SOSİUM

Sülh danışıqları ilə bağlı - Rəsmi bəyanat
17 MAY
423

Sülh danışıqları ilə bağlı - Rəsmi bəyanat

2016-05-17 09:05:00

Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün yekunlarına dair birgə bəyanat yayıb.Bəyanat qurumun rəsmi internet səhifəsində dərc olunub.

"Bu gün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Con Kerri və Fransanın Avropa məsələləri üzrə naziri Arlem Dezir Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün Ermənistan və Azərbaycan prezidentləri Serj Sarqsyan və İlham Əliyevlə görüşüblər.

Tərəflər münaqişənin hərbi yolla həlli variantının olmadığını təsdiq ediblər. Həmsədrlər 1994 və 1995-ci illərdə əldə olunan atəşkəs sazişlərinə əməl olunmasının vacibliyinə təkid ediblər.

Həmçinin prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiq ediblər. Onlar bundan sonrakı zorakılıq risklərini azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırmaçı mexanizmləri üzərində işi başa çatdırmaq barədə razılığa gəliblər. Dövlət başçıları, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin genişləndirilməsi barədə razılaşıblar. Və nəhayət onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında itkin düşən şəxslər haqqında məlumat mübadiləsinin davam etdirilməsi barədə razılıq əldə ediblər. Azərbaycan və Ermənistan prezidentləri bu məsələyə bağlılıqlarını hələ 2014-cü ilin oktyabrında Parisdə keçirilən görüş zamanı ifadə ediblər.

Prezidentlər hərtərəfli nizamlanmaya dair danışıqların bərpası məqsədi ilə danışıqların davam etdirilməsi üçün iyunda növbəti görüşün vaxtını və yerini müəyyən etmək barədə razılığa gəliblər", - deyə bəyanatda qeyd olunur.

"Bakı və İrəvan Dağlıq Qarabağla bağlı güzəştlərə köklənib"

"Güman etməyə əsas var ki, Bakı və İrəvan Dağlıq Qarabağla bağlı güzəştlərə köklənib, nizamlanma üzrə vasitəçilər buna kömək edəcəklər".

Bunu Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Güzəşt hər zaman mümkündür. Hər halda, əgər belə bir imkan olmasaydı, o zaman Rusiya, ABŞ və Fransa bununla məşğul olmazdı. Hədəfimiz münaqişənin tam olaraq nizamlanmasına doğru irəliləmək üçün işi sona çatdırmaqdır. Yəqin ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, bunu mərhələli şəkildə etmək lazım gələcək və nizamlanmanın birinci mərhələsinin parametrlərini razılaşdırmaq imkanı var", — deyə nazir jurnalistlərə bildirib.

"Güman etməyə əsas var ki, Azərbaycan və Ermənistanın elçiləri güzəştlərin formalaşdırılmasına köklənəcəklər. Biz bütün vasitələrlə buna kömək edəcəyik", — deyə Lavrov bildirib.

GÖRÜŞƏ MÜNASİBƏT BİLDİRİB

Ermənistan prezidenti Serj Sarqsyan Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşünə münasibət bildirib."RİA Novosti" xəbər verir ki, o, görüşü ümumilikdə "normal" adlandırıb.

"Normal. Düşünürəm ki, tezliklə bəyanat verəcəklər, eşidəcəksiniz", - deyə Sarqsyan jurnalistlərin görüşün necə keçməsinə dair sualını cavablandırarkən bildirib.

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak ediblər.

ATƏT Dağlıq Qarabağda baş verən insidentlərin araşdırılması üçün konkret addımlar atacaq

Azərbaycan və Ermənistan prezidentlərinin münaqişə zonasında vəziyyət gərginləşəndən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən ilk görüşdən sonra qoşunların təmas xəttində baş verən insidentlərin araşdırılmasına imkan verəcək konkret addımların atılması barədə razılıq əldə olunub.

Bu barədə Vyanada keçirilən görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"Razılığa gəldik ki, ATƏT təmas xəttindəki insidentlərin araşdırılmasına imkan verəcək konkret addımlar atacaq", — deyə nazir əlavə edib.

Növbəti görüşünün vaxtını və yerini razılaşdıracaq

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan cari ilin iyun ayında növbəti görüşün vaxtını və yerini razılaşdıracaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə parametrlərin müzakirəsini davam etdirəcəklər.

"RİA "Novosti" xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"İyunda Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşün vaxtını və yerini razılaşdıracaqlar və Dağlıq Qarabağ probleminin yekun olaraq həlli parametrlərini razılaşdırmaq üzrə işi davam etdirəcəklər", — deyə Lavrov Vyana görüşünün yekununda bildirib.

 Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272