olurdu. Banklar idxal malların satışını kreditləşdirirdi".

Əslində, məntiq aydındır. İstehsal sahələrinə verilən kreditlər yeni iş yerləri yarada bilər.  Nəticədə əhalinin bir qisminin gəlirləri arta bilər ki, bu da manipulyativ effekt verərək yeni iş yerlərinin, uyğun olaraq yeni gəlirlərin yaranmasına səbəb ola bilər. Nəticədə, ölkə üzrə ümumi milli gəlir arta bilər. Bu isə işçilərin seçim imkanını artırar və istər-istəməz orta maaş göstəricisinin yüksəlməsi ilə nəticələnər. Prosesin mütəmadi getməsi manatın məzənnəsi ilə bağlı heç bir problemə səbəb olmaz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274