SOSİUM

"Azərbaycan dövləti bu evlərin bərpasına vəsait ayıracaq"
02 MAY
236

"Azərbaycan dövləti bu evlərin bərpasına vəsait ayıracaq"

2016-05-02 17:23:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 1-də cəbhə bölgəsinə səfər çərçivəsində Ağdam rayonunun təmas xəttində yerləşən Mahrızlı kəndində olublar.

Dövlətimizin başçısı və xanımı Ermənistan ordusunun vəhşilikləri nəticəsində kənddə yaranmış vəziyyətlə tanış oldular, sakinlərlə görüşüblər.

Prezident İlham ƏLİYEV deyib:

-Sizi ürəkdən salamlayıram. Sizə öz hörmətimi, məhəbbətimi ifadə edirəm. Siz burada düşmənlə üz-üzə olan kənddə yaşayırsınız, yaradırsınız, qurursunuz. Azərbaycan xalqı sizinlə fəxr edir.

Mahrızlı sakini Allahverdi Məmmədov: Cənab Prezident, Siz təyyarənin pilləkənindən düşəndə, fəxri qarovulun qarşısından keçəndə, ingilis dilində çıxış edəndə mən fəxr edirəm.

Prezident İlham Əliyev: Mən gəlmişəm ki, bu ağır günlərdə sizinlə bərabər olum, sizə öz dəstəyimi, hörmətimi, məhəbbətimi ifadə edim. Bilirsiniz ki, aprel ayının əvvəlində Ermənistanın silahlı təxribatı nəticəsində bizim mövqelərimizə hücum çəkildi, biz şəhid verdik, o cümlədən mülki əhali arasında həlak olanlar olmuşdur. Ermənistan görəndə ki, təmas xəttində, döyüşdə məğlub olur, bax, bu çirkin əməllərə əl atır. Yenə də mülki əhalini hədəfə götürür, necə ki 1990-cı illərin əvvəllərində. O vaxt da mülki əhali ilə müharibə aparırdı. Əliyalın əhali ilə müharibə aparmaq böyük hərbi cinayətdir. Ancaq Azərbaycan Ordusu onlara layiqli cavab verdi, yerinə oturtdu. Təmas xəttində tam üstünlük əldə etmişik. Bu gün hərbi hissədə olarkən hərbçilər mənə bir daha məruzə etdilər. Gedən döyüşlərlə, indiki vəziyyətlə bağlı, əlbəttə ki, məlumatım var. Qəhrəman Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, Vətəni ləyaqətlə qoruyur, düşmənə layiqli cavab verir. Əgər bir daha bizə qarşı təxribat, o cümlədən silahlı təxribat törədilərsə, yenə də Azərbaycan Ordusu öz sözünü deyəcək.

Dağılmış bu evlər erməni faşizminin təzahürüdür. Görün, bu evləri nə günə qoyublar. Orada yaşayanlar, onlar necə olacaqlar? Onlara əlbəttə ki, Azərbaycan dövləti öz dəstəyini göstərəcəkdir. İndi komissiya işləyir, aktlaşma gedir. Bütün dəymiş ziyan qeydə alınır və Azərbaycan dövləti bu evlərin bərpası, tamamilə dağılmış evlərin tikintisi üçün vəsait ayıracaq. Mən onu təşkil edəcəyəm, siz narahat olmayın, bütün dəymiş ziyana kompensasiya veriləcək və dağılmış evlər bərpa olunacaq, yenidən tikiləcək.

Tərtər və Ağdam rayonlarında 500-dən çox evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb. Budur, erməni faşizminin eybəcər sifəti. Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır, aparmır və aparmayacaq. Ancaq Ermənistan, görün hansı çirkin işlərlə məşğuldur.

Bu yaxınlarda buraya bir qrup xarici jurnalist ezam olunmuşdur. Onlar bütün bu dağıntıları gördülər, çəkdilər, lentə aldılar. Bu, sənəddir və bu sənəd əsasında biz hüquqi müstəvidə öz addımlarımızı atacağıq. Azərbaycan Ordusu Azərbaycanı, Azərbaycan vətəndaşlarını qoruyur. Siz, düşmənlə üz-üzə yerləşən kəndlərdə yaşayan insanlar böyük cəsarət nümayiş etdirirsiniz. Sizin yaşamağınız, fəaliyyətiniz, öz torpağınıza bağlılığınız hər bir vətəndaş üçün bir nümunə olmalıdır. Düşməndən qorxmadan burada öz torpağınızda yaşayın. Biz öz torpağımızda yaşayırıq. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, heç vaxt torpaq iddiasında olmamışıq. Ancaq imkan verə bilmərik ki, bizim torpaqlarımız işğal altında qalsın.

Əminəm ki, işğala son qoyulacaq, Ağdam rayonu da, digər rayonlar da tamamilə azad olunacaq. Çünki bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə tam üstünlük əldə edib. Aprelin əvvəlində Ermənistan tərəfindən bizə qarşı törədilən silahlı təxribatın qarşısını alan Azərbaycan Ordusu bir daha gücünü göstərdi. Düşmən layiqli cavabını aldı və əminəm ki, bundan sonra özü üçün lazımi nəticələr çıxaracaq.

Biz indi güclü mövqedəyik. Bizim işimiz haqq işidir. Beynəlxalq hüququn bütün norma və prinsipləri bizim mövqeyimizi dəstəkləyir. Artıq bütün dünya bilir ki, bizim torpaqlarımız işğal altındadır. Əgər müstəqilliyimizin ilk illərində erməni lobbisi və satılmış ermənipərəst dünya siyasətçiləri tərəfindən münaqişə ilə bağlı təhrif olunmuş fikir var idisə, bu, artıq yoxdur. Artıq hamı bilir, sənədlər var, sübutlar var. Biz siyasi və diplomatik sahələrdə böyük iş aparmışıq, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini məlumatlandırmışıq. İndi hamı bilir ki, Azərbaycan torpaqları işğal edilib. Artıq bu məsələ ilə məşğul olan vasitəçilər də deyirlər ki, bu vəziyyət dözülməzdir. Biz bunu iyirmi ildən çoxdur ki, deyirik. Vəziyyət dəyişib. Təmas xətti artıq əvvəlki təmas xətti deyil. Bunu hamı bilir.

Ərazi bütövlüyü hər bir ölkə üçün əsas prinsipdir. Bizim ərazi bütövlüyümüz toxunulmazdır, bərpa olunmalıdır, bərpa ediləcəkdir. Yaxşı olardı ki, bu, danışıqlar yolu ilə olsun. Biz buna çalışırıq. Hesab edirəm ki, danışıqlar masasında bizim mövqeyimiz indi daha da möhkəmdir. Bu gözəl vəziyyəti yaradan şanlı Ordumuza eşq olsun! Ordumuzun sizin kimi əsgərləri var, öz yerindən tərpənmirlər. Baxmayaraq ki, başınızın üstündən mərmilər uçur, evlər dağılır, insanlar həlak olur, yaralanır, siz burada durmusunuz, möhkəm də duracaqsınız.

Kənd sakini Südeyif Məhərrəmov göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına sakinlərin minnətdarlığını çatdıraraq dedi: Möhtərəm cənab Prezident, Ali Baş Komandan. Ağdam əhalisi adından, təmas xəttində yaşayan bütün insanlar adından bizimlə görüşə gəldiyiniz üçün Sizə dərin təşəkkürümüzü bildiririk.

Aprel ayının əvvəllərində erməni militaristlərinin, mənfur ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təxribatın qarşısını Azərbaycan Ordusu layiqincə aldı. Biz bunu dəstəkləyirik, bu yerdə bərk dayanmışıq. Bizə arxayın ola bilərsiniz, möhtərəm cənab Prezident, Ali Baş Komandan. Sizin bütün xarici və daxili siyasətinizi bəyənirik, öz yerimizdəyik, heç bir yerə də getməyəcəyik. Biz Sizinlə, Ordumuzla fəxr edirik.

Sakin Sevil Qarayeva: Hörmətli Prezident, arzu edirəm Ağdam alınsın, Siz gələsiniz və Sizin gəlişinizə çoxlu qurbanlar kəsək. Başınız Murov dağı kimi uca olsun.

Prezident İlham Əliyev: Sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270